Elmar Hüseynovun qətlindən 13 il keçir: "Medianın üzərinə yürüş hələ də davam edir"

Elmar Hüseynovun qətlindən 13 il keçir:

02-03-2018 17:01 / Bu xəbər 1037 dəfə oxundu

Bu gün, martın 2-də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 13 ili tamam olur. 

Martın 2-də bir qrup jurnalist mərhum redaktorun Bakıdakı məzarını ziyarət edib.

Ziyarət mərasimində çıxış edən "Turan" agentliyinin direktoru Mehman Əliyev bildirib ki, E.Hüseynovun qətli mediada yeni ağır dövrün başlanğıcını qoyub.

"2005-ci ildən sonra jurnalistlərin təqibi, oğurlanması, həbsi, media və jurnalistlərin ələ alınması, məhkəmələrə çəkilməsi, iqtisadi təzyiqlər başladı. Bir sözlə, medianın üzərinə hakimiyyətin yürüşü başladı. Bu yürüş hələ də davam edir", - deyə o qeyd edib.

M.Əliyev deyib ki, E.Hüseynov yazılarında həmişə hakimiyyətə medianı, cəmiyyəti təqib siyasətindən geri çəkilməyin vacibliyini çatdırırdı.

"Elmar Hüseynov yazırdı ki, hakimiyyət açıq və xalqın xeyrinə siyasət aparmalıdır. Təəssüf ki, onu eşitmədilər və bu gün Azərbaycan belə böhranlı vəziyyətə gəlib çıxdı. Böhran yalnız iqtisadiyyatı deyil, sosial, mənəvi, ictimai, demək olar ki, bütün sahələri əhatə edir. Bu, real durumdur", - deyən M.Əliyevin fikrincə, hakimiyyətin təqib siyasəti nəticəsində bəzilərinin əxlaqı dəyişib:

"Hakimiyyət medianı tam nəzarətə götürəcəyinə və idarə edəcəyinə inanırdı. Amma nəticə budur ki, informasiya məkanını hakimiyyət itirib. Keyfiyyətli, ənənəvi media sıradan çıxarılıb, ortada söyüş və təhqir qalıb. Media məkanına bu əxlaqı hakimiyyət gətirib. Bu, çox pis bir tendensiyadır. Hazırda hakimiyyətin özü də bilmir bununla necə mübarizə aparmaq lazımdır…".

"Elmar Hüseynovun ideyasının qələbəsi…"

«Turan» agentliyinin direktoru hesab edir ki, hakimiyyət medianın təqibi savaşını artıq uduzub.

"Hakimiyyət bu savaşı artıq uduzub. Bu, Elmar Hüseynovun ideyasının qələbəsidir. Hər şey yaxşılığa doğru gedəcək, ölkədə hər şey dəyişəcək. Hazırda vəziyyət anormaldır. Anormallığın isə gələcəyi yoxdur", - deyə o qeyd edib.

Hakimiyyət rəsmilər isə ölkədə söz və mətbuat azadlığına basqılarla bağlı deyilənləri qəbul etmirlər. Onlar bildirirlər ki, hazırda həbsdə olan jurnalistlər peşə fəaliyyətlərinə görə yox, törətdikləri əmələ bağlı məsuliyyətə cəlb ediliblər. 

Rəsmilər Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hər il qəzetlərə maliyyə yardımını və jurnalistlərə iki bina tikərək pulsuz ev verilməsini qeyd edərək, bunu dövlətin təmənnasız qayğısı kimi dəyərləndirirlər.

Hakimiyyət təmsilçiləri üstəlik, dəfələrlə E.Hüseynovun ölümünü pisləyən bəyanatlar da veriblər. Hətta prezident İlham Əliyev qətldən az sonra cinayətkarların tezliklə tapılıb cəzalandırılacağını açıqlamışdı.

"Monitor" jurnalının baş redaktoru E.Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Qətlin üstündən 13 il keçsə də, cinayətin sifarişçiləri və icraçıları, hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.

E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.

E.Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib. O, həmçinin, «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmamasına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. 

Qərarda qeyd edilirdi ki, hökumət E.Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.///azadliq.org