Bu dünyadan Məstan getdi...

Bu dünyadan Məstan getdi...

11-06-2017 00:58 / Bu xəbər 4819 dəfə oxundu

Gedirəm ay ellər, sözüm-söhbətim,
Neçə şirin-şirin dillərə qaldı.
Cüyürlü yamaclar, ceyranlı çöllər,
Körpə çiçəklərə, güllərə qaldı.
 
Səsim yayılardı burda hər yerə,
Mahnılar qoşardım mənzərələrə,
Hay salmaq, küy salmaq gen dərələrə,
Dağlardan tökülən sellərə qaldı.
 
Gözümün önündə durar həmişə,
Otlu biçənəklər, yamyaşıl meşə,
Mən ki aparmıram şehli bənövşə,
Çöllərdə bitmişdi, çöllərə qaldı.
 
Elə çalma, çoban qardaş, tütəyi,
Bir də görüşərik dağlar küləyi !
Məstanın bu yerə qonaq gəlməyi
Deməyin aylara, illərə qaldı.
 
Bu şeiri nə vaxtdan eşitdiyim, dinlədiyim yadımda deyil. Bircə onu bilirəm ki, aşıqlar, xanəndələr son bənddə təxəllüs olan misranı "Vurğunun bu yerə gəlib getməyi” deyə oxuyardılar.Və mənim kimi çoxları da bu qoşmanın müəllifinin Səməd Vurğun olduğunu düşünərdilər. Yalnız illər keçəndən sonra, söz aləminə vardığım gündən onun müəllifinin Səməd Vurğun yox, Məstan Əliyev (sonralar Məstan Günər) olduğunu bildim. Bu qoşmanı Məstan 1955-ci ildə, 20 yaşında qələmə alıb. Məstanın bu qoşmasının böyük şairimizlə "bağlılığı” təsadüfi deyil... S.Vurğun kimi Məstan da poeziyaya xalq şeirinin qanadlarında gəlmişdi və Məstan bütün ömrü boyu Ələsgər, Tufarqanlı, Bozalqanlı, Səməd Vurğun kimi ustadların yolunu davam etdirdi, poeziyamızda xalq şeirinin, hecalı şeirin ən gözəl nümunələrini yaratdı.

Bu il iyulun 25-də Məstan Günərin 75 yaşı tamam oldu. Ağır xəstə olduğundan bu barədə düşünmürdü. İki aydan sonra isə...

Zalım fələk, gör kimi apardın... Elə bir şairi ki, onun poeziyası elin, obanın ruhunu ifadə edirdi, Vadi, Elat, Köç dünyasını, xalqın adət-ənənələrini bütün əlvanlığı ilə gözlərimiz qarşısında canlandırırdı. O poeziyada bəy oğlanların, nişanlı qızların, ağbirçək nənələrin, ağsaqqal babaların,sazında bülbüllər kimi ötən aşıqların ürəyinin səsini, sözünü, ahəngini eşidirdin.

Yaxşı yadımdadır: 70-ci illərin əvvəllərində "Ulduz” jurnalında Məstanın "İlyana haqqında nəğmə” poeması dərc edilmişdi. Bu poema Azərbaycan ədəbiyyatında saz havasına yazılmış ilk poema idi, hər misrasında şeirlə musiqi bir nəfəs alırdı.
 
Bizdə belə saz havası var idi:
"İlyana”.
Uzun boylu Məhəmmədin sazında,
İlyananın öz havası var idi.
 
Bizim şeirimizdə də Məstanın öz havası var idi. Onun 60-70-ci illərdə qələmə aldığı "Bizim aylı vadidə”, "Obalardı babalar var”, "Obalardan əsən yellər”, "Şabadın sətirləri” silsilə şeirləri poeziyamıza yeni bir səs, hava gətirdi.Səksəninci, doxsanıncı illərdə, ikiminci illərin əvvəllərində isə Məstan bir-birinin ardınca yeni qoşmalar, gəraylılar yazdı və sübut elədi ki, "köhnə” havalarda təzə, təravətli söz demək mümkündür. Məstanın qoşmaları bu mənada bu gün poeziyamızın sağını, solunu bürüyən minlərlə qoşmalar içində şahanə yerişi, duruşuynan seçilir.Təkcə qoşma, gəraylı yazmaqla hünər göstərmək məsələnin bir tərəfi, amma şeirdə sözlə, bədii təsvir vasitələri ilə gözəl lövhələr, mənzərələr canlandırmaq məsələnin başqa tərəfi. Həm də Xəstə Qasımdan, Ələsgərdən, Vaqifdən, Vidadidən gələn poetik nəfəs Məstan şeirdə yeni biçimdə, təzə söz naxışları ilə qarşında cilvələnir:
 
Fələk, sənnən düz dolana bilmərəm,
Məni dönüb-dönüb yaralayıbsan.
Yurdumu böldüyün bəs deyildimi,
İndi də eşqimi paralayıbsan.
 
Gendən durub bəh-bəh deyən çoxuydu,
Qaşlar qara, kirpikləri oxuydu.
Dünyamı darıydı, yermi yoxuydu,
Dağları sinəmdə sıralayıbsan?
 
Mən belə gözəl bir şairin ölümünə təəssüflənirəm. Amma sevinirəm ki, vaxtilə onun yaradıcılığına bir neçə məqalə həsr etmişəm, böyük bir müsahibə aparmışam. İstəyirəm ki, bu vida sözünün sonunda sözü bizdən yalnız cismani, fiziki mənada ayrılan, amma könlümüzdə daim yaşayacaq Məstanın o müsahibədəki son sözlərini sizlərə çatdırım.

"Mən bənövşə vurğunu idim. Bənövşələrin yanında ağlayırdım. Niyə ağlayırdım, özüm də bilmirəm. Yayda yaylaqlara gedərək, çay qırağında köç salardım, ocaq çatardıq və mən o ocaq işığında çaya baxardım. Görərdim ki, dalğalar bir-birini qova-qova gedirlər. Ay da sularda üzür. Bu mənzərə ürəyimi titrədərdi. Məni şeirə bax, o yanında diz çöküb ağladığım bənövşələr, bir də Ay işığı gətirib.

...İllər keçdi. Anamın vəfatından sonra bir müddət kənddən, ev-eşikdən soyudum. Qayıdandan sonra anamın gəzib dolaşdığı həyət-bacanı, evi-eşiyi dağılmış gördüm. Anama həsr elədiyim şeiri xatırladım:
 
Səndən ötrü qəribsədim,
A saçları yovşan anam.
Yaş ötdü, yaşın hökmünə
Öyrəşən, uyuşan anam.
 
Yeri taxıllı, tənəkli,
Zər naxışlı, gül döşəkli,
Göyü göyərçin bəzəkli,
Çöllərə yaraşan anam.
 
Mən anamın xətrinə Tovuza qayıtdım. O evi, həyət-bacanı sahmana saldım. Hiss elədim ki, özümə qayıdıram.

...Doğuldum, yaşadım və sonra nə gələcək məlumdur. Məndən sonra anacaqlar məni. Şeirlərimlə yetkin, ürəyi təmiz nəsillər qarşısına çıxacağam.
Doğuldum: Azərbaycanın Tovuz diyarında, Əsrik-Cırdaxan kəndində, 1935-ci ildə. Təmiz qanlı azərbaycanlıyam.

Yaşadım: gözəlliklər, fəlakətlər, müsibətlər içərisində. Dedim, bunların izi qalsın, qələm köməyə gəldi. Öz fərəhlərimə, ağrı-acılarıma büründüm. Fərəhlərim bir damla, ağrı-acılarım bir dərya...Nə etməli?

Fərəhlərim-ağrı-acılarım heç də ancaq özümə məxsus deyil. Həyatım dövrlərdən, insanlardan kənarda keçmir. Başqaları ilə birlikdə nələr məni isidib, bunlardan töhfədir yazıram.
 
Gözlərimdə göz yaşımın dəryası,
İsmətimdə həsrət, hicran səhrası.
Keçildikcə köhnə dərdin sırası,
Yeni dərdin sıraları görünür.
 
Komsomol və sonra Respublika Dövlət Mükafatına layiq görülmüşəm. Fəqət bunlar bir zərrə oxucu ehtiramının müqabilində heç nədir. Bircə dəfə də laureat nişanları köksümdə görünməyib, dedim ürəyim çıxsın köksümə.

...Daha nə deyim?..Kiməm, nəçiyəm, nə yazmışam, necə yazmışam, bunları sizə şeirlərim deyər”.
 
 Vaqif YUSİFLİ
 
2010.- 7 oktyabr
525-ci qəzet.