FED uçot dərəcəsini artırdı

FED uçot dərəcəsini artırdı

22-03-2018 21:56 / Bu xəbər 2705 dəfə oxundu

''Azərbaycanda idarəolunan məzənnə siyasəti qalır''

Federal Ehtiyatlar Sistemi (FED) martın 21-də uçot dərəcəsini 1,5- 1,75 faizədək artırıb.

Sonuncu dəfə FED dekabrın 13-də uçot dərəcəsini artırmışdı. Həmin vaxt uçot dərəcəsi 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək qaldırılmışdı.

İqtisadçı Rövşən Ağayev deyir ki, indiki şəraitdə bu qərarın Azərbaycan milli valyutasına dollar qarşılığında təsiri olmayacaq. Bunun isə 2 səbəbi var:

"Birinci, Mərkəzi Bank rəhbərliyinin hansı bəyanatlar verməsindən asılı olmayaraq, Azərbaycanda idarəolunan məzənnə siyasəti qalır. İkinci, ötən ildən tədiyyə balansı müsbət saldoya keçib. Nəzərə alın ki, neftin qiymətinin yüksək olması, idxalın müəyyən qədər azalması və xidmət ixracının əvvəlki illərlə müqayisədə artması Azərbaycanda ilk dəfə olaraq 2015-ci ildən sonra tədiyyə balansı müsbət saldoya keçib. Belə bir situasiyada milli valyutanın ucuzlaşması praktik olaraq mümkün deyil".

Rövşən Ağayev

İqtisadçı deyir ki, yalnız hökumət maraqlı olduğu zaman ixracı stimullaşdırmaq üçün məzənnəni dəyişilə bilər: "Yaxud hökumət borc formasında kapital axınını ala bilməsə, buna gedər. Ancaq bu ehtimal da yoxdur. 2017-ci ilin hesabatları göstərir ki, hökumətin həddən artıq xarici borc almaq imkanı hələ var. Baxmayaraq ki, neftin qiymətinin düşməsi hökumətin kredit reytinqini aşağı saldı, ancaq qiymətin artması rəsmi Bakıya beynəlxalq təşkilatlar arasında müəyyən bir etimadı saxlayır”.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25 faiz) həddədək aşağı salıb.