Çempionun ölüm anı - VİDEO

Çempionun ölüm anı - VİDEO

30-06-2017 13:41 / Bu xəbər 3067 dəfə oxundu

İki gün öncə Azərbaycan çempionu Reyhan Məmmədovanın piyada keçidinin üstündə avtomobil tərəfindən vurularaq öldürülməsi hələ də müzakirədədir.

Axar.az xəbər verir ki, videonu incələyən bəzi sosial şəbəkə istifadəçiləri piyada keçidi ilə hərəkət edən R.Məmmədovaya yol verməyən digər iki avtomobil sürücüsünün də məsuliyyət danışıdığı iddia edirlər. 

Onların sözlərinə görə, keçid üçün qanunla nəzərdə tutulan zolağa piyadanın çıxdığı andan başlayaraq, sürücülər dərhal maşını dayandırmalı və piyadanın yolu rahat keçməsinə şərait yaratmalıdırlar. R.Məmmədovanın ölüm anını əks etdirən videoda isə onun piyada zolağının üzərində olmasına və yolu keçmək üçün hərəkət etməsinə baxmayaraq, iki maşının hərəkəti davam etdirməsi və piyadaya qanunla müəyyən olunmuş yerdən keçməyə şərait yaratmaması əksini tapıb. İddiaya görə, əgər o maşınlar saxlasaydı, arxadan gələn və qəzanı törədən sürücünün də diqqəti yayınmazdı.

Ümumiyyətlə, belə halla tez-tez rastlaşıldığını bildirən sosial şəbəkə istifadəçiləri qəza şəraitinin dəqiq öyrənilməsi və həmin anda qayda pozan digər sürücülərin də cəzalanmasının vacibliyini bildirirlər.

Reyhan Məmmədovanın ölüm videosunu Axar.az-a şərh edən "Digesta” hüquq firmasının direktoru, ekspert Ərşad Hüseynov da digər iki avtomobilin piyada zolağına çatarkən dayanacağı təqdirdə çempion Reyhan Məmmədovanın qəzadan yayınma ehtimalının böyük olduğunu təsdiqləyib:

"Piyadanı görüb, ancaq hərəkətini davam etdirən sürücülər xanımın ölümünə şərait yaradıblar. Kadrlardan da görünür ki, Reyhan Məmmədova piyada xətti ilə hərəkət edir. Digər avtomobillər də maneəsiz keçirlər. Lakin qəza baş vermədən öncə keçən və kadrlara düşən iki avtomobil dayansaydı, hadisəni törədən avtomobil də sürəti azaldardı. Qəza törədənin diqqətli olmasına səbəb olardı. Ancaq istənilən halda, xanımın qəzaya qurban getməsini iki avtomobilin dayanmamasına bağlamaq düzgün deyil”.

Hüquqşünas qeyd edir ki, hər bir sürücü piyada xəttinə yaxınlaşdığı zaman sürəti azaltmalıdır: "Hiss olunur ki, qəzanı törədən şəxs maşını yüksək sürətlə idarə edir və əyləci bassa da, avtomobili saxlaya bilmir”.

Ə.Hüseynovun sözlərinə görə, piyadanı görüb saxlamayn iki avtomobil qanunla hec bir məsuliyyətə cəlb edilə bilməz: "Bəli, avtomobillər dayanmalı idi. Bu, bəlkə də qəzanı törədən sürücünün də dayanmasına səbəb olacaqdı. Buna baxmayaraq, həmin sürücülər məsuliyyətə cəlb edilə bilməz. Qanun bunu tələb etmir. Məsuliyyəti qəzanı törədən sürücü daşıyır və məhz o cəzalandırılmalıdır”.

Xətai Rayon Polis İdarəsindən isə bildirdilər ki, istintaq müddəti ərzində heç bir açıqlama verə bilməzlər.

Qeyd edək ki, iyunun 28-də saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu idarə etdiyi özünə məxsus BMV markalı, 90 XU 928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.