Cənab Prezident, qaşınıram...

Cənab Prezident, qaşınıram...

20-04-2018 15:14 / Bu xəbər 10924 dəfə oxundu

Şəmşad Ağa

Cənab prezident, bilirəm, başınız qarışıq, işləriniz də çoxdur. Açığı, 4 dəfə prezident seçilmək də hər oğulun işi deyil. Adamlar var ki, 25 ildir müxalifətdədirlər və heç olmasa, 1 dəfə prezident ola bilmirlər. Buna görə döyülür, tutulur, qovulurlar, yenə də xeyri olmur... Yığışıb mitinq də edirlər. Danışıqları da nədir: qərrupsiya, ofŞOR, pendir, lavaş... 

Hələ biri özünü "cool" göstərib şeir də oxuyur: Ayağa dur, Azərbaycan, nər oğlu, nər... Yox bir dəvə qutabı...

Başa düşmürlər ki, heç dünyanın özündəndeyən prezidentləri də 2 dəfədən artıq prezident ola bilmirlər. Götürək elə Trampı, heç prezidentə də oxşamır, zalım oğlu elə bil Əhmədi-biqəmdir. Amma bizim Qarabağ boyda dərdimiz var. 

Görürsünüz, Ermənistan necə dağılır? Bir dəstə başıpozuq avara çıxıb küçələrə, nə sabitlik var, nə inkişaf... Hələ özlərinəbənzər bir liderləri də var: Paşinyan. "Kamaz" şoferinə oxşayır... 

Açığı, düşündüm ki, işin "razqar" vaxtında sizə mane olmayım. Amma sonra fikirləşdim ki, qısa da olsa, ərzi-halımı söyləyim. Əslində, poçtla da göndərə bilərdim. Amma bizim Rabitə Nazirliyinin başı qarışıb sayt-zad bloklamağa. Hələ nazir də deyirlər, bir qədər təcrübəsizdir, bilmir hansı "şunur" hara taxılır. Ona görə də ümid qaldı "badi-səba"ya...

Doğrusu, sizin 4-cü dəfə prezident seçilməyinizə də bir etirazım yoxdur. İstəyirsiniz, 6-cı dəfə seçilin. İndiki halda heç umrumda da deyil, bir əlimdir, bir başım. İndi məni demokratiyadan, seçkidən də çox bu qaşınmadan necə xilas olmaq düşündürür.

Bakıda bir aydır, normal qaz verilmir. Təsəvvür edirsiniz, bir aydır, evdə çimə bilmirəm?! Soyuq su da ki mənlik deyil. Xəstə adamam, toxunan olsa, plasmas kimi qopub tökülərəm...

Bilirəm e, mane oluram, işlər çoxdur, "Formula 1" var, filan... Amma bu qaz məsələsi də həll edilməlidir. 

Allah haqqı, qaşınıram... Avtobusa, maşına minməli deyil, hamı qaçır adamdan... 

Bu məmurlara zəng də edirsən, faydası yoxdur. Hələ o "Azəriqaz"ın rəhbəri var e, Əkbər Hacıyevdir, kimdir. Özünü elə aparır, elə bil Böyük Qafqaz dağlarını o yaradıb. Başqa ölkədə olsa, heç tramvay sürücüsü götürməzdilər. 

Hamısını Rövnəq müəllim edəsi deyil axı... Bəs erməni kilsələrinə qazı kim versin? Görüm erməni kilsələri köməyi olsun...

Məncə, təmizlik, səliqə, abadlıq hər bir evdən başlanmalıdır. Ona görə də indi ölkədə islahatlara birinci hamamlardan, lap elə bizim hamamdan da başlamaq olar...

Hə, bir də bu məmurlar kitab-zad oxumurlar deyə sözləri də tərsinə başa düşürlər. Yəni dediyim odur ki, qaşımağa ehtiyac yoxdur, qaz versinlər yetər.