Əmək müqaviləsi ilə işləyənlər nə qədər vergi və sığorta haqqı ödəyəcək?

Əmək müqaviləsi ilə işləyənlər nə qədər vergi və sığorta haqqı ödəyəcək?

02-12-2018 02:31 / Bu xəbər 220 dəfə oxundu

Qubad İbadoğlu, iqtisadçı ekspert

Vergi və sığorta qanunvericiliyində yaranmış çaşqınlığı aradan qaldırmaq üçün şərhləri və izahatları davam etdirirəm. Bu yazımda daha çox maraq kəsb edən əmək müqaviləsi ilə muzdla işləyən fiziki şəxslərin gəlir vergisi və sığorta ödənişlərindəki dəyişikliyə diqqəti cəlb etmək istərdim.

Fiziki şəxslərin gəlir vergilərində dəyişiklikləri iki hissəyə bölmək olar.

Birincisi, növbəti ildən gəlir vergisinə cəlb edilməyən hissə 173 manatdan 200 manata qaldırılır, bu dövlət və qeyri-dövlət, neft və qeyri-neft bölməsindən asılı olmayaraq bütün sahələrdə çalışanlara şamil olunacaq.

İkinicsi, gələn ildən qeyri-neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində muzdla işləyənlər (yəni əmək müqavilə ilə çalışanlar) aylıq qazancları 8000 manata qədər olarsa, gəlir vergisi ödəməkdən azad edilir. 8000 manatdan yuxarı olduqda isə 8000 manatdan çox olan məbləğin 14 faizini ödəyəcək. Nəzərə almaq lazımdır ki, bu dəyişiklik dövlət bölməsinə şamil olunmur və yalnız növbəti 7 ildə qüvvədə olacaq.

Siğorta ödənişlərinə gəlincə, muzdla işləyənlərin (əmək müqavilə ilə çalışanların ) sosial-sığorta haqqı aylıq gəlirləri 200 manata qədər olduqda əvvəlki kimi işçi 3 faiz, işə götürən 22 faiz olaraq qalır. Yalnız qeyri-neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində çalışanların aylıq gəliri 200 manatdan çox olduqda isə işçi 6 manat və 200 manatdan çox olan məbləğin 10 faizi, işə götürən isə 44 manat və 200 manatdan çox olan hissənin 15 faizini sosial sığorta ayırması kimi ödəyəcəkdir.

Misal üçün, qeyri-neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət bölməsində (məsələn ticarətdə) əmək müqaviləsi ilə muzdla çalışan şəxs 500 manat maaş alırsa, o, gələn ildən gəlir vergisi ödəməkdən azad olunacaq, amma 36 manat (6 manat + 300 manatın 10 faizi), onu işə götürən isə işçiyə görə 89 manat (44 manat + 300 manatdan 15 faizi) sosial sığorta ödənişi edəcək.

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.