“Dəyişikliklər o zaman baş verəcək ki...”

“Dəyişikliklər o zaman baş verəcək ki...”

23-08-2017 03:06 / Bu xəbər 2447 dəfə oxundu

Rüfət Səfərov: "Demokratiyanın uzaqda olmadığına qəlbən inanıram”

Həbsdə olan 7 gun.az saytının baş redaktoru Cavid Shireliyev Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi, siyasi məhus Rüfət Səfərovdan müsahibə alıb. Həmin müsahibəni hüquq müdafiəçisi Oqtay Güləliyevin feysbuk səhifəsindən paylaşıb. Müsahibəni təqdim edirik:

Jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətə başlayarkən məni nələrin gözlədiyini təxmin etmişdim. Qələm və əməl ilə haqqı tapdalanan azərbaycanlının yanında olacaqdımsa, rəsmi strukturların təqibini, bu yetərli olmazsa, hətta işgəncə maşınının altında dırnaq və sümüklərimin çıxarılacağını da göz altına almış, vaxtaşırı fikir etmişdim. Burası Azərbaycandır! Amma həbsdə Yeni Azərbaycan Partiyasının qurucularından, klassik Əliyevçi Eldar Sabiroğlunun prokurorluq orqanlarından istefa verib, bəyanat, müsahibə və kəskin müəllif yazıları ilə hakimiyyəti tənqid edərək yekunda 9 il müddətinə məhbəsə salınan hüquqçu oğlu Rüfət Səfərovla qarşılaşıb, sirdaş olacağımı, hətta ondan müsahibə alacağımı ağlımın ucundan belə keçirməmişdim. Çox ilginc bir qədərdir.... 

Rüfət bəyin istefa verib, uzun müddət ölkə gündəmini zəbt etməsini hələ Gəncə İstintaq təcridxanasında saxlanılarkən qonşu kameradakı dostların ötürdüyü "Azadlıq”dan xəbər aldım. Sonrakı müddətdə Səfərovun "Hüququn qətli” adlanan serial məqalələri ilə tanış oldum və qeyri-ixtiyari düşündüm. İllər uzunu YAP-ın və Heydər Əliyevin usta təbliğatçısı olmuş Eldar Sabiroğlunun başçılıq etdiyi ailədə bunca müxalif və sərbəst düşüncəyə sahib hüquqçu necə yetişmişdi, əcaba? Açığı, belə hadisəni nə eşitmiş, nə də oxumuşdum. Amma Rüfət Səfərov ciddi formada həm eşitdirdi, həm də oxutdurdu. Hər halda Azərbaycan tarixi üçün son dərəcə ciddi amildir. Bir neçə gün öncə saxlanıldığımız 9 saylı "zon”da Rüfət bəylə söhbət edərkən ona konkret təklif etdim: "Bəy, bəzi suallarım var. Birbaşa məhbəsdən müsahibəyə nə deyirsiniz?” 
Həbsdəki jurnalistdən nazirə çağırış
Bir az tərədüddən sonra dedi: "Cavid bəy, həbsdəki baş redaktorun məhbəsdəki hüquqşünasdan müsahibəsi oxucular üçün maraqlı olar. Bildiyim qədəri ilə oxşar şəraitdə bənzər subyektlər arasında müsahibə olmayıb. Məmnuniyyətlə....” 

Beləliklə, bəlkə də tarixi fürsəti fövtə verməyib sabiq müstəntiq Rüfət Səfərovla müsahibəni diqqətinizə təqdim edirəm:

"Azərbaycan gəncliyini məhv etmək mümkün olmayacaq…"

- Rüfət bəy, 2014-cü ilin avqustundan həbsdə olmağıma rəğmən, daim ölkə gündəmi ilə maraqlanmış, dövri mətbuatı izləmişəm. Bu baxımdan, 2015-ci ilin dekabrında səs-küylü istefanız, eləcə də bunu izah edən mövqeyiniz mənə və oxuculara artıq bəllidir. Bununla belə, Rüfət Səfərovun prokurorluq orqanlarından birbaşa zindana keçid etməsi Sizə nələri verdi, nələri aldı?

- Bəri başdan söyləyim ki, həbsə düşməyi qəhrəmanlıq, eləcə də ümumi iş baxımından faydalı hesab etmirəm. Amma bu da faktdır ki, Azərbaycan reallığında alternativ düşüncənin, sərbəst siyasi fəaliyyətin, xüsusi ilə tənqidi düz xəttin yolu məhbəsdən keçir. Ölkədə bərqərar olan sərt idarəçilik üsulu-avtoritar rejim başqa cür düşünüb yürüdülən rəsmi siyasəti obyektiv tənqid edən fəalın önünü dəyərmi masa arxasında kəsməkdə aciz olanda həbsin qapısını göstərir. Bu, avtoriatr idarəçiliyin hakim kəsildiyi istənilən dövlət həyatında belədir. Mən könüllü surətdə istefa verib, açıq mövqeyimi ortaya qoyduqdan cəmi iki həftə sonra həbs edildim, buraxıldım, yenidən zindana salındım. Dərs vermək istəyirdilər, öz aləmlərində. Amma unutmuşdular ki, bu həyatda müəllimlərimdən, valideynlərimdən və kitablardan dərs almışam, almaqda da davam edirəm. O ki qaldı həbs həyatının mənə nələri verib-almasına, deməliyəm ki, qazandıqlarımın yanında müvəqqəti itirdiklərim olduqca əhəmiyyətsiz görünür. Çünki mən azadlıq anlayışını fiziki-hərəki mənada yox, mənəvi-ruhi anlamda qarşılayıram. Baxın, bir məntəqədən digər məntəqəyə sərbəst adlayıb, həyatını yalan üzərində quraraq doğruları dilə gətirməkdə aciz olan "yeni azərbaycanlı” azaddır, yoxsa bir yerdən o biri yerə hərəkətini dəmir barmaqlıqlar kəssə də, ömrünü həqiqətə həsr edib çəkinmədən reallıqları söyləyən "köhnə azərbaycanlı”lar- məsələn, Gözəl Bayramlı, İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Seymur Həzi, Taleh Bağırzadə? Mənə görə, ikincilər və digər dostlarımız azadlıq anlayışını daha dolğun ifadə edirlər. Dövlət büdcəsini fərdi məqsədlərdən ötrü göyə sovuranların, xalqın malı ilə keçən xüsusi mülkiyyət kimi davrananların, il ərzində aldığı əmək haqqının cəmini ay ərzində xadiməçisinə sərf edərək yekunda məni " korrupsioner” olmaqda ittiham edənlərin diqqətinə çatdırıram; elə sanmayın ki, kənardan böyük və güclü görünən "cəza maşını”-nızın təkərləri altında özümü zəif və aciz sayıram. Zaman özü təsdiq edəcəkdir ki, üsul-idarəniz yararsız və müvəqqətidir, çünki düşüncənin faktiki yasaqlanmasına baxmayaraq, fədakar Azərbaycan gəncliyini sonunadək məhv etmək mümkün olmayacaq. Həqiqətləri söyləyənlər dünən və bu gün sıradan çıxarıla bilər, lakin yekun etibarı ilə tarix boyu heç zaman yenilməyən haqqın zəfər təntənəsi labüddür.

"Demokratiyanın uzaqda olmadığına qəlbən inanıram"

- Məhbəsdə olsanız da prinsipial mövqeyinizi qoruyub saxlayırsınız. Bu yaxınlarda Ali məhkəmədə çıxışınızda da həmin mövqeyi ifadə etmisiniz. Belə mövqe sərgiləmənizə görə sizə qarşı qısa zaman öncə səngiyən əlavə təzyiq mexanizmlərinin işə düşməsini gözləyirsinizmi?

- Bilirsiniz, elə bir xətti seçmişik ki, nəinki azadlıqda, həbsdə də təqiblərin olması qaçılmazdır. Cəzaçəkmə müəssisəsinə gələr-gəlməz bir töhmət, iki karser ilə "mükafatlandırılmışam”. 
Əvvəldən bu kimi situasiyalara özümü hazırladığımdan nə çəkinir, nə də təəccüb edirəm. Hansı təzyiq vasitələrinin işə düşməsindən asılı olmayaraq, doğru bildiklərimizi həbsdən belə söyləməyi qərara almışam. Cavid bəy, ötən əsrin əvvəlində babalarımız min bir zillətlə demokratik cümhuriyyət quraraq bizlərə əmanət edib. Əsrin sonunda cümhuriyyət yenidən qurulsa da demokratiya bərpa olunmayıb. Bəli, usanmaq bilmədən mübarizəsinin arxasında olan həqiqətpərəstlərin demokratiyanı gətirəcəyi günün uzaqlarda olmadığına qəlbən inanır və Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu” əsərində bizlərə xitabən yazdığı sözləri tez-tez xatırlayıram: " Sizdən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşgülatla ucaldaraq dedi ki, - bir kərə yüksələn bayraq bir daha enməz!”

- Həbsdə günlərinizi necə keçirirsiniz? Mənə bəlli olsa da oxucular üçün maraqlı olardı...

- Düşünürəm ki, insan planlı həyat sürüb nisbi qrafiklə yaşayırsa, günün necə gəlib-keçdiyini bilməz, hətta vaxt azlığından şikayət edər. Azadlıqda olduğu kimi, zindanda da günümü konkret qrafikə təslim etmişəm. Saat 6-00-da oyanır, səhər yeməyi yeyir, bir az kitab oxuyub dustaq yoldaşlarımızla gəzinti yerində gəziri və söhbət edirik. Sonra 9-00-da "razvod”-da olur, 11-00-da duş qəbul edib, 12-00-da yenidən "razvod”-u keçərək 18-00-da axşam yeməyi yeyib 19-00- dan 21-00-dək yenidən mütaliəyə vaxt ayırıb bir saat yürüdükdən sonra 22-00-da yatıram. Səhhətimdə olan müvəqqəti problem səbəbindən idmana vaxt ayıra bilmirəm. İnşAllah, tezliklə qaydasına düşər.
İnsanlar sanki hipnoz altındadırlar…

- Müşahidə etdiyimə görə ünsiyyətcilsiniz. Vaxtaşırı olaraq dustaqların ayrı-ayrı suallarını həvəslə cavablandırırsınız. Maraqlıdır, onları əsasən nə ilgiləndirir?

- Bu imkandan faydalı istifadə etmək istəyirəm. İstəyirəm ki, gələcəkdə bu illəri itirilmiş yox, qazanılmış illər kimi xatırlayım. Həbs adamının psixologiyası, daxili dünyası məndən ötrü hər zaman maraqlı olub. Bu baxımdan, "zon”-dakı 250 dustağın hər biri ilə söhbət edib, gələcək vəsaitlər üçün material toplayıram. İnanıram ki, nə vaxtsa oxucuların mühakiməsinə veriləcək həbs gündəliyi maraqla qarşılanacaq. 
Cavid bəy, artıq altıncı aydır ki, bura köçürülmüşəm. Bu müddətdə verilən sualların 70 faizi əfv və amnistiya ilə bağlıdır. Yadıma Aleksandr Soljenistinin "Qulaq arxipelaqı” düşür. Yazıçı həmin kitabda yazır: "On illər on illəri əvəzlədikcə məhbusların müxtəlif axınları gah amnistiya, gah yeni məcəllə, gah işlərə ümumi baxış olacağını həmişə gözləmiş və buna həmişə inanmışdır. Və bu şayiələr orqanlar tərəfindən bacarıqlı bir ehtiyatlılıqla dəstəklənirdi. Oktyabrın neçənci ildönümünəsə, Leninin yubileylərinə, Qələbə gününə, Qızıl Ordu gününə və ya Paris Kommunası gününə, ÜMİK-in hər yeni sessiyasına, hər beşilliyin yekununa, Ali Məhkəmənin hər plenumuna – daha nələrə ümid bəsləmirdi, azadlıq mələyinini enəcəyini daha hansı günlərə uyğunlaşdırmırdı məhbus xəyalları! Həbslər nə qədər vəhşiliklə, nə qədər gülünclə aparılırdısa, məhbus axını nə qədər qapsamlı olurdusa, onları ayıltmaqdansa, əfv olunmağa, aministiyaya inam doğururdu!” Bu cümlələr Azərbaycanın bu günü ilə necə də səsləşir, hərçənd ki, yazıçı Stalin dövrünü qələmə alıb. İnsanlarımız müxtəlif əlamətdar günləri gözləməklə günlərini keçirirlər. Sanki hipnoz altındadırlar. Mən məhbus gördüm ki, cəza müddətinin bitməsinə iki həftə qalmış yenə də əfvdən dəm vururdu. Hazırda dustaqlar kütləvi şəkildə yaxınlaşan Qurban bayramını və Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair sərəncamın nəticələrini gözləyirlər.

"Ölkədə elan olunmamış fövqəladə və ya hərbi vəziyyətdir"

- Uzun illərdir ki, Azərbaycan müxalifəti ardıcıl mübarizə aparmasına baxmayaraq, ölkədə ciddi uğur və dəyişiklik əldə olunmur. Uğur əldə olunmayanda bəzən qarşılıqlı ittihamlar meydana gəlir. Necə bilirsiniz, iqtidar kifayət qədər güclü, müxalifət zəif elektoral bazaya malikdir, yoxsa başqa səbəblər var?

- Hər hansı təşkilati mənsubiyyətim olmasa da bu fikirdəyəm ki, Azərbaycan müxalifəti nəinki zəifdir, əksinə çoxsaylı yasaq və məhdudiyyətlərin fonunda ciddi fəaliyyətini qoruyub saxlaya bilir. Birlikdə nəzər yetirək: müxalif partiyalar əsasən qərargahsız fəaliyyətdədirlər, rəhbərlər, müavinlər, müşavirlər həbsdədirlər, fərqli düşüncəni tirajlayan qəzetlər tamamən sıradan çıxarılıb, tez-tez saytlar dağıdılır, dövlət, ictimai və özəl tv-lərdə çıxışa imkan yoxdur. Mən deyərdim ki, ölkədə elan olunmamış fövqəladə və ya hərbi vəziyyətdir. Bununla belə, müxalifət dar macalda fəaliyyətinə ara vermir. Məhz bu fəaliyyətin nəticəsidir ki, hakimiyyət son günlər yeni həbs dalğasına rəvac verib. Qadın, qoca, yeniyetmə demədən repressiya maşınını işə salıb. Hətta daha uzağa gedərək mühacirləri başqa ölkədən oğurlayıb həbs edirlər. Hazırki durum ötən əsrin əvvəlində çar rejiminin rus insanına sərgilədiyi münasibəti xatırladır. Xüsusilə, 1917-ci ilin yanvar ayını nəzərdə tuturam. Eyni zamanda, Azərbaycan iqtidarının gücü özünü polis dəyənəyində, qanundankənar cəza dəstələrinin əməlində büruzə verir. Hələlik bir qism insanı təqibə məruz qoyub həbs etməklə, işgəncələr altında əzməklə digər qismin gözünü qorxuda bilirlər. Dəyişikliklər o zaman baş verəcək ki, qonşusunun, iş və ya tələbə yoldaşının, qohumunun və s. siyasi əsaslarla həbsi vətəndaşı qorxutmaq yerinə məsuliyyət və mübarizəsini daha da stimullaşdıracaq. Bu mərhələnin astanasındayıq. Adamlar gerçəkdən beziblər. O ki qaldı uğursuz yekundan sonra müxalif görüşü önə çəkən fəalların qarşılqılı ittihamlarına, bu təbiidir, çünki məğlubiyyət yetimdir, heç kim sahib durmaq istəmir. Həmin cəhət həm klassik, həm də müasir siyasətin qanunauyunluğuna aiddir. 

"Azərbaycanda əhəmiyyətsiz hakim korpusu fəaliyyətdədir"

- Kassasiya şikayətinizə Ali Məhkəmədə baxılıb təmin olunmadı. Bundan sonra müdafiə işini necə qurmaq fikrindəsiniz?

- Başqa qərar gözləmirdim. Məhkəmədə qeyd etdiyim kimi, ədalət mühakiməsinin sərbəst məhkəmələr tərəfindən həyata keçirilməsi demokratik idarəçiliyin əsas atributlarından biridir. Bu atribut nəinki Azərbaycanda mövcuddur, əksinə icraedici hakimiyyətin göstərişinə müntəzir olan əhəmiyyətsiz hakim korpusu fəaliyyətdədir. Bu baxımdan, pozulmuş hüquqlarımın ölkədaxili instansiyalarda bərpa olunmasına inanmır, müdafiəçilərimlə birgə sənədləri Avropa Məhkəməsinə hazırlayırıq. Belə bir inama sahibəm ki, istefa qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi arasında iki həftəlik müddətin olduğunu müəyyənləşdirən istənilən müstəqil hakim işin ardını oxumaz, siyasi yüklü təqib olduğunu yəqin edər.

- Rüfət bəy, Azərbaycan hüquq sisteminin gerçək mahiyyəti, xüsusilə prokurorluq,polis, cəza-icra, ədliyyə strukturlarının real hüquqi vəziyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Bu mövzuya dair fundamental yanaşmanı hazırlamışam. Problem müsahibədə yox, ayrıca müəllif yazısında çözülsə, daha məqsədəuyğun olar. Düşünürəm ki, yaxın günlərdə geniş məqalə ilə çıxış etmək imkanımız olacaqdır.

- Konkret siyasi partiya mənsubiyyətinizi, təşkilatlanmanızı, meydana siyasi iddia qoymağınızı gözləmək olarmı?

- Nəzəri olaraq istisna etmirəm. Lakin indi və gələcəkdə sərbəst hüquqşünas kimi fəaliyyətə üstünlük verəcəyəm. Bilirsiniz, mənə görə qanunsuzluqları, Azərbaycan hakimiyyətinin uğursuzluqlarını, addımbaaddım vətəndaşların hüquqlarının pozulmasını, 24 ildir ki, azad seçkilərin keçirilməməsini, vətəndaş cəmiyyəti institutlarının, hüquq müdafiə təşkilatlarının sıradan çıxarılmasını, müxalif medianın az qala rəsmən ləğv edilməsini, timsalınızda jurnalistlərin nəinki izlənilməsini, hətta dırnaqlarının çıxarılıb, qabırğalarının sındırılmasını ifadə etmək üçün siyasətlə məşğul olmaq vacib deyil, məsuliyyət hissinə malik vətəndaş həyatı sürmək kifayətdir. Baxmayaraq ki, bu həyat məşəqqətlidir, çətindir, amma sonunda seviləcəyimizi düşünürəm. Sovet dövrü rus ədəbiyyatının ən çox sıxışdırılan yazıçılarından biri Andrey Platonovun "Quru bitki”də yazdığı bu fikir yerinə düşür: "İki insan – biri çətindən, biri asandan keçir. Ancaq birincini sevirlər, haqlı olaraq onu sevirlər”.
Atam və anamı yenidən dərk etdim…

- Ailə üzvərinizlə görüşmə imkanınız olurmu?

- Ayda iki dəfə valideynlərimlə görüşüb, həftədə iki dəfə telefon əlaqəsi yaratmaq mümkün olur.

- Bu arada müdafiənizdən razısınızmı?

- Xalqımız qədirbiləndir. Son iki ildə cəmiyyətin müxtəlif təbəqələrindən özüm və ailəm dəstək görüb. Dəyərli ziyalımız Eldəniz Quliyevin rəhbərliyi ilə nüfuzlu aydınların təmsil olunduğu müdafiə komitəsi problemi hər zaman diqqətdə saxlayır. Azərbaycanın barmaqla sayılacaq cəsarətli vəkillərndən üçü – Bəhruz Bayramov, Yalçın İmanov, Fariz Namazlı ittihamın puç, məhkəmə qərarlarının qondarma sübutlara söykəndiyini ortaya qoyublar. Fürsətdən istifadə edib onların hər birinə ayrılıqda təşəkkürümü ifadə edirəm. Xüsusilə, atam Eldar Sabiroğlunu, anam Tahirə Tahirqızını fərqli zəmində yenidən dərk etdim. Onlar ciddi mübariz ruha malikdirlər.

- Deyəsən, Eldar müəllim Sizi əvvəl-əvvəl bərk tənqid edib, atdığınız addımı bəyənməmişdi.

- Məlum qərarı alarkən heç kimlə, eləcə də valideynlərimlə məsləhətləşməmişdim. Hörmətli Sabiroğlu isə yollarımızın siyasi mənada ayrıldığını bəyan edib, münasib bildiyim xətdən çəkilməyi tövsiyə etmişdi. Lakin müstəqil qərarımı bu gün də müdafiə edir, peşmançılıq da çəkmirəm.

- Bəlkə də, bu sualı ölkə mediasında dəfələrlə cavablandırmısınız. Amma mənim üçün maraqlıdır, köhnə dostlarınız, iş yoldaşlarınız, qohum-əqrəbanız heç Sizinlə maraqlanırmı?

- Sizcə necə olmalıdır? Atanın övlada, övladın anaya, bacının qardaşa, dostun dosta görə mühakimə edildiyi dövlətdə prokurorluq orqanlarından istefa verib tənqidi mövqeyini açıq surətdə ortaya qoyması səbəbindən məhbəsə salınana köhnə dost, iş yoldaşı, qohum-əqrəba yaxın durarmı (gülür)? Bu münasibətlər bərqərar olmuş rejimin xalqa təlqin etdiyi qorxudan doğur. Qoyduğunuz sual ilə əlaqədar hərdən Sabiroğlu ilə ata-bala dərdləşirik, hiss etdirməməyə çalışsa da adamların etibarsızlığını çətinliklə qəbul etdiyini duyuram. Yeri gəlmişkən, buradan Sabiroğluna söyləyirəm ki, gün gələcək həmin adamların çoxsaylı sifətlərinin yenidən "xoş” tərəflərini görəcəkdir, inşaallah.

"Məhbəsdə daha dərindən inandım ki..."

- Rüfət bəy, belə bir şəraitdə, sərbəst müsahibə üçün münasib zəmin olmadığı halda hamsını olmasa da mühüm sualları verib, cavab aldığıma görə Sizə təşəkkür edirəm. Həm Sizə, həm də özümə azadlıq diləyirəm və inanıram ki, tezliklə maneəsiz atmosferdə ölkə gündəmini müzakirə edib, geniş müsahibə təşkil edə biləcəyik. Son olaraq cəmiyyətə, Sizi həbs edən keçmiş həmkarlarınıza bir sözünüz varmı?

- İnsanlara həbsin faciəli olmadığını söyləyir, Paulo Koelyonun "Məktub” əsərindəki bir abzası olduğu kimi çatdırmaqda fayda görürəm: "Şagird dedi: "Bütün müəllimlər deyirlər ki, mənəvi xəzinəni fərdi axtarışla qazanırsan. Onda niyə hamımız bir yerdəyik?” Ona görə bir yerdəsiniz ki, meşə həmişə tək ağacdan daha möhkəmdir, rütubəti saxlayır, tufana sinə gərir, torpağın münbit olmasına kömək edir. Amma ağacı möhkəm eləyən onun kökləridir. Bir bitkinin kökü digər bitkinin böyüməsinə yardım göstərə bilməz. Eyni məqsəd üçün bir yerdə olmağımız insana öz istədiyi kimi kömək eləyir, bu da Allaha qovuşmaq istəyənlərin yoludur”, - deyə müəllim cavab verdi”. İnsanlarımız bilsinlər ki, məhbəsdə daha dərindən inandım ki, Azərbaycanda zorakılığa dayanan idarəçilik , " polis cəmiyyəti " , dövlət idarəçiliyində şaquli münasibətlər sisteminin ortaya qoyduğu ali siyasi-hüquqi iradə mövcuddur. Şübhəsiz, bu zəmində əvvəlimiz təqib, həbs, zorakılıq və digər məhrumiyyətlərlə zəngin ola bilər. Bunu qətiyyən uğursuzluğun hesabına yazmıram. Sartrın "Sözlər”- ində deyildiyi kimi "…əvvəl barədə də axıra görə mühakimə yürüdürlər.” Əminəm ki, bu günlər əsasında insan və vətəndaşa hörmət dayanan xoş günləri tezliklə doğuracaq. Son olaraq, cənab Sabiroğlu mütləq möhkəm olmalıdır.

Müsahibəni qələmə aldı: Cavid Şirəliyev

Müsahibə hüquq müdafiəçisi Oqtay Güləliyevin feysbuk səhifəsindən görtürülüb.