Əfqanın, bizim və onların gözləntiləri

Əfqanın, bizim və onların gözləntiləri

10-01-2018 01:20 / Bu xəbər 2141 dəfə oxundu

Seymur Kazımov

2017-ci ilin son saatlarında sözün bütün mənalarında yıxıldıq. Dostumuz, həmkarımız Əfqan Muxtarlının bacısı, onun övladı və qardaşının övladı Zaqatalada dəm qazından boğularaq haqqın rəhmətinə qovuşdular. 

2017-ci il, bəlkə də, bu günədək yaşadığı illərin ən acılısı kimi Əfqanın ürəyinə və yaddaşına həkk olundu. Biz də bu acıdan nəsibimizi aldıq — Əfqanın dostları olaraq. Çünki hamımız ilahi ədalətin təcəlli edəcəyi günü gözləyərkən, fələyin dəmir yumruğu düz təpəmizə endi. Bu gün zorla, qanunsuzluqla təcridxana divarları arasında etmədiyi bir işin cəzasını çəkməyə məcbur edilən Əfqan günahsızdır. Əfqan yeni ildə dörd divar arasında tək qaldı, həyat yoldaşından, qızından uzaq. Bu azmış kimi ən yaxın doğmalarını da birdəfəlik itirdi.

Əfqanın doğmalarının hüzur məclisinə gedəndə düşünürdüm ki, onun özü ilə görüşə biləcəyik. Amma onu görməyə imkan vermədilər. Əfqana çiyinlərini doğma bacısının və iki körpə balanın tabutunun altına qoymağı çox gördülər. Halbuki, Əfqanın üzərinə çökmüş bütün ağırlıq, omuzlarına yüklənmiş ittihamçı damğası, üzünə duran şahidlərin gözlərindən çirk, qulaqlarından irin, burunlarından yara-bərə tökülə-tökülə qırmızı yalanları qədər ağır nəsə varmı?

Bu hadisədən sonra məhkəmədə Əfqanı görənlər deyir ki, o əvvəlki kimi qətiyyətlidir. Çünki, günahsızdır və kimsəyə verəcəyi hesab da yoxdur.

Ailəsi də möhkəmdir. Qardaşı Ramazan, kiçik qızını dəfn etmiş ata öz balası haqqında danışarkən gözləri gülür, onun barəsində indiki zamanda danışır. Əfqanın qətiyyəti ilə fəxr edir.

Ramazan deyir ki, vəfat edən bacısı üç qardaşın göz bəbəyi idi. "Bacım ən balacamız idi, anam üçün onun yeri başqaydı. Biz bir yana, bacım bir yana. Balasını itirən ananın halını təsəvvür edin. Mənim yoldaşım da öz balasını itirib”.

Danışığı, hərəkəti Əfqanı xatırladan qardaşı Elşənin gözlərində əzabı, iztirabı görmək elə də çətin deyildi.

Əfqan Qarabağ qazisidir. Onun torpaqlarını işğal edən düşmənə qarşı vuruşub. Qələmi ilə də vuruşub — haqsızlığa qarşı ön sıralarda olub. Əfqan harada yaşamağından, işləməyindən asılı olmayaraq, Azərbaycandakı ictimai-siyasi, sosial problemlərə yaxın olub və bu barədə silsilə araşdırmalar yazıb. Əfqan bütün şəraitlərdə peşəkarlıq nümayiş etdirib. O, heç zaman pul və vicdan arasında seçim qarşısında qalmayıb. İkinci onun üçün prioritet olub. Bilir ki, Azərbaycanda media reallıq hissini və vicdanını itirməyənlər üçün təhlükəli sahədir. Vicdan ya var, ya da yoxdur. Amma hər adamdan onu satın almaq da mümkün deyil.

Multikulturalizm ili, tolerantlıq, dözümlülük və s. qeyd etməklə deyil ki…. reallıq budur ki, bir şəxs yaxınlarının, doğmalarının dəfnində iştirak edə bilmədi. Qoymadılar. Dözmədilər.

Hamımız gözləyirik.

Biz, Əfqanın azadlığa çıxacağı günü gözləyirik.

Jurnalist Əfqan Muxtarlı gərək ki ədalətsiz məhkəmənin onun barəsində çıxaracağı ədalətsiz qərarı gözləyir.

Başqa jurnalistlər də var, onlar da gözləyirlər. 2017-ci ilin yayında onlara hədiyyə olunmuş evlərə köçəcəkləri günü gözləyirlər.

ayna.az