''Elə gün olur yarım çörəyi 3 uşaq arasında bölürəm''

''Elə gün olur yarım çörəyi 3 uşaq arasında bölürəm''

14-04-2018 19:21 / Bu xəbər 3135 dəfə oxundu

"Çıxırsan küçəyə, görürsən ki, parklar salınır, binalar tikilir, qayıdırsan evə, üç azyaşlı uşaq ac, məzlum gözlərini əlinə dikib, çörək gətirmisən, ya yox”

"Nicatın dərmanları yenə tükənir, ona təzə dərmanlar almaq lazımdır. O dərmanları qəbul etməsə, onsuz da ağır olan vəziyyəti daha da kəskinləşəcək. Kimin üstünə gedim, kimə ağız açım, bilmirəm. Uşaqları təkbaşına saxlayıram. Hökumətin verdiyi ünvanlı sosial yardımın və kəsdiyi alimentin məbləği çox gülüncdür. Tifillərim günlərlə ac qalır”.

Bunu Meydan TV-yə Xaçmazda – Dağıstan küçəsində yaşayan Leyla Novruzəliyeva deyir. Leyla xanım iki il əvvəl həyat yoldaşından ayrılıb. Lakin üç azyaşlı övladı ilə getməyə yeri olmadığı üçün elə keçmiş qaynanası və keçmiş ərinin yaşadığı mənzildə ona ayırdıqları bir otağa sığınıb. Lakin qadının sosial durumu olduqca ağırdır. Deyir, 8 yaşlı Xanoğlan, 6 yaşlı Nicat və 4 yaşlı Nihad çoxdandır ki, isti yeməyin, ətin, meyvənin dadını unudub. Ana onları yavan çörək və su ilə dolandırır. Çünki aldığı alimentlə ünvanlı sosial yardımı üst-üstə qoyub ağır böyrək xəstəsi olan və bu yaxınlarda əməliyyatdan çıxan 4 yaşlı Nicatın dərmanlarına xərcləyir.

Boş ələ dikilən ac gözlər

"Çıxırsan küçəyə, Xaçmazın ortasında parklar salınır, binalar tikilir, pullar daşa, divara xərclənir. Qayıdıb girirsən evə, üç uşaq ac, məzlum gözlərini əlinə dikib, baxır ki, çörək gətirmisən, ya yox… Elə gün olur, yarım çörəyi 3 uşağın arasında bölüşdürürəm. Zəif, qan faizləri aşağı, ürək təzyiqləri aşağı… Allah ümidinə həyatda qalıblar”- ana gileylənir.

Leyla xanım deyir, üç azyaşlı övladını təkbaşına saxlayır. 165 manat ünvanlı sosial yardım alır. Keçmiş həyat yoldaşı üçüncü qrup əlil kimi 47 manat müavinət aldığı üçün məhkəmə hər uşağa görə vur-tut 10 manat aliment kəsib. Deyir, aldığı ünvanlı sosial yardım və aliment uşaqların nəinki müalicəsinə, təhsilinə, geyiminə, heç çörəyə də yetmir. Ortancıl oğlunun xəstəliyi isə vəziyyəti daha da ağırlaşdırır.

Acından başı gicəllənəndə məktəbə buraxmıram

"Həyat yoldaşım bizi incitdiyi üçün rəsmi ayrılıdıq. Ancaq getməyə yerim, mənə sahib çıxacaq bir qohumum olmadığından yenə də bu evdə qalmalı oldum. Keçmiş qaynanamla keçmiş yoldaşım mənə bir otaq verdi, yığışdıq ora. Uşaq dekabrda uroloji əməliyyat keçirtdi. Onu isti şəraitdə saxlamalıydım. Ancaq qaldığımız otaqda istilik olmadığı üçün uşağın vəziyyəti daha da ağırlaşdı. Bilmirəm hansından danışım. Böyük oğlum onun-bunun verdiyi köhnə paltarları geyinib məktəbə gedir. Ortancıl oğlum dediyim kimi, böyrək xəstəsi olduğu üçün, ümumiyyətlə, məktəbə getmir. Bu uşağın hər ay müayinələri, yazılan reseptlər… İnanın ki, havalanıram. Yemək yoxdur, uşaqlar günlərlə yavan çörək, su ilə dolanır. Böyüyünün acından tez-tez başı gicəllənir, belə olanda məktəbə buraxmıram”.

Dedilər, bura xeyriyyə fondu deyil...

Leyla xanım kömək üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edib, ancaq faydası olmayıb:

"Dedilər, bura xeyriyyə fondudur ki? İcra hakimiyyəti yardım edəndir ki? Get, dərdini Səlim Müslümova de”.
Leyla xanım çoxdandır ki, rayondakı Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır. Ancaq nə iş tapılır, nə də işsizlik müavinəti ödənilir. Leyla xanım bəzi qanunları da bilir. O¸bilir ki, Məşğulluq Mərkəzi ixtisası, savadı olmayan işsiz vətəndaşı peşə kurslarına cəlb etməlidir, sonra da həmin peşəyə uyğun iş yeri təklif etməlidir:

"Maraqlansanız, görəcəksiniz ki, Xaçmazın Məşğulluq Mərkəzi indiyədək bircə işsiz rayon sakinini də peşə kursuna göndərməyib. Bunlar hamısı kağız üzərindədir. Xaçmazın Məşğulluq Mərkəzinə hər gün xeyli adam gəlir, iş istəyir. Eləcə, işsiz kimi qeydiyyata alıb, "get, iş olanda xəbər edərik”- deyib yola salırlar. Sən də illərlə sallanıb qalırsan yaxalarından ki, iş nə oldu? Adamlara işsizlik müavinəti də verilmir”.

Leyla xanım deyir, dərzi¸toxucu və bu kimi başqa peşələrə yiyələnsə, işlə təmin olunsa, ən azı, balalarının çörək dərdini çəkməz.

Mərkəz: "İş təklif olunub, razllaşmayıb” 

Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonda bu durumda olan ailələrə yardım etmək üçün büdcə nəzərdə tutulmayıb. Dövlət belə ailələri ünvanlı sosial yardım və müxtəlif təyinatlı müavinətlərlə təmin edir. 

Xaçmaz rayon Məşğulluq Mərkəzindənsə Meydan TV-yə deyiblər ki, Mərkəzdə rayondakı 200-dən çox müəssisə qeydiyyatdadır. İndiyədək Mərkəz yüzlərlə işsiz vətəndaşa münasib iş axtarılmasında kömək edib, iş axtaranların peşə hazırlığına vasitəçi olub. Mərkəz işsizlik müavinəti təyin edir və ödəyir. Konkret Leyla Novruzəliyevaya gəlincə, Mərkəzdən bildirilib ki, xanıma təmizlikçi işi təklif olunub, lakin razılaşmayıb. Bundan sonra da ona uyğun iş yeri olarsa, mütləq xəbər ediləcək.

Leyla Novruzəliyeva isə deyir, mərkəzdən ona hər hansı iş təklif olunmayıb. Üç azyaşlı övladının gələcək taleyi üçün narahat olan ana hökumətdən kömək gözləyir.