Diaspora komitəsinin "çeçen uğursuzluğu" – Fuad Muradovun başı nəyə qarışıb?

Diaspora komitəsinin

22-02-2019 11:59 / Bu xəbər 1552 dəfə oxundu

"Moskvada azərbaycanlılarla çeçenlər arasında yaşanan son hadisələr bir daha bizə qarşı istənilən an, istənilən miqyasda təxribat törədilməsi imkanlarının geniş olduğunu göstərib. Sözsüz ki, üçüncü qüvvə tərəfindən tətiklənən və həyata keçirilən bu təxribat Azərbaycan və Çeçenistan xalqlarının münasibətlərini və müdrikliyini də imtahana çəkmiş olub. Çox müsbət haldır ki, bu təxribatın qarşısı vaxtında alınıb, lakin Rusiya paytaxtında baş verənlərdən sonrakı proseslər bu tip situasiyalarda öz bacarığını və gərəkliliyini göstərməli olan dövlət qurumlarının faydalılıq əmsalını da ortaya qoymuş oldu. Təəssüf ki, hadisələrə aktiv şəkildə müdaxilə etməyə borclu olan Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin hər hansı ciddi işinin şahidi ola bilmədik".

Bu fikirlər azpolitika.info saytından dərc olunmuş müəllif yazısında əksini tapıb. 

Sayt yazır ki, hadisənin üzərindən bir neçə gün keçməsinə baxmayaraq, komitə tərəfindən hansı addımların atıldığı, diaspor təşkilatları və fəallarının bu işə hansı səviyyədə cəlb edildiyi, Rusiya və Çeçenistan cəmiyyətlərində düzgün məlumatlandırma işinin aparılması istiqamətində nələr edildiyinə dair heç bir məlumat yoxdur: "Əgər məlumat yoxdursa, deməli iş də yoxdur, heç bir iş görülməyib. Hansı ki Rusiyada tanınan, nüfuzlu həmvətənlərimizin işə cəlb olunması, elm, incəsənət, mədəniyyət xadimlərinin görüşlərinin təşkil edilməsi, mətbuatla, telekanallarla iş aparılması və digər məsələlər vardır ki, bunları məhz Diaspora Komitəsi öz üzərinə götürərərək, həll edə bilərdi".

"Bu hadisələr zamanı şahidi olduğumuz mənzərə belə idi ki, Azərbaycan tərəfinin mövqeyini, baş verənlərə münasibətini və hər iki xalqın qardaşlığının saxlanmasının vacibliyini ən fəal şəkildə əsaslandıran sözügedən komitə yox, Rusiyada yaşayan jurnalist Fuad Abbasov oldu. Yəqin, çoxları bizimlə razılaşarlar ki, hələ ilk gündən F.Abbasov təklikdə bütünlüklə Diaspora Komitəsindən daha artıq iş görə bildi. Daha doğrusu, komitənin fəaliyyətsizliyi fonunda bir jurnalistin fəallığı və bacarığı qat-qat üstün təsir bağışladı. Azərbaycan mediası isə bu hadisələri əsasən həmin jurnalistin təqdimatında işıqlandıra bildi. Onunla müqayisədə nə sözügedən komitəyə rəhbərlik edən Fuad Muradovun, nə də onun təmsilçilərinin Rusiyadakı həmvətənlərimizə, eləcə də Çeçenistan cəmiyyətinə hər hansı çağırışının, Rusiya mətbuatına açıqlamalarının şahidi olmadıq", - müəllif qeyd edir. 

Yazıda qeyd edilir ki, gənc və müasir dünyagörüşlü kadr kimi tanıdılan hörmətli Fuad Muradov bu prosesdən kənarda qalıb: "Sanki baş verənlərin onun rəhbərlik etdiyi quruma heç bir aidiyyatı yoxmuş. Və ümumiyyətlə, onun bəzən ölkə mətbuatına verdiyi açıqlamalara diqqət yetirərkən, istənilən fikri söyləməzdən öncə, köhnə nomenklaturaya aid icra başçıları sayağı uzun-uzadı, mövzuya aidiyyatı oldu-olmadı prezidentin daxili və xarici siyasətini tərif etməsini birmənalı qarşılamaq olmur. Axı bu "stil” nə ölkə rəhbərliyinə, nə də yeni və gənc kadrdan daha fəal, müasir yanaşma tələb edən cəmiyyətə gərək deyil. Ondansa, yaxşı olardı komitə rəhbəri aydınlıq gətirsin ki, sözügedən təxribatın qarşısının alınması zamanı Azərbaycanın Rusiyadakı diaspor təşkilatları və fəalları hara "qeyb olmuşdular”? Niyə bizi mütləq ermənilərlə yaxın qohumluq əlaqələri olan Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov kimi birisi təmsil etməyə çalışmalı idi? Ümumiyyətlə, niyə Moskvadakı azərbaycanlıları bu şəxs təmsil etməlidir?"

"Məlum görüşdən reportaj hazırlayan jurnalist F.Abbasov A.Kərimova və onunn ətrafındakılara "çeçenlər və azərbaycanlılar arasında yaranan konfliktin həlli üçün hansı işlər görmüsünüz?” deyə sual verir. Onlarsa cavabdan yayınırlar. Ancaq əslində bu sual təkcə A.Kərimova yox, həm də Fuad Muradovun komitəsinə ünvanlanmış sayıla bilər…" - müəllif bildirir. 

Yazı müəllifi qeyd edir ki, Fuad Muradov üzərinə götürdüyü vəzifənin öhdəsindən gələ bilmir: "Belə təəssürat yaranır ki, məsələn, məşhur idmançımız Zabit Səmədovun Ramzan Kadırovla birgə fotolarının yayımlanması, yaxud elə həmin F.Abbasovun sosial şəbəkələrdəki, eləcə də tərəflərin görüşünün təşkili və işıqlandırılmasındakı fəallığı Diaspora Komitəsinin olmayan fəaliyyətindən daha çox işə yaradı. Belədə isə sual yaranır – bir jurnalist, yaxud idmançı qos-qoca bir dövlət komitəsindən daha böyük nüfuza və iş görmək qabiliyyətinə malikdirsə, bu komitə kimə və nəyə lazımdır? Olmaya Fuad Muradovun başı daha vacib işlərə, məsələn, top qovmağa qarışıb?!"

Yazıdakı iddialarla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.