Ərdoğanın partiyası İstanbulda yeni seçki istəyir

Ərdoğanın partiyası İstanbulda yeni seçki istəyir

10-04-2019 15:52 / Bu xəbər 1078 dəfə oxundu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul şəhər meri seçkisinin yenidən keçirilməsi üçün müraciət etmək niyyətindədir.

Bu barədə Azadliq Radiosu məlumat yayıb. 

Belə ki, AKP nümayəndəsi, keçmiş baş nazir Binali Yıldırım hazırkı səs fərqinə görə seçkini müxalif CHP nümayəndəsi Əkrəm İmamoğluna uduzub.

AKP sədrinin müavini Ali İhsan Yavuz aprelin 9-da jurnalistlərə deyib ki, onun partiyası bələdiyyə seçkisinin yenidən keçirilməsini istəyir.

Prezident Rəcəb Tayyip Ərdoğanın islami köklərə malik hakim partiyası martın 31-də keçirilən bələdiyyə seçkilərində əhəmiyyətli uğursuzluqla üzləşib. Hakim partiya paytaxt Ankarada keçirilən bələdiyyə seçkisində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndəsinə məğlub olub.

İstanbulda səslərin 100 faizi sayılıb və CHP-nin dəstəklədiyi Əkrəm İmamoğlu 15 milyonluq şəhərdə 25 min səslə irəlidədir. Lakin Türkiyənin Ali Seçki Şurası bildirir ki, şikayətlər əsasında təkrar sayılan səslərdən sonra yekun nəticə elan ediləcək.

AKP-nin şikayətindən sonra Ali Seçki Şurası İstanbulun 39 rayonunda cəmi 51 qutudakı səslərin təkrar sayılması barədə qərar qəbul edib, lakin bütün şəhər boyunca yeni seçkinin keçirilməsi ricasını rədd edib.

Səslərin ilkin yenidən sayılması İmamoğlunun Yıldırımdan 14 min səs irəlidə olduğunu göstərmişdi.

Aprelin 8-də prezident Ərdoğan İstanbuldakı bələdiyyə seçkisinə "mütəşəkkil cinayətkarlığın” müdaxilə etdiyini bəyan etmiş, onun daxili işlər naziri Süleyman Soylu isə aprelin 9-da demişdi ki, nəticələr barədə bütün şübhələri yalnız yeni seçki aradan qaldıra bilər.

İstanbulda keçirilmiş seçkinin lideri İmamoğlu deyib: "Nəticələr aydındır. Küçələr də bu nəticəni qəbul edib. Uduzmusunuz. Bunu qəbul edin”.