Bu sözlər sıradan çıxacaq – Dilçi alim

Bu sözlər sıradan çıxacaq – Dilçi alim

14-02-2018 12:01 / Bu xəbər 606 dəfə oxundu

Bir daha -iyyat, -iyyət və -iyyə şəkilçili sözlər haqda yazıram. 

Bu şəkilçilərlə düzələn sözlərin 80 faizindən çoxu şəkilçiləri ilə birlikdə işləkliyini itirib. Bir hissəsi işləkliyini tədricən itirməkdədir, bir hissəsi "öz şəkilçilərindən” imtina edərək, milli "-lıq4” şəkilçisinə qoşulur, bir hissəsi sinonim vahidlərlə əvəz olunur.

Bu sözləri AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədov qeyd edib. 

O bildirib ki, bu şəkilçilər dilin tələbinə uyğun olaraq tək y ilə tələffüz olunur və ola bilər, gələcəkdə həmin şəkilçilərlə düzələn sözlər işləkliyini tam itirsin:

"1. -iyyat, -iyyət, - iyyə şəkilçilərinin yerini tədricən -lıq 4 şəkilçisi tutacaq: safiyyət - saflıq, bəşəriyyət- insanlıq, fərdiyyət - fərdilik, qüdsiyyət - müqəddəslik, nisbiyyət - nisbilik, rəsmiyyət - rəsmilik, tabeiyyət - tabelik və s.

2. Bu şəkilçilər qoşulduğu söz kökləri ilə birlikdə arxaikləşir: cudiyyə, tüfuliyyət, məriyyət, tahiyyə, qəriyyə, mafiyyə, həqqaniyyət, bərbəriyyət və s.

3. Bu şəkilçili sözlərin az bir qismi öz varlığını qoruyacaq: ədəbiyyat, fəaliyyət, səhiyyə, hədiyyə və s.

4. Bu şəkilçili sözlər öz yerini tədricən sinonim vahidlərə, milli sözlərə verəcək: mövcudiyyət - varlıq, turiyyə - dağlıq, səmimiyyət - istiqanlılıq, lüzumiyyət - gərəklik, qüdsiyyət - qutsallıq, tərəqqiyyat - yüksəliş, qalxınma və s.

5. Tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlərin bir [y] ilə tələffüzü nə qədər təbiidirsə, bu şəkilçilərin bir y ilə yazılışı da bir o qədər məntiqlidir. ədəbiyyat -ədəbiyat, hədiyyə -hədiyə, rəsmiyyət - rəsmiyət və s.

Nümunə üçün:

Ləgviyyat - boşboğazlıq
Cevriyyə - cəfa, zülm
Cəbriyyə - məcbur edilmiş
Cudiyyə - əliaçıq, səxavətli
Şəmsiyyə(t) - günəşə aid olan
Bəhriyyə - dənizə aid olan
Bəşəriyyət - insanlıq
Bədriyyə - 14 gecəlik ay
Tüfuliyyət - uşaqlıq dövrü
Səriyyət - Yeddiqardaş ulduz
Səmimiyyət - mehribanlılıq, istiqanlılıq
Hökmiyyə - hökmə aid olan
Tərəqqiyyat - inkişaf
Tabeiyyət - tabelik
Fərdiyyət- fərdilik
Şükriyyə - razılıq, təşəkkür
Qüdsiyyət - müəqəddəslik, təmizlik
Fəxriyyət - hörmət, şöhrət
Lüzumiyyət - lazımlıq
Müaviyyə - gömgöy
Məriyyət - gözlə görünən
Mərziyyət -xoşagələn
Mafiyyə - qiymətli su
Tahiyyə - aşpaz, xeyir-dua vermə
Turiyyə -dağlıq
Tibbiyyə - tibb
Qəziyyə - hadisə, əhvalat
Qəriyyə - istedad, şüur
Nisbiyyət - nisbilik
Nəzmiyyət - poeziya
Hürriyyət - azadlıq
Həqqaniyyət - ədalət, vicdan
Bərbəriyyət - vəhşilik, barbarlıq

Hərbiyyə - hərbi və əsgəri işlərə baxan dövlət idarəsi; hərbi”.