Cahangir Hacıyevin bacısı prezidentə müraciət edib

Cahangir Hacıyevin bacısı prezidentə müraciət edib

13-02-2018 17:26 / Bu xəbər 909 dəfə oxundu

"Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan qardaşım Cahangir Hacıyev davamlı olaraq qeyri-insani rəftara məruz qalır".

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın prezident İlham Əliyevə müraciətində belə yazılır.

O, bir həftə əvvəl ölkə başçısına müraciət göndərib. Ancaq məktubun prezidentə çatıb- çatmadığına əmin olmadığından mətbuat vasitəsilə də müraciət etmək qərarına gəlib.

Bacısı vurğulayır ki, ötən ilin sentyabrından başlayaraq ailə üzvlərinə, eləcə də ona qardaşı ilə görüşməsinə imkan verilmir.

«Hətta vəkilləri də onunla görüşməkdən məhrum edilib. Vəkillər işdən kənarlaşdırılır və cəzalandırılır. Sağlamlıq vəziyyəti çox pisdir. Müxtəlif xəstəliklərindən əziyyət çəkir. Müalicə olmaq imkanlarından məhrum edildiyindən xəstəlikləri kəskinləşib», - bacısı prezidentə yazır.

"İttihamlara cavab vermək hüququ əlindən alınıb"

Ə.Hacıyevanın iddiasına görə , C.Hacıyevin külli miqdarda vəsaiti mənimsəməsi ittihamları məhkəmədə öz təsdiqini tapmayıb:

«Lakin buna baxmayaraq, mətbuatda onun haqqında ittihamedici materiallar dərc edilməkdədir. Onun isə bu ittihamlara cavab vermək hüquqları əlindən alınıb. Ötən ilin sentyabr ayında mətbuatda əsassız, təhqiramiz yazıya cavab verdikdən sonra o, bəhanə ilə «kars»a (cərimə kamerası) salınıb, bundan sonra ona qarşı təzyiqlər daha da kəskinləşib».

Bacısı yazıb ki, C.Hacıyev dövlətə, ölkə başçısına sadiq şəxsdir, bank sektorunun inkişafında quruculuq işlərində zəhməti az olmayıb. O, ölkə başçısından xahiş edib ki, C.Hacıyevlə bağlı məsələlərin yoluna qoyulmasına yardımçı olsun.

Ə.Hacıyevanın müraciətində yer alan iddialara hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Ancaq bir müddət öncə Xidmət keçmiş bankirin cərimə kamerasına salınması ilə bağlı açıqlama yaymışdı. Orada vurğulanırdı ki, C.Hacıyev başqa bir məhbusun telefon danışıqları hüququndan yararlanmağa cəhd edərək daxili qaydanı pozub.

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Ötən ilin sonlarından vəkilləri və yaxınları onun hüquqi, tibbi yardımdan məhrum olunduğunu bildirirlər. Onların bununla bağlı məhkəməyə şikayəti də olub. Ancaq həmin şikayət əsaslı hesab edilməyib.