"Cüdo Klubu 2012"dən reportaj - VİDEO

22-03-2016 17:06 / Bu xəbər 1818 dəfə oxundu

Azərbaycanda cüdo idman növünün inkişafına xidmət edən cəmiyyətlərdən biri də "Cüdo Klubu 2012" İctimai Birliyidir.

"Report" xəbər verir ki, klubun yaradıcısı Azərbaycan Cüdo Veteranlar Assosiasiyasının prezidenti, ustalar arasında ikiqat dünya çempionu, veteranlar arasında dəfələrlə dünya və Avropa birincisi olmuş Azər Əsgərovdur.

Hazırda onun təsisçisi olduğu klubda müxtəlif yaş qruplarından təqribən 500 idmançı məşq edir.

Klubun fəaliyyət göstərdiyi bina 4 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində yeniyetmə və uşaqlar üçün zal fəaliyyət göstərir, ikinci mərtəbədə isə yataqxana yerləşir. Bura idmançıların təlim-məşq toplanışları zamanı qala bilmələri və istirahət etmələri üçün nəzərdə tutulub. Üçüncü mərtəbədə gənclər və veteranlar məşq edirlər. Dördüncü mərtəbədə yerləşən zalda isə hər kəs - yeniyetmələr, gənclər, veteranlar məşq edir.

2012-ci ildən fəaliyyət göstərən klubun təmsilçiləri həm ölkə çempionatı, həm də beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər.

"Klubun yaradılmasında əsas məqsəd usta veteranlar üçün məşq yeri təşkil etmək olub. Lakin sonradan elə oldu ki, burada təkcə ustalar deyil, bütün yaş qruplarının nümayəndələri məşq etməyə başladılar. Artıq bizim klubda 6 yaşdan 60 yaşa qədər hamı məşq edir və onlar həm respublikada, həm də xaricdə keçirilən yarışlarda iştirak edirlər", - deyə veteran cüdoçu, dünya çempionu Fərhad Rəcəbli bildirib.