"Dekabrda siyasi məhbus siyahısı yenilənəcək" - İntiqam Əliyev

28-11-2016 18:41 / Bu xəbər 2928 dəfə oxundu

Ötən günlərdə Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının Hazırlanması üzrə İşçi Qrupu 2016-cı ilin noyabr ayının əvvəllərinə qədər daxil olan müraciətləri araşdıraraq "siyasi məhbus siyahısı"nın yenilənmiş variantını təqdim edib.

Toplum.Tv olaraq Siyasi məhbus siyahısı barədə yaranmış suallara cavab tapmaq üçün hüquq müdafiəçisi və Siyasi Məhbusların Vahid Siyahısının Hazırlanması üzrə İşçi Qrupunun üzvü İntiqam Əliyevlə əlaqə saxladıq. 

- İntiqam bəy, tez bir zamanda siyahı yenilənməsi zərurəti haradan yarandı?

- Oktyabrda siyahını elan edəndə bəyan etmişdik ki, 45 nəfərin işi monitorinq altındadır. Hansı ki onların məhkəmə prosesində istifadə olunmuş hüquqi sənədləri əldə etməyə çalışırdıq. Həmin araşdırmalar yekunlaşdıqca adları əlavə edəcəyik. 

- Oktyabr ayında açıqlanan siyahıda 94 nəfərin adı qeyd olunmuşdu. İndi isə 144 şəxsin adı var. Niyə əvvəlki siyahıda yeni adamların adı yox idi? 

- Oktyabrda açıqlanan siyahıda 144 nəfərin adı ümumi elan olunub, onlardan artıq 117 nəfəri siyasi məhbus hesab olunur. Ümumi siyahıdan heç kimin adı çıxarılmayıb, əksinə əlavə olunanlar var. Müşahidə altında qalan insanların işlərini yekunlaşdırdıqca onların da adı növbəti siyahıya əlavə olunacaq. Qeyd edim ki, siyahıya əlavə olunmuş press-relizdə digər suallara da ətraflı cavab tapa bilərsiniz.

- Bu siyahıdakı rəqəmlər alternativ siyahıdakı saya yaxınlaşır. Demək olarmı ki, bu siyahı vahid siyahını ortaya çıxarmaq məqsədi ilə yenilənib?

- Hansısa təşkilatlar özlərinin siyahısının olmasını istəyirsə və hesab edirsə, onların tərtib etdiyi siyahı vahid siyahıdır, bu, onların öz seçimidir. Biz İşçi qrupu olaraq, vahid siyahının olmasında maraqlıyıq. Tərtib etdiyimiz siyahı da ölkənin nüfuzlu hüquq müdafiəçilərinin, vəkillərin daxil olduğu İşçi qrupu tərəfindən hazırlanıb. 

- Siyahı üzərində yenidən işlər gedirmi? Yəni tez bir zamanda yenilənməsi mümkündürmü?

- İşçi qrupu olaraq oktyabrda siyahı elan olunanda bildirmişdik ki, bu cür siyahılarla işləyən bütün təşkilatlar mütəmadi olaraq monitorinqlər aparır və siyahıya əlavələri təqdim edir. Biz də monitorinqlərə davam etdiyimiz üçün dekabrda siyahıya yeni adların əlavə olunması gözlənilir. Onu da qeyd edim ki, işçi qrupuna yeni şəxslər barədə məlumatlar daxil olur. İşçi qrupu olaraq bu ilin dekabr ayının sonunda monitorinq altında olan digər işlər üzrə araşdırmaları da yekunlaşdırmağı və bu barədə qərarı ictimaiyyətə açıqlamağı nəzərdə tuturuq.

Ofelya Ramilqızı