Elçibəy demokratiyanı qorumalı idi

Elçibəy demokratiyanı qorumalı idi

05-06-2018 18:46 / Bu xəbər 2418 dəfə oxundu

Səməd Rəhimli
Hüquqşünas

4 iyun 1993-də Elçibəy "qardaş qırğını"na getməliydi. Amma Demokratiyanı qorumalıydı.

Elçibəy vətəndaş müharibəsi etməliydi. Lakin Demokratiyanı qorumalıydı.

Elçibəy qardaş qanının tökülməsinə razılıq verməliydi. Hər bir halda Demokratiya qorunmalı idi.

Bəli, Elçibəyin Demokratiya uğrunda "qardaş qırğını"na getməsi ucuz və ağrısız olmayacaqdı. Şəksiz, ağır insan itkiləri olacaqdı. Elçibəy Gəncədəki Surətin dəstələrini bombalamalı olacaqdı. Və bombalamalı idi. Bəli, belə bombalama həmçinin mülki insan itkisi ilə nəticələnəcəkdi.

Amma biz qədim və çox sadə həqiqəti unutmamalıyıq: Demokratiya insan həyatından daha dəyərlidir. Çünki Demokratiyanın yoxluğu hamının bədbəxtliyinə gətirir. Demokratiyanı yox edənlərin və ona qarşı olanların bədbəxtliyinə belə...

Yaxşı, Elçibəy niyə Demokratiyanı qorumadı? Məncə, məsələ çox sadədir. Bu, Elçibəyin ideologiyası ilə bağlıdır. Elçibəyin ideologiyası Demokratiya deyildi. Elçibəy universal abstrakt ideya adamı deyildi. 

O, tayfaçı ideoloji əsasları əsasında düşünürdü. Yalnız biz tayfaçı Demokratiyaya qarşı qiyam qaldırmış şəxslərə "qardaş" deyə bilərdi və onların qanının dərdini çəkə bilərdi. Elçibəy heç vaxt həqiqi Demokrat olmadı. O, yaxşı tayfa ağsaqqalı oldu. Onun üçün tayfanın salamatlılığı İdeyanın bərqərar olmasından daha vacib idi.

Demokratiya şəhər qurmaq deməkdir. Elçibəy şəhərçi deyildi. Ona görə o, şəhərdə qalıb şəhəri qorumaq uğrunda vuruşa bilmədi. Elçibəy kəndçi idi. Ona görə də o, kəndə gedərək rahatlıq tapdı.

Biz Elçibəyi Milli Hərəkatın rəhbəri kimi sevə bilərik. Amma biz Elçibəyi Demokratiyaya dolayı yolla xəyanət etmiş biri kimi heç vaxt bağışlamamalıyıq. Biz Demokratiyanı təslim etmiş tayfaçı bir ağsaqqala mənəvi rəhbər kimi salam verə bilmərik.

Əgər Demokratiyanı istəyiriksə, seçimlər etməliyik. Seçimlər isə ağır olur. Bu seçimlərdən biri də Elçibəyin mənəvi irsindən imtina etməkdir. Çünki həmçinin o irs bizə Demokratiya qurmağa imkan vermir.

Yazı müəllifin feysbuk profilindən götürülüb.