Əli Kərimlidən təklif: "Demokratik düşərgədə intriqalar dayandırılsın"

Əli Kərimlidən təklif:

27-11-2018 18:57 / Bu xəbər 1503 dəfə oxundu

Partiya sədrləri əsas diqqəti hakimiyyətə yönəltmək istəyirlər

AXCP sədri Əli Kərimli müxalifət partiyalarına, bütövlükdə demokratik düşərgəyə təkliflərini təqdim edib.

Əli Kərimli "Facebook” vasitəsilə müxalif həmkarlarına təklif edib ki, demokratik düşərgə daxilində hər cür intriqalar dayandırılsın:

"Bir-birimizin fəaliyyətini tənqid, təftiş etməyək, imkan yaradaq bizim fəaliyyətimizə xalq qiymət versin. Hər birimiz bacardığımız qədər və doğru bildiyimiz yollarla mübarizə aparaq. Hələlik vahid təşkilatda birləşmək alınmırsa da, əməldə və rejimlə mübarizədə bir olaq. Çiyin-çiyinə, real mübarizə aparanlar prosesin gedişində uzlaşmanın, birləşmənin, qarşılıqlı kompromislərin də yolunu tapacaqlar. Birgə istiqamətdə aparılan mübarizə bir gün xalqımızın iştirakı ilə böyük hərəkata çevriləcək. Ölkənin real qurtuluşu başlanacaq”.

AXCP sədri Əli Kərimlinin təklifinin ardınca REAL sədri İlqar Məmmədov da paylaşım edib:

İlqar Məmmədov

"Qanunvericilik təşəbbüsünə yiyələnmək istəyi XIII əsrdən bəri parlamentarizm tarixinin iki hərəkətverici qüvvəsindən biri olub. Bu gün, parlamentdə yeri olmasa da, REAL Partiyası Konstitusiyaya əsasən ora rəsmən qanun layihələri təqdim edə bilər və Milli Məclis onlara baxmağa borcludur. Beləcə, vicdan çatışmazlığından əziyyət çəkənlərinin bizə yapışdırmağa çalışdığı "onlar parlamentdə ancaq bir neçə yer istəyirlər" fikri tam mənasını itirdi. O yer nəyimizə gərək, əgər baxılması məcburi olan qanun layihəsilə indi də çıxış edə biliriksə? REAL-ın növbəti seçkiyə münasibəti çox daha iddialıdır: 2020-ci il parlament seçkilərində YAP-dan daha çox yer qazanmaq. Fantastikadır? Səsverməyə qalmış bu 705 günü yaxşı işləməsək, boş-boş söhbətlərə diqqətimizi yayındırsaq, üstəgəl neftin qiyməti artsa, əlbəttə”.

İlqar Məmmədovun sonuncu cümləsi AXCP sədrinin təklifinə reaksiya kimi qiymətləndirilir.

Müsavat Partiyasının başqanı Arif Hacılı bu mövzuda yeni açıqlama verməyə ehtiyac görmür: "Çünki partiya başqanı seçildikdən dərhal sonra bildirdim ki, mübarizəni müxalifət daxilindən çıxarıb avtoritar rejimə qarşı yönəltmək fəaliyyətimin əsas prioritetlərindədir”.

Arif Hacılı

Partiya başqanı deyib ki, istər AXCP, istər ReAL, istərsə də NİDA ilə görüşərək, bunu onların diqqətinə çatdırıb: "Bu məsələlərlə bağlı partiyamızın mövqeyi belədir: hazırda müxalif qüvvələr arasında hər hansı rəqabətə xüsusi stimul verəcək amillər yoxdur. Bu gün Azərbaycanın dövlətçiliyi, Qarabağ problemi də daxil bütün problemlərin həlli yolunda əsas maneələrdən biri mövcud hakimiyyətdir. Azərbaycanda fəaliyyət göstərən cümhuriyyətçi qüvvələrin, demokratik düşərgənin mövqeyi belə olmalıdır ki, məhz rejimə qarşı mübarizədə əməkdaşlıq şəraiti əsas amallarımızdan və hədəflərdən biridir. Hədəflərə çatmaq uğrunda digər siyasi qüvvələr də Müsavat Partiyası ilə əməkdaşlıq edəcəksə, biz buna yalnız müsbət yanaşarıq”.///Meydan.Tv