Əfqan Muxtarlı vaxtından əvvəl həbsxanaya qaytarıldı

Əfqan Muxtarlı vaxtından əvvəl həbsxanaya qaytarıldı

09-02-2018 16:59 / Bu xəbər 1125 dəfə oxundu

Əfqan Muxtarlı həbsxanaya qaytarılıb. 
 
Yaxınlarının 40 mərasimində iştirak etmək üçün həbsdən 2 günlük buraxılan jurnalist Əfqan Muxtarlı görüş müddəti başa çatmamış həbsxanaya qaytarılıb. 
 
Bu barədə Müsavat funksioneri Elman Fəttah facebookda yazıb. 
 
Bu qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb. 

Ə. Muxtarlı fevralın 8-də jurnalist Əfqan Muxtarlı  bacısı, bacısı və qardaşı uşaqlarının 40 mərasiminə buraxılmışdı. Jurnalistin bacısı Nuranə Muxtarlı, bacısı və qardaşı qızları 2017-ci il dekabrın 31-də yaşadıqları mənzildə dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Buna da bax: Əfqan Muxtarlı bacısının 40 mərasiminə buraxılıb

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlının 2017-ci il mayın 29-da oğurlanaraq, Azərbaycana gətirildiyi və həbs edildiyi iddia olunur. 

Ə.Muxtarlının ilkin istintaq və məhkəmə istintaqında verdiyi ifadələrinə görə, o, Tbilisidə cinayət polisi geyimində olan şəxslər tərəfindən saxlanılıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə maddəsi (315.2), dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Ə. Muxtarlı yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır. Beynəlxalq Amnistiya təşkilatı onu vicdan məhbusu elan edib.

Alya Ağayeva