''Deputat tenderləri udub, mal çatdıra bilmir...''

''Deputat tenderləri udub, mal çatdıra bilmir...''

02-06-2018 11:53 / Bu xəbər 1006 dəfə oxundu

Elmira Axundovanın oğlu məhkəmədə ifadə verib

Elmira Axundovanın oğlu gömrükdə müsadirə olunmuş malları necə satırmış?

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı zaman-zaman müxtəlif qalmaqallarda hallanıb. Deputat oğlundan prokurorluğa, polis orqanlarına, Prezident Administrasiyasına belə şikayətlər göndərilib. O, tanışlarından biznes adıyla yüzminlərlə pul alıb qaytarmamaqda ittiham olunub.

Həbib Axundovun adı hallanan daha bir cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Deputat oğlunun dostu və iş ortağı Elnur İbrahimov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. E.İbrahimov 2016-cı ilin noyabrında Moskvada həbs olunaraq Azərbaycana gətirilib. O, Dubaydan katric gətirmək adıyla müxtəlif adamlardan pul alıb, əvvəllər onlara qazanc versə də, sonradan pullarını qaytarmamaqda təqsirləndirilir. Bu cinayət işində zərərçəkmişlərdən biri də Həbib Axundovdur. Baxmayaraq ki, digər zərərçəkmişlərin bir neçəsi Həbib Axundovun özünü ittiham edir, pulu ona verdiklərini, deputat oğlunun onları aldatdığını bildirirlər.

Onlardan biri də Fərman Məmmədovdur.

Fərman Məmmədovun sözlərinə görə, deputat oğlu ona deyib ki, dostu Elnurla birlikdə yeni biznes sahəsi yaradıblar, xaricdən ofis ləvazimatları, katric gətirirlər. Həmçinin gömrükdə müsadirə olunmuş malların satışını təşkil edirlər: "Deyirdi ki, anası Elmira Axundova Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udub, mal çatdıra bilmirlər".

Fərman Məmmədov deyir ki, Həbib ona bu işə pul qoyub, qazanc götürməyi təklif edib:

"Mən də inanıb razılaşdım. Birinci 10 mini Həbibə yaşadığı evdə verdim. Həbib mənə deməmişdi ki, məndən adığı pulları Elnura verir. Sonradan dedi. Bildirdi ki, onun özü də mənim verdiyim puldan qazanc əldə edir. Günlərin birində Həbib dedi ki, Elnur "piramida" oynayıb pulları ələ keçirib, amma mənim pulumu son qəpiyinə qədər özü qaytaracaq. Elə həmin gün axşam Həbib zəng eləyib dedi ki, uşaqlar Elnuru tutublar, Həbibgilin Şüvəlandakı bağ evinə aparırlar. Getdim, gördüm ki, həqiqətən oradadı".

Həmin vaxt digər zərərçəkmişlər də orada olub. Sonradan Fərman Məmmədov bu məsələni Elmira Axundova ilə müzakirə edib: "Elmira Axundova dedi ki, özü bağda Elnurla danışıb. Elnur hər şeyi ona açıqlayıb. Sonra Həbib çay evinə Elnuru gətirdi. O görüşdə Həbib boynuna götürdü ki, mənim 450 minimi özü qaytaracaq. 300 mini əvvəlcə üç ay ərzində, qalan 150 mini də sonra verəcəkdi. Bu söhbətdən 20 gün sonra Həbib Axundov məni evlərinə dəvət etdi, şəxsən Elmira Axundova 200 min manat verdi. Bir ya sonra zəng eləyib çağırdı və daha 50 min verdi. Sonradan Həbib qalan pulu qaytarmaqdan imtina etdi. Mənə dəymiş ziyanı Həbib Axundovdan tələb edirəm".

Həbib Axundov özü də ifadəsində təsdiqləyib ki, Fərmandan pul alıb Elnura verəndə özü zamin dayanıb. Fərman da pulu Nazir adlı şəxsdən alıb ona verib. Qeyd edib ki, Fərman bir dəfə Elnura onun xəbəri olmadan 100 min manat verib. Bunu eşidəndə Fərmana deyib ki, həmin pula zamin durmur:

"Bu hadisələrdən sonra Fərman bağa gəlib, məndən 575 mini tələb eləməyə başladı. Dedi ki, sən zamin durmusan, ayın axırına qədər verməlisən. Fərmana dedim ki, bir şey fikirləşəcəm. Sonra Fərman anama zəng eləyib olanları danışmışdı. Anam Fərmanı bu işə qatdığıma, pula zamin durduğuma görə mənə irad bildirmişdi".

Həbib Axundov bildirib ki, bankdan kredit götürüb, 210 min manatı Fərmana qaytarıb. Sonradan anası Fərmana daha 40 min manat verib. Qalan 200 mini isə verməkdən imtina edib.

Elnur İbrahimov özünü təqsirli bilmir. O, ifadəsində deyib ki, zərərçəkmişlərdən aldığı pullara görə onlara xeyli qazanc verib: "İlk dəfə mal almaq üçün Həbibdən 5 min manat aldım, axşam əlavə 500 manat qazancla pulu qaytardım. Sonra bir günlük 10 min manat aldım, 1500 artığı ilə qaytardım. Sonra 25 min istədim, Fərman Məmmədovdan alıb verdi, 30 min qaytardım. Daha sonra 90 min aldım, 99 min qaytardım. Daha sonra həftəsi 12 min qazanc olmaqla, 90 mini bir neçə dəfə alıb qaytarmışam. Sonra işlər yaxşı getmədi deyə, pulları qaytara bilmədim".

Proses iyunun 7-də davam edəcək.

Meydan.tv