Cavabsız qalan sual...
13-05-2016 12:32 / Bu xəbər 5848 dəfə oxundu
Balaşirin Ağamirzəoğlu
(Hekayə)
Dumanlı yaz günlərinin biri idi. İstirahət günü olduğu üçün Rəsul müəllim evdə idi. Çox darıxırdı, darıxırdı ona görə ki, artıq altı aydan çox idi ki, doğma, əziz,lap çox sevdiyii ciyərparası olan oğlu Samirdən ayrılmışdı. Axı o, atasının yaraşıqlı, boylu-buxunlu, səliqəli, tərbiyəsi və səmimiyyətli ilə hamını valeh edən ilk övladı idi. Cəmi 23 il ömür sürmüşdü. Cavan və çox sadə qəlbi arzularla dolu idi. Sinəsində çırpınan qəlbininin səsini eşitmək olurdu. O səs indi də atasının qulaqlarından getmir: "Ata, mən el-obaya, qohuma, dosta bir arxa, bir dayaq olacağam”.
Ata da inanırdı ki, o, buna qadirdir və olacaq. Amma...
Ata yolunu kənd qəbirstanlığına saldı. Qəbirstanlıq evindən təqribən bir kilometr yarımlıq məsafədə yerləşirdi. Kəndini relyefi nahamar idi. Həmişə o yolu maşınla qalxırdı. Qərara gəldi ki, piyada getsin. Çunki əziz oğlunun, heç söhbətindən, gözəlliyindən doymadığı oğlunun hüzuruna əziyyət çəkə-çəkə getmək daha dəyərli olar. Bir tərəfdən yolların eniş-yoxuşlu olması, digər tərəfdən qəm-qüssə, hiss-həyəcan onu incidirdisə, oğul həsrəti onu irəli çəkə-çəkə aparırdı. Onu ora yalnız bir sual çəkridi. O sual ki, Samirin məzar daşının üstündə həkk olunmuşdu.
Oyan oğlum, oyan, sənə sözüm var,
Aç gözlərini, aç, bir sualım var!
Namərd zərbəsinə tuş gələn zaman
Kimi harayladın, kimi çağırdın?!
Oyan oğlum, oyan, sənə sözüm var,
Aç gözlərini, aç, bir sualım var!
Bəli, bu suala altı aydır ki, ata cavab tapa bilmir. Hər dəfə atasını görüb sadə bir əsgər kimi ayağa qalxan, "buyurun, atam, nə tapşırığınız və sözünüz var" deyən, üzündən-gözündən nur yağan oğul bu gün qara mərmər daşına döndüyü üçün atanın sualına cavab vermir. Amma nəyin bahasına olursa olsun, ata bu dəfə ondan cavab almalıdır. Çünki o sual onu çox narahat edir. Niyə də narahat etməməlidir. Axı Samir cəmi iki ay idi ki, ailə həyatı qurmuşdu. Özünün və hamımızın çox istədiyi özünün sevib-seçdiyi ay parçası kimi bir xanımla evlənmişdi. Bir ildən çox onlar nişanlı qalmışdılar. Nişanlanıb hərbi xidmətə gedəndən sonra hər dəfə anası ilə əlaqə saxlayanda, "Ana, Şəbnəmdən müğayət ol, ana, Şəbnəm necədir?” deyərdi.
Komandırı bir dəfə onda telefon tutanda atasına zəng edib demişdi: "Müəllim, Samir çox tərbiyəli, qanacaqlı oğlandır. Bu tərbiyəyə görə Sizə minnətdaram. Həm də çox təmizkardır".
Danışıqdan iki dəqiqə keçəndən sonra Samir yenidən zəng vurub dedi ki, ata o, məndə telefon tutmuşdu. Lakin mən ona deyəndə ki, nişanlıyam, nişanlımla danışırdım, sağ olsun komandir məni başa düşdü və məsələnin üstündən xətt çəkdi.
Oxuduğu Universitetdə onun sevimli müəllimi Ruqiyyə müəllimə ilə tez-tez əlaqə saxlayıb: "Şəbnəmdən muğayət ol", - deyərdi. Çünki hərbi xidmətə yola düşəndə Şəbnəm hələ 3-cü kursda oxuyurdu. Ruqiyyə müəlliməyə tapşırmışdı onu.
Qatil onu qəflətən, arxadan bıçaqla vuranda onun yanında heç kim olmamışdı. Mənə maraqlı idi ki, Samir köməksiz halda yerə yıxılanda bir anlığa belə Şəbnəmi heç kimə etibar etmədiyi halda gözünün qabağından nə keçdi, kimi harayladı, kimdən kömək istədi? Atamı, anamı, cəmi iyirmi gün ondan öncə hərbi xidmətə yola saldığı qardaşınımı, yoxsa 6-cı mərtəbədən ona zəng edib telefonuna cavab verə bilmədiyi Şəbnəminimi?
Bu sual atanı qəbirstanlığa çəkib aparırdı. Yolda dizləri tutulurdu, havanın dumanlı, çiskinli və nisbətən soyuq olmasına baxmayaraq həyəcan təri basmışdı onu. Əynindəki qısa gödəkçəni çıxarıb çiyninə atdı. Allahdan kömək dilədi. Qəbirstanlığın giriş qapısına yaxınlaşanda lap taqətdən düşmüşdü. Yerə yıxılmaq anında özünü ələ ala bildi. İçəri girməyə özündə güc tapdı. Var-gücünü toplayıb özünü bir başdaşına dayadı. Əyilib baş daşına baxanda rəhmətlik Məzahir dayının şəklini gördü. Axı o da orada uyuyurdu. Həyatda olduğu kimi şəkildə də gülürdü. O, Samiri soruşdu Məzahir dayıdan.
Məzahir dayı da, "darıxma dedi, yanımdadır. Qısa vaxtda hamımızın hörmətini qazanıb", - dedi. Məzahir kişinin baxışları və "Samir yanımızdadır" deməsi saçı ağarmış atanın yadına hələ bələdiyyə sədri işlədiyi vaxt bir xatirəni saldı. Bələdiyyənin ehiyat fondu üçün ayrılmış torpaq sahəsinin otunu biçəndə Məzahir kişi gözətçı işləyirdi. Samir də lap balaca idi. Atasının arxasınca sahəyə gəlmişdi. Ata kip bağlayan traktoru sahəyə gətirməyə getmişdi. Onu isə Məzahir kişiyə tapşırmışdı. Samir Məzahir kişinin başının qarışdığını görüb atasının dalınca qaçıbmış. Məzahir kişi onu çox çətinliklə tapıb geri qaytarmışdı. Lakin Məzahir dayının simasından oxunurdu ki, indi onun yanında olan həmin Samir deyil.
Ata qəbirstanlıqda addımlaya-addımlaya sanki hər məzar daşından bir səs gəlirdi: "Samirin atası gəlir".
Samir isə yuxarı başda, bir təpədə qara mərmər daşından ona baxır, baxışları ilə onu çağırırdı: "Ata” tez gəl, yanıma gəl, mənə bir xəbər gətir”.
Babasının, nənəsinin yanında uyuyur o. Babası çoxdan dünyasını dəyişdiyi üçün onu heç görməmişdi. Nənəsi isə onu çox istəyirdi. Həmişə başının arxasını sığallayıb deyərdi ki, oğlumun toyunu görüb ölsəm, bil ki, rahat gedərəm bu dünyadan. Toyunu görə bilmədi nənə. Bəlkə də çox istəməyindən onu yanına tez apardı.
Baxışları ilə atasını aşağıdan yuxarı süzürdü. Gözlərindən sanki narahatlıq oxunurdu:
- Nə dəqər dəyişilmisən ata. Belin bükülmək üzrədir ata. Sən ki belə zəif deyildin. Səni mənmi qocaltdım? Bağışla ata, bağışla məni amansız düşmən namərdcəsinə yaraladı.
Bu anda ata ona sual vermək istədi, o isə sanki mimikadan başa düşdü, atasının fikirini yayındırmaq üçün ona suallar yağdırdı.
Anasını soruşdu:
-Ana necədir? Darıxırmı? Şəbnəmdən nə xəbər? Onu kimə etibar etmisiniz? İmtahanlarını verə bilirmi? Ruqiyyə müəllim yaxşı adamdır. O, Şəbnəmə kömək edirmi? Ata, ev-eşikdən mənə danış. Qapımızı açan varmı? Qardaşım Fuad necədir ? Orduda vəziyyət necədir? Yəqin ki, onun xidmətinin başa çatmasına lap az qalıb.Ata, ən əsası odur ki, mənim həyatıma heç bir səbəb olmadan son qoyan sapı özümüzdən olan balta və havadarları gördüyü işdən peşmandırmı?
Ata, mən Sizə xidmət edə bilmədim. Mənim də taleyim belə yazılıbmış. Fuad və Rauf məni əvəz edəcəklər. Raufa de ki, yaxşı oxusun.
Ata ona sual vermək istədiyini bildirdi. Bura da məhz o suala cavab aalmaq üçün gəlmişdi. Amma...
- Ata, bilirəm nə deyəcəksən? Ürəyim doludur, qoy ürəyimi boşaldım. Xahiş edirəm, hələlik mənim suallarıma cavab verəsiniz. Tələbə yoldaşlarımdan, dostlarımdan xəbəriniz varmı? Röyal, Famil, İslam, Rəşad, Akşin və başqaları sizinlə əlaqə saxlayırlarmı?
Bu anda atanın gözlərinin onunla yanaşı uyuyan bir gəncin məzarə üstə əkilmiş bir qızılgülə zilləndiyini görəndə ona sual verdi.
- Ata gülə baxıb niyə fikrə getmisən?
Qızılgülün budaqları yerə sallanmışdı. Yarıaçılmış butalardan ləcəklərin rəngi güclə seçilirdi. Ancaq yarpaqlardan su damcılayırdı. Bu damçılar yağış damcısı deyildi. Bu damcılar göz yaşlarını xatırladırdı. Çünki həmin gün hava dumanlı, çiskinli olmasına baxmayaraq yağış yağmırdı.
Fikrə getmiş ata birdən yuxudan oyanmış kimi cavab verdi.
- Heç bala, görəsən, bu gülün dərdi nədir? Bəlkə, onun da dərdi var! Bəlkə, o da bizim söhbətimizə qulaq asıb dərdimizə şərikdir?
- Bəli ata, o güldən mən ətir alıram. Axı siz də bilirsiniz ki, mən gül həvəskarıyam. Mən onu qışın şaxtalı vaxtında ağlayan görməmişdim. Onu həmişə şən və şux görmüşəm. Görünür, o da bizim ahımıza yanır. Amma siz həmişə nəsihətli, qürurverici sözlər danışardız, söhbətlər edərdiz, şeirlər söyləyərdiz.
Məhərrəm Ağalar oğlunun şerindən söylədiyiniz iki bənd indi də yadımdadır:
Əlini qoyanda zəif çiynimə,
Az qala qüvvətim orduya bata.
Bükülər qamətim, əyilər belim.
Əlini çiynimdən götürmə ata,
Məni tənhalığa ötürmə, ata!
Dünya əzab dolu, dünya qəm dolu,
Labirint formada dolaşır yolu.
Namərdlə doludur sağı, həm solu
Əlini çiynimdən götürmə, ata!
Məni tənhalığa ötürmə, ata!
- Ata, sən əlini çiynimdən heç götürmədin. Körpəlikdən sənin isti nəfəsini, sənin atalıq hissini, atalıq borcunu çox yüksək səviyyədə hiss etdik. Amma mənim sadəlövhlüyüm məni məhv etdi, sizi də sarsıtdı.
- Bala, babanın onun yanına tez, ömrünün çiçəklənən vaxtında, o dünyadan bu qaranlıq dünyaya gəlməyinə münasibəti necədir, - deyə ata sual verdi.
- Ata, o əvvəlcə məni tanımadı. Nənə məni babanın yanına aparanda məni aşağıdan-yuxarı süzəndən sonra başına çırpdı və mənim vaxtından əvvəl torpağın altında onunla görüşməyimi özünün səhvinin olduğunu etiraf etdi. Dedi ki, bu mənim həyatda ən böyük və bağışlanmaz bir səhvimdir. Mənə və bütün qohum-əqrəbaya isə bu sualın cavabını verməyə çətinlik çəkdiyini bildirdi. Dedi ki, ancaq o qara ilanı mən bu ailəyə düçar etmişəm. Nənə isə gecə-gündüz ağlıyar. Ata, o səni deyib ağlayar. Ağlayır ki, övlad dağı dəyən oğlumun günü-güzaranı necə olacaq?
Bu anda atanın diqqəti atasının baş daşındakı şəklə sataşdı. Atanın gözlərində bir mənalı baxış hiss etdi. Sanki ona demək istəyirdi ki, bala, Samir düz deyir, o mənim səhvimdir. Vaxtından əvvəl gül kimi balanı sənin əlindən alıb ürəyinə çalın-çarpaz dağ çəkdilər. Zərbələr məndən sənə vurulan zərbələrdir. Onunla yanaşı duran ananın isə başdaşından sanki bu sözlər oxunurdu: ”Bala, möhkəm ol, o zərbələr səni sarsıtmasın, hələ sənin iki oğlun var. Həyat davam edir”.
Ata başını qaldırıb qəbirstanlığa nəzər yetirəndə artıq duman çəkilmək üzrə idi.
Elə bil bütün cavanlı-qocalı məzarlardan bir səs gəldi: ”Darıxma Rəsul, darıxma. Biz və Ulu Tanrı Samiri çox istədiyindən o bura gəlib”.
Ata üzünü Samirə tutub sual vermək istədi. O isə atasından bir xahiş etdi: "Ata, bizi çox böyük naz nemətlə böyütdün. Mən ali təhsil aldım, magistraturaya girdim. Sevdiyim qızı aldın. Uzaq bir rayondan olmasına baxmayaraq əziyyət cəkib gəlin gətirdin. Rayonun tarixində olmayan bir toy etdin. Bir sözlə, səndən nə xahiş etdik, bizi eşitdin. İndi isə yenə bir xahiş etmək istəyirəm: Bu sualı mənə vermə. Bu suala sizinlə axirətdə görüşəndə cavab verərəm".
Bu anda ata özünü saxlaya bilməyib başdaşını qucaqlayıb ağlamağa başladı. Qəbirstanlığa yaxın bir evin həyətində bir qadının ona tərəf baxdığını hiss etdi. Artıq qaranlıq çökürdü. Oradan çıxmaq vaxtı idi. O isə sualına cavab ala bilmədiyi üçün getmək istəmirdi.
Qulağına pıçıltı səsi gəlirdi, ətrafa boylandı. Qəbirstanlıqda bir o idi, bir də məzar daşları. Qoca çinar da onunla üzbəüz durmuşdu. Bəs görəsən, pıçıltı səsləri haradan gəlirdi? Diqqətlə bir daha ətrafa boylandı. Zəif əsən isti cənub küləyi sanki ona kömək məqsədi ilə dumanı qovurdu. Duman qovulduqca ümidləri qırılmış ata bir daha ətrafa baxdı. Heç kimi görə bilmədi. Öz-özünə fikirləşdi ki, görəsən, yuxumu görür? Yox, bu yuxu deyil. Bu pıçıltı qoca çinarın yarpaqlarının pıçıltısıdır. Onlar da atanın dərdinə şərik olub ağlayırlar. Yarpaqlar biri-biriylə söhbət edib deyirlər ki, axı qaranlıq düşmək üzrədir. Bəs çarəsiz insan niyə getmir?
Ata çinar ağacına bir daha diqqətlə baxdı.Yaşı üç yüz ildən çox olan bu çinarın da dərdi, deyəsən, çox imiş. İri budaqları sınıb tökülmüşdü. Əbəs yerə tökülməyib o budaqlar. Mənim kimi könlü qəmli olan insanların dərdi töküb o budaqları...
Bu an oğlunun səsini içində duydu: ” Ata, dur, ata, dur, sən ki zəif deyildin. Biz həmişə sənə güvənmişik. Get evə, anama, qardaşlarıma, Şəbnəmə, bütün qohumlarıma de ki, yerim rahatdır. Nigaran qalmasınlar..."