Ermənistanda parlament seçkiləri ilə bağlı kampaniya başlayıb

Ermənistanda parlament seçkiləri ilə bağlı kampaniya başlayıb

28-11-2018 15:27 / Bu xəbər 1421 dəfə oxundu

Məqalə JAMnews saytında dərc olunub.

Yeni və köhnə hakimiyyət nə vəd edir?

Ermənistanda dekabrın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı kampaniya start götürüb. Seçkilərdə on bir partiya və blok iştirak edəcək.
"İnqilabi” hakimiyyət kampaniyaya regionda görüşlərdən başlayıb.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan "Mənim addımım” blokunun siyahısına rəhbərlik edir. O, seçkiöncəsi kampaniya zamanı seçicilərlə iş vaxtında da şəxsən görüşmək üçün iki həftəlik məzuniyyət götürüb. Paşinyan seçkiöncəsi kampaniyaya Şirak vilayətindən başlayıb və artıq dörd şəhərdə olub. Nikol Paşinyanı hər yerdə minlərlə vətəndaş gözləyib.

Seçicilərlə ən kütləvi görüş Ermənitanın ikinci şəhərində - Gümrüdə baş tutub. Paşinyan 2018-ci ilin aprelində Yerevana piyada səfərə başladığı həmin meydanda çıxış edib. O zaman burda başlayan hərəkata ölkənin minlərlə vətəndaşı qoşulub və hər şey inqilabla nəticələnib.

"Məxməri” inqilabın lideri Şirak vilayətinin hər bir şəhərində ölkə qarşısında dayanan problemləri və onların həll yollarını qeyd edib.

Paşinyan yaxın günlərdə verdiyi bəyanatı təkrarlayaraq deyib ki, komandasının inqilab dövründə və sonra xalqa verdiyi bütün vədlərə əməl olunub. Və indi insanlar digər problemlərin çözülməsi üçün öz səslərini ona və komandasına etibar etməlidirlər.

O qeyd edib ki, siyasi inqilabdan sonra Ermənistanda iqtisadi inqilab keçirməlidirlər: "Biz Ermənistanı yeni siyasi və iqtisadi mərhələyə çatdırmalıyıq. Biz mikrobiznesi vergilərdən tamamilə azad edəcəyik. İllik hesabatı 24 milyon dramı (50 min dollara yaxın) ötməyən biznes vergilərdən azad olacaq”.

Nikol Paşinyan həmçinin bəyan edib ki, əhalinin artıq Ermənistanda inqilab etməsinə ehtiyac qalmayacaq, belə ki, onlar hakimiyyət dəyişikliyinə seçkilərin köməyi ilə nail olacaqlar. Baş nazirin fikrincə, "məxməri” inqilabın əsas nailiyyəti məhz budur: "İnqilab etmək qərarına gəldiyiniz bütün hallarda bunu bircə bülleten vasitəsi ilə həyata keçirə bilərsiniz. Mən niyə Baş nazir oldum? Çünki siz belə qərara gəldiniz. Bu vəzifədə nə qədər qalacam? Siz nə qədər istəsəniz”.

Sabiq hakim partiya hələ küçəyə çıxmamağı qərara alıb

Ermənistanın "məxməri” inqilabdan sonra kənarlaşdırılmış sabiq hakim Respublika Partiyası seçkiöncəsi kampaniyaya jurnalistlərlə görüşdən başlayıb. "Respublikaçı”lardan ikisi onları mətbuat konfransına dəvət edib, "respublikaçı”ların siyahısında birinci nömrə isə Yerevan teleşirkətlərindən birinin efirinə gedib.

Siyasi qüvvə küçə təbliğatından imtina edib - ən azından, seçkiöncəsi kampaniyanın birinci günündə bu addımı atmayıb. Hərçənd onun nümayəndələri seçicilərlə görüşmək niyyətində olduqlarını bəyan ediblər. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, onlar hətta "ev-ev gəzib” qapıları döyməyə hazırlaşırlar: "Söhbət böyük mitinqlərdən getmir. Biz hakimiyyətdə olanda belə mitinqlər keçirirdik, onlarsa ev-ev gəzib seçicilərlə görüşürdülər. Vəziyyət dəyişib – indi onlar hakimiyyətdədirlər. Bu gün onlar böyük mitinqlər keçirirlər, bizsə ev-ev gəzib seçicilərlə görüşəcəyik. Amma biz bundan utanmırıq”.

"Respublikaçılar” ənənəvi olaraq hakimiyyət dövrünü və Nikol Paşinyanın Baş nazir kimi fəaliyyətinin nəticələrini tənqid edib. 

"Baş nazir məzuniyyətə çıxıb seçkiöncəsi kampaniya keçirməli deyil, öz vəzifəsini yerinə yetirməlidir”, - Armen Aşotyan deyib. Onun sözlərinə görə, bütün sosial sorğular onsuz da Nikol Paşinyan və onun blokuna birinci yer vəd edir. Üstəlik Aşotyan deyib ki, inqilabi liderin və onun komandasının qələbəsinə heç kəs şübhə etmir.

Bununla yanaşı, Armen Aşotyan bəyan edib ki, dekabrda sürpriz gözləmək lazımdır. O, yəqin ki, qarşıdakı seçkilərdə sabiq hakim partiyanın nail ola biləcəyi nəticəni nəzərdə tutur.