Dillər Universitetində rektorla dekan arasında çəkişmə

Dillər Universitetində rektorla dekan arasında çəkişmə

10-01-2019 19:29 / Bu xəbər 350 dəfə oxundu

Son günlər gündəmdəki əsas mövzulardan biri Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla və Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli arasında yaşanan qalmaqaldır. 

K.Abdullanın açıq dərslərin təşkilində buraxdığı ciddi nöqsanlara və Heydər Əliyevin anım günü ilə əlaqədar fakültəsində heç bir tədbir keçirilməsinə lüzum bilmədiyinə görə dekana töhmət verildiyi bildirilir. 

Bundan öncə isə V. Ağabəyli rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırıb. 
 
Onu rektora qarşı çəkinmədən belə cəbhə açması kifayət qədər maraq doğurur. Bəs Azərbaycan təhsil tarixində ilk dəfə rektora qarşı cəbhə açan bu xanım dekan kimdir? 

BakuPost Kamal Abdulla ilə aralarında münaqişə yaşanan V. Ağabəyli barədə məlumat yayıb: 

V. Ağabəyli 1984-cü il iyunun 18-də Şəki şəhərində anadan olub, 1990-2001-ci illərdə orta məktəbdə oxuyub. 2001-2005-ci illərdə ADU-nun Filologiya (xarici dil) ingilis dili müəllimi ixtisası üzrə bakalavriat səviyyəsi üzrə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə "Xural” qəzetinin mədəniyyət şöbəsində tərcüməçi-redaktor vəzifəsində çalışıb,  2005-ci ildən ADU-nun Linqvokulturologiya (İngilis dilinin leksikası və ölkəşünaslıq) kafedrasında işləyir. 2005-2007-ci illərdə ADU-nun Dilşünaslıq (xarici dil) ingilis dili ixtisası üzrə magistratura səviyyəsində təhsilini fərqlənmə diplomu ilə başa vurub.  2011-ci ildən ADU-nun Linqvokulturologiya kafedrasının dissertantıdır.

Yeni Azərbaycan Partiyasına 2011-ci ildən üzv olan V. Ağabəyli  2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ildən ADU-nun YAP Qadınlar Şurasının sədri, 2017-ci il fevral ayından ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanıdır. Eyni zamanda 2017-ci il iyun ayından ADU-nun Linqvokulturologiya kafedrasının dosenti, 2018-ci ildən Filologiya və Jurnalistika fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır. İngilis, fransız, rus və türk dillərini bilir. 2016-cı ildə işıq üzü görən "This is Azerbaijan”, 2017-ci ildə nəşr edilən "Culture and Communication” (Mədəniyyət və Ünsiyyət) və "Culture and Communication” (Mədəniyyət və Ünsiyyət dərslik, dərs vəsaiti və monoqrafiyanın, o cümlədən 10-dan çox elmi məqalənin müəllifidir. 

Aktivliyi ilə seçilən V. Ağabəyli çoxsaylı beynəlxalq kurslar, görüşlər, treninqlər və layihələrdə də iştirak edib. Bunlar aşağıdakılardır: 

- 2012, Almaniya, Heidelbergdə "English, The theoretical instruction” kursu
- 2013, Almaniya, Heidelbergdə "Business English/ Conversation” təlim proqramı
- 2013, İngiltərə, London "Professional Development” təlim proqramı
- 2013, İngiltərə, London "Creative Methodology” təlim proqramı
- 2014, Moldova, Kişinyev "Youth Exchanges The Taste of Sound” proqramı
- 2014, İngiltərə, London "Advanced Teaching Methodology” təlim proqramı
- 2015, İngiltərə, London, "English Language in Conversations” təlim proqramı
- 2017, Gürcüstan, Tbilisi "Breaking Boundaries with technology and Innovation in the Classroom” ELT Conference
- 2017, Macarıstan, Debrecen "Erasmus+ çərçivəsində PETRA” proyekti
- 2017, Türkiyə, Ankara "Erasmus+ çərçivəsində PETRA” proyekti.

Ailəlidir, 2 övladı var.

V. Ağabəyli həm də üzün müddət ağır xəstəlikdən əziyyət çəkib, bir müddət əvvəl müalicəsi başa çatıb. Ancaq son günlər yaşadığı stress səhhətində problemlərə yol açmaqdadır. V. Ağabəyli dekabrın 29-da sosial şəbəkədə statusunu da məhz xəstəxanadan paylaşıb...