Əkrəm Həsənov: "Bir neçə bankın bağlanma riski qalır"

Əkrəm Həsənov:

04-02-2019 16:05 / Bu xəbər 981 dəfə oxundu

"2018-ci ildə bankların heç bir problemi aradan qaldırılmayıb".

Bunu bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib. O vurğulayıb ki, bir neçə il əvvəl qəbul edilən Strateji Yol Xəritəsinə görə, 2018-ci ildə ölkənin bank sisteminin sağlamlaşdırılması başa çatmalı idi: "Amma bu baş vermədi".

Ə.Həsənov hesab edir ki, problemli kreditlər məsələsi 4 ildir ki, çözülməmiş qalır: "Deyəsən, indi həmin pulların qaytarılmayacağı hamıya aydındır".

Bununla belə, ekspert təsdiq edir ki, banklara əmanət qoyulmasında son dönəmlər artım var. Amma onun fikrincə, bu, banklara olan inamdan yox, 2016-cı ildə əmanətlərin 3 illik tam sığortalanması haqqında qanunun qəbulu ilə bağlıdır: "Həmin qanunun da matın əvvəlində müddəti başa çatır. Müddətin artırılıb-artırılmayacağı hələ ki, tam aydın deyil".

Bəzi bankların bağlana bilməsi təhlükəsinə gəlincə, Ə.Həsənov deyib ki, bu risk qalır. "Ehtimal edirəm ki, bir neçə bank bağlana bilər. Çünki martın əvvəlində banklardakı əmanətlərin tam sığortalanması müddəti bitir",- Ə.Həsənov bildirib.

Amma son aylar ölkədə vaxtı keçmiş kreditlərin həcimin azaldığı bildirilir. Bu il yanvarın 1-nə bu məbləğ 1 mlrd. 585 mln. manat təşkil edib. Ötən il yanvarın 1-də problemli kreditlərin həcmi 1 mlrd. 626.7 mln. manat açıqlanmışdı.

Bu il yanvarın 1-də Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 mlrd. 502.4 mln. manat, cəmi öhdəlikləri isə 25 mlrd. 430.6 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 mlrd. 71.8 mln. manat olub.

2018-ci ilin dekabrında bank sektorunun aktivləri 1.1 (324.8 mln. manat), öhdəlikləri 0.6 (149.2 mln. manat), balans kapitalı isə 4.1 faiz (175.6 mln. manat) azalıb. Dekabr ayında bankların kredit portfeli 3.7 faiz (456.2 mln. manat) artaraq 12 mlrd. 628.3 mln. manat təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunun kredit portfeli 11.4 faiz (1 mlrd. 290.7 mln. manat) artıb.

Azadlıq Radiosu