Cənubun Yesenini...

Cənubun Yesenini...

21-10-2018 23:05 / Bu xəbər 251 dəfə oxundu

Anarla və Anarsız

Şair var özünü yaşadır! Şair də var... özünü öldürür!

Özü özünü yaşadan şairlər çoooxdur, amma özü özünü öldürüb yaşad(ıl)an şair çox azdı... Mayakovski, Yesenin, Mikayıl Müşviq.
Hamının əvəzinə yaşayan adamlar da var - çoxdular, hamının əvəzinə ölən adamlar da - çox azdılar!
Hamının əvəzinə döyüşən adamlar da var - azdılar, hamını döyüşə səsləyən, səfərbər edən adamlar da - çoxdular!
Anar özü özünü öldürüb hamının əvəzinə döyüşən, hamının əvəzinə ölən şair oğludu kəndimin!

Azərbaycan Ordusunda 4 il səngərdə oldu - kimin əvəzinə dörd il saxladılar onu orduda bəlkə indi heç respublikanın hərbi komissarı da düz-əməlli ört-basdır edə bilməz.

Anar həm özü, həm də istedadı sevilən şair oldu ölkədə: kitabını da çap elədilər, prezident təqaüdü də verdilər, haqqında səhifə-səhifə yazılar da yazdılar "Ədəbiyyat" qəzetində. Fəqət bu onu xilas etmədi: ömrünü o dörd ildə o səngərdə almışdılar. O səngərdə alınan ömrün cansağlının ağrısını sürüyə-sürüyə özün çəkib gətirdi ölümün qapısına. Çox gözlədim onu tanıyanlar, haqqında yazanlar desin... Anarı yaşamağa başlayanda ömrünü almışdılar!
Haçan görürdüm, deyirdim: Anar, sağal, yazacam səndən, amma sağal, sağalmasan, yazmayacam. Haçan görürdüm ki, Anarı: ildə bir dəfə! Uzun illər sağalmadı! Həmişə ağrısı üzündə, ağrısı üstündə gəzdi. Ciyərlərini əyninə geyinərək...
 
Dünən qardaşı Məmmədin səhifəsində Anara təbrikini oxudum: 
Bu gün Anarın ad günüdür!
Uca Anarın, qoca Anarın, 
yox... qocala bilməyən cavan Anarın!
Qardaş Anarın, yoldaş Anarın, oğul Anarın,
şair Anarın ad günüdür!
41-də başlamış müharibəsini 43-də uduzmuş 
Fatehin atası məğlub Anarın!
Bu gün Anarın ad günüdür...
Nə sevinə bilirəm, nə ağlaya bilirəm.
Dolu ürəyim gözlərimin üstünə çəkir
qaşlarımın ağırlığını.
Badə edib qaldırıb içə bilmirəm
Anarın can sağlığını!

Doğru yazıb Məmməd Həbib - Həbib Səfərdən sonra kəndimizdə "mən də şairəm" cəsarətini ortaya qoyan müəllim, şair, gözəl inzibatçı, dövlət qulluqçusu sinif yoldaşım.

Əlavə etdiyim budur: şair var ancaq özünü-sözünü sevirlər. Vaxtsız itirdiyimiz Anarı isə təkcə özünə-sözünə görə yox, həm də atasına, qardaşlarına, öz atalığına, dostlarına, kəndinə görə sevmək lazımdı. Çox az şairin belə sevilmək qisməti olub.

Vaxtsız həyatdan köçmüş Həbib Səfərin yadigarlarını böyüdə bildi Rəziyyə xanım: nə ehtiyac, nə dərd-sər mane ola bilmədi. Təkcə Anarı... vətən aldı, səngər aldı: heç nə ilə də qaytara bilmədilər: nə mükafatlar, nə sevgi, nə də...

Vaxtsızlıq alın yazısı oldu atasına da, Anara da, amma həm də Anar "vaxtdan uca" oldu: Çatmadığı 50, 60, 70, 80, 90, 100 yaşında da Anar anılacaq, yaşayacaq, oxunacaq, səslənəcək, necə ki, Həbib Səfər bunu bacarır!

İçi özüm qarışıq kəndimizdə "şairlik" edən bəs qədərdi - apar tulla... qəzet arxivində, hansısa oxunmayan kitabda qalası imzalardı, amma fitrətən şair elə Həbib Səfərdi, elə Anar Həbiboğludu - sevilən imzalar: Ziyafət, Əli Nasir, Xilqət, Tərlan Əbilov, Zahir Əzəmət kimi! Kənddən şəhərə, şəhərdən paytaxta, paytaxtdan dünyaya ürəyinin başına qoyub SÖZ adına adlarını çəkmək olar!

Anar Həbiboğlunun bir "Qızım" şeiri (yadımda belə qalıb, kitab əlimin altında deyil) var - heç nə yazmasaydı da o şeirdən başqa, bəs edərdi: rusun, ingilisin, fransızın, ispanın da ürəklə oxuyacağı, yaddaşına alacağı şeirdi!

Anar Həbiboğlunun "Bir saat" şeiri var - dünyanın bütün sevən insanları üçün yarayan şeirdi!
Anar Həbiboğlunun bir... iki... yüz şeiri var: hər şeirində ən azı bir misra, bir beyt, bir bənd ƏDƏBİ SÖZÜN PORTRETİ-VİZİT VƏRƏQİdir! Və Anar Sözə can verdi canından, canının hayına qala bilmədi!

Ən müxtəlif ixtisaslı adamlardan yazmışam: ilk prinsipim o olub ki, məhz bu adama görə bu fikri işlətmək olar! Hansı fikri? O fikri ki... onun timsalında, ona aid olanı bütün xalqa nümunə kimi demək olar!

Bax mən ancaq Anara görə bu fikrə gəlmişəm həmişə və əminəm ki, kənddən-kəsəkdən olan bütün şair-yazıçılar üçün keçərlidi. Kənddə indi Allah eləməmiş məni ağıllı sayan biri soruşdu ki, Anar haqqında nə fikirləşirsən? Lənkəran aeroportundan Moskva təyyarəsi havaya qalxdı, mən də təyyarəni göstərdim. Təbii ki, təyyarə uzaqlaşa-uzaqlaşa nəinki nöqtəyə döndü, tamam itdi.

- Əzizim, Anar o təyyarə misalı. Haralara gedib çıxacaq, nə boyda əzəmətdə görünəcək, sən bilmirsən, ancaq uçan təyyarə sənə kiçik görünür, getdikcə də görmürsən - təyyarənin o əzəmətini də, o məharətini də... görsən də, unudursan! Ancaq təyyarə bir də enəndə, yaxınlaşanda görürsən əzəmətini. Anar nə sənin, nə də bu kəndin əzəmətini bilmədiyi, mahiyyətinə varmadığı böyüklükdədi, ucalıqdadı, ancaq sən də, kənd də onu nöqtə, hətta yox kimi görür! Sənin də, kəndin də ağlında böyüklük, əzəmət vəzifə ilədi: raykom katibi, idarə müdiri, polis rəisi, baş redaktor, nə bilim, prezident. Sən də, kəndimiz də fərqində deyil ki, elə insanlar var onlar vəzifədən çox böyük gəliblər dünyaya. Sənin ağlında böyük olan adamlar uzaqbaşı hansısa qurumun arxivdə qalacaq imzalarıdı! Ancaq Həbib Səfər, Anar Həbiboğlu nəinki bu kənd, rayon, lap elə ölkə üçün həmişə ucalıqda olan adlardı, yaddaşda qalacaq imzalardı. İndi kim Həbib Səfərovu rayonun partiya-nəzarət şöbəsinin müdiri kimi xatırlayır? Xatırlayan ancaq işi düşənlərdi. Lənkəranda. Ancaq şair Həbib Səfəri rayon da, ölkə də xatırlayır, əziz bilir! Bax, Anar da elə! Kəsəsi, içinizdə olan ucalıq imzalarını dəyərləndirin. O ucalıq imzaları sizinlə çayxanada oturursa, toyunuzda oynayırsa, yasınızda başsağlığı verirsə, restoranlarda sizinlə araq içirsə, elə bilməyin elə sizin tay-tuşunuzdu, siz dəyər versəniz də, verməsəniz də, onlar ucalıq adamlarıdı!

Gədəbəyin Arabaçı kəndində də belədi, Şamaxının Göylərində də, Lənkəranın Yuxarı Nüvədisində də, Bərdənin Kətəlparağında da, Göyçayın İncəsində də, Ucarın Alpoutunda da, Füzulinin Qoçəhmədlisində də, Zaqatalanın Danaçısında da, Lerikin Brkandulunda da... hər yerdə!

Anar Kərgəlan kəndində, sadəcə, Həbib müəllimin oğluydu, bu kənddə vəzifəsinə görə böyük sayılan kişinin oğlunun elə dədəsi boyda da böyüklüyünü isə heç kim bilmirdi bəlkə də...

Halbuki... Anar Həbiboğlu Azərbaycan ədəbiyyatında "Cənubun Yesenini" ucalığını haqq etmişdi!

Mən sağlığında yazmadım: ehtiyac yox idi - Anar ədəbi mühitin hər yerində böyüklüyünü nümayiş etdirirdi! İstənilən görüşündə istənilən adamla!
Təkcə mən aqressiv davranırdım: onun özünə və yaradıcılığına qarşı səhlənkarlığını qəbul etmirdim. Bəlkə də hər görüşdə demişəm: sənin elədiyin o "yaradıcı dəliliyin" birinci bədbəxt nümayəndəsi mən, nə dəyişir bu "dəlilik"lərlə? Axı sənin üçün ağıllı nümunə də var - öz evindən: Atan, qardaşın! Sağal, yazacam, sağalmasan, yazmayacam!
Anar... sağalmadı!
Anar özünü öldürdü!

Anar yaşayacaq - onu yaşatmağı bizim boynumuza qoydu... "Cənubun Yesenini". 

Bu şeirin müəllifi: 

Nə ki yapışmışdı ayağım yerdən,
Bir ev tikəmmədim şəhərə yaxın.
Mən də öləcəyəm qaraciyərdən,
Mən də öləcəyəm səhərə yaxın.
.
Səsləyəcək məni bir sehirli səs,
Gedərəm səhərin ayazlığında.
Bir cüt qadın əli son nəfəsini
dərəcək saçımın bəyazlığında.
.
Yolar saçlarını qız şeirlərim,
Anamın dumanlı gözləri quyu.
Qəmli misralarım qərənfil kimi 
səpilər keçdiyim küçələr boyu.
.
Təması itəcək doğma əllərin,
Yaranar arada uçurum, dərə.
Səpilər qəlbimin bəmbəyaz nuru
Axşam fişəngitək pəncərələrə.
.
Anam ağı deyər: "Anar, ay Anar...",
Bilməz ki, dünyada yoxdu son səfər.
Qonşuda bir gəlin ağrıdan yanar,
Yazıq doğar məni neçənci dəfə...

Aydın Canıyev