Əfqan Muxtarlının vəsatətləri təmin edilməyib

Əfqan Muxtarlının vəsatətləri təmin edilməyib

20-02-2018 16:27 / Bu xəbər 1933 dəfə oxundu

Əfqan Muxtarlı barəsində həbs qərarı dəyişməyib

Əfqan Muxtarlının 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Balakən rayon məhkəməsinin 12 yanvar 2018-ci il tarixli hökmündən verdiyimiz apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin hakimi Rəfail Əliyevin sədrliyi ilə ilkin baxış iclası keçirildi. 

Bunu Ə.Muxtarlının vəkili Elçin Sadıqov deyib.

O qeyd edib ki, ilkin baxış iclasında Ə.Muxtarlı barəsindəki həbsin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz edilməsini, Ə.Muxtarlının şüşə qəfəsdən çıxarılaraq yanımızda əyləşdirilməsini xahiş etdik, amma məhkəmə bu vəsatəti təmin etmədi:

"Daha sonra Balakən rayon məhkəməsinin məhkəmə iclas protokolu həqiqəti əks etdirmədiyi üçün məhkəmə iclas protokollarına qeydlər verdiyimizi bildirdik və qeydlərə baxılması üçün işin Balakən rayon məhkəməsinə qaytarılmasını xahiş etdik. Vəsatətimiz təmin edilmədi. Daha sonra apelyasiya baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini xahiş edərək 14 vəsatət qaldırdıq. Məhkəmə müşavirədən qayıdaraq apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə keçirilməsi və apelyasiya baxışının 02 mart 2018-ci il tarixə saat 10:00-a təyin edilməsi barədə qərarı elan etdi”.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-u Azərbaycanda həbs edilib. 

Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.2017-ci il dekabrın 12-də Balakən rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.///azadliq.org