Kartofa qoyulan ixrac rüsumu ləğv ediləcək? - YENİLƏNİB

Kartofa qoyulan ixrac rüsumu ləğv ediləcək? - YENİLƏNİB

10-04-2019 13:54 / Bu xəbər 515 dəfə oxundu

Kartofun ixracına qoyulan gömrük rüsumunun götürülməsi barədə xəbərlər yayılsa da, bu hələki rəsmi təsdiqini tapmayıb. 

FED.az xəbər  verir ki, fermerlərə rüsumun ləğv ediləcəyi bildirilib. 

Faraş kartofun ömrünün az olduğunu nəzərə alaraq, sahibkarlar zərərə düşməsin deyə hökumətin belə bir qərar verəcəyi gözlənilir. 

Nazirliklərdəki mənbələr isə bununla bağlı hökumətdə müzakirələr getdiyini təsdiqləsələr də qərarın ləğvi barədə konkret fikir söyləmədilər. Belə ki, versiyalardan biri belədir ki, kartofun ixracına qoyulan rüsum yarıbayarı azaldılsın. 

"Qərarın müddətinin bitməsinə onsuz da 21 gün qalıb. Ona görə də ləğv edilməsi o qədər də gözlənilən deyil”, - deyə mənbə qeyd edib. 

Qeyd edək ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. 

Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib.

Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib.
 
Xatırladaq ki, aprelin 8-də Cəlilabad rayonunun Muğan kəndində (keçmiş Svetlaya Zarya sovetliyi) yerli əhali etiraz aksiyası keçirib. 

Bu barədə Arqument.Az-a kənd sakini Zakir Ağayev məlumat verib.

Onun sözlərinə görə, aksiyanın keçirilməsinə səbəb kəndlilərin əkib-becərdiyi məhsulun (kartofun) satışına yaradılan əngəldir: "Kəndlilərin dediyinə görə hər 20 tonluq yük maşınına 20 min manat gömrük rüsumu tətbiq olunur. Yerli sakinlər haqlı olaraq bu haqsız rüsum tətbiqinə etiraza qalxıblar”.

Məlumatda daha sonra vurğulanır ki, hadisə yerinə Cəlilabad rayon icra başçısı Namiq Zeynalov da gəlib. Lakin başçının verdiyi təklif yerli əhalini qane etməyib və razılaşmayıblar.
 
İcra Hakimiyyətindən aksiya ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.