Bizneslə məşğul olmayan xanım 3 ilə necə milyonçu oldu?

Bizneslə məşğul olmayan xanım 3 ilə necə milyonçu oldu?

15-01-2019 14:55 / Bu xəbər 5612 dəfə oxundu

"Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini, Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidenti Vəsilə Abdulova ilə bağlı ciddi iddialar ortaya çıxıb. 

Bu barədə aztoday.az "Azərbaycan Dəmir Yolları” QSC-dəki mənbəyə istinadən məlumat yayıb. 

Məlumatda deyilir ki, Vəsilə Abulova qısa zaman kəsiyində həm karyerasında, həm də maddi durumunda çox böyük irəlilləyişlərə nail olub. Belə ki, vəzifəyə başladığı iki il ərzində "Azərbaycan Dəmir Yolları” QSC-də ciddi karyera inkişafına nail olub.  

"Vəsilə Abulova "Azərreyl” Voleybol Klubuna baş mühasib gətirildikdən sonra Klubun yerləşdiyi ünvan dəyişib və "Azərreyl” Voleybol Klubu Cavid Qurbanovun atasına məxsus olan binaya köçürülüb. Hər ay icarə haqqı olaraq Azərbaycan Dəmir Yolları” QSC-nin büdcəsindən 50 000 dollar vəsait Cavid Qurbanovun atasının hesabına köçürülür. Bütün bunlar isə ciddi iddialardır və bunları araşdırmaq vergi və hüquq mühafizə orqanlarının işidir", - məlumatda qeyd olunur. 
 
Yazı müəllifi bildirir ki, bu ideyanı Cavid Qurbanova Vəsilə Abulova verib və elə ondan sonra da Vəsilə xanımın Cavid Qurbanova təsir imkanları birdən-birə artıb: "Görünür, Cavid Qurbanov maliyyəçi xanımın marketinq qabiliyyətindən razı qalıb. Hazırda Vəsilə Abulova xanım Azərbaycan Dəmir Yolları” QSC-də aparıcı sima olmaqla yanaşı, eyni zamanda QSC-də çalışan yüksək vəzifəli şəxslər arasında ən varlı məmur kimi də tanınır və "Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə işlərində onun izni olmadan bir manatı belə xərcləmək mümkün deyil".

Məlumatda həmçinin qeyd olunur ki, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan Vəsilə Abulovanın hazırda Bakının mərkəzində, Fəhlə prospektində isə dəyəri 1 milyondan artıq olan villası var: "Bundan başqa, Vəsilə Abulovanın Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri var ki, bu bağ evlərinin də qiymətləri göz qamaşdırır. Eyni zamanda Vəsilə Abulovanın şəhərin bahalı yerlərində yeni tikilən binalarda evlər aldığı da iddia olunur. Türkiyədə isə Vəsilə Abulovanın 4 otaqlı evinin olduğu bildirilir". 

Eyni zamanda Azərbaycanın tanınmış voleybol məşqçisi Faiq Qarayevlə Türkiyədə şərikli biznesinin olduğu qeyd olunur: "Vəsilə Abulovanın son 3 ildə yaranmış avtomobil qarajı da xüsusi maraq doğurur. Belə ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini və Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə vitse-prezidentinin qarajında bir ədəd "022 Range Rover”, bir ədəd "022 Lexus”, bir ədəd "011 Hyundai”, bir ədəd "BMW 5” və bir ədəd "Pajero Jeep” olduğu bildirilir. Bütün bu daşınar və daşınmaz sərvəti isə Vəsilə Abulova son 3 ildə əldə edib". 

Bundan başqa, Vəsilə xanımın ildə 3-4 dəfə 10-15 nəfərlik kampaniya ilə dünyanın ən məşhur kurortlarında və əyləncə mərkəzlərində istirahətə getdiyi də vurğulanır. 

"Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini Vəsilə Abulovanın bu qədər sərvətə necə nail olması ciddi suallar ortaya çıxarır. Bu sual eyni zamanda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova da aiddir.

İnternetdə Vəsilə Abulova haqqında yerləşdirilən rəsmi bioqrafiyada isə qeyd olunur: 

"Vəsilə Abdulova Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini, eyni zamanda Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidentidir.

22 avqust 1983-cü ildə Bakı şəhərində anadan olan Vəsilə Abulova Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib. 

İş həyatına 2006-cı ildə "Azərinşaatservis” MMC-də İqtisadçı və Maliyyə mütəxəssisi kimi başlayıb. Daha sonra isə "Azelektromaş” MMC-də Baş Mühasib, 2014-cü ildə "Bakı Elektriktökmə” QSC-də Baş Mühasib, 2015-ci ildə isə "Nurgün” şirkətlər qrupunda Maliyyə müdiri vəzifəsində çalışıb. 

2016-cı ildə "Azərreyl” Voleybol Klubunda Baş Mühasib, 2 ay sonra isə Klubun Vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. 2016-cı ilin may ayından "Azərbaycan Dəmir Yolları” QSC-də Yükdaşıma Departameninin Maliyyə rəisi, 2017-ci ildən "ADY” QSC-nin Maliyyə rəisinin müavini vəzifəsində çalışır. Vəsilə Abulova eyni zamanda Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidentidir".

Məlumatda isə iddia olunur ki, Vəsilə Abdulova əsasən mühasib və baş mühasib vəzifəsində çalışıb və 2016-cı ildə "Azərreyl” Voleybol Klubunda baş mühasib vəzifəsinə təyinat alana qədər Əhmədlidə "Xruşşovka”ların birində kirayə yaşayırmış. Lakin 2016-cı ildə "Azərbaycan Dəmir Yolları” QSC-də işə düzəldikdən sonra Vəsilə Abulovanın karyerasında bir sıçrayış yaşanıb və o sürətlə varlanmağa başlayıb.
 
Redaksiyadan: Yazıdakı iddialarla bağlı Azərbaycan Dəmir Yolları” QSC-dən və Vəsilə Abdulovadan isə münasibət öyrənmək mümkün olmayıb.
 
İddialarla bağlı qarşı tərəfə də cavab haqqı tanıyırıq.

Bu arada Azərbaycanda xanım milyonçularla bağlı məlumatlar ilk dəfə yayılmır.
 
Bunlardan biri də son günlər mətbuatın gündəmini zəbt edən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır. Belə ki, yanvarın 15-də Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü İngiltərə polisi tərəfindən müsadirə edilib.

Bu xəbəri isə "İndependent” yayıb.

Xəbərdə deyilir ki, "Cartier” zərgərlik brendinə məxsus üzük Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən altı ay müddətinə müsadirə olunub. Onlar bu müddət ərzində üzüyün hansı vəsait hesabına alındığını, maliyyə mənbəyini araşdıracaqlar. 

Milli Cinayət Agentliyinin əməkdaşları 2011-ci ildə "Harrods"dan satın alınan almaz üzüyü təmir üçün verilən zərgərlik dükanından götürüblər. 

Son 10 ildə Londonun məşhur univermağı "Harrods”da 35.85 milyon manat xərclədiyi üçün mühakimə edilən 55 yaşlı  Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub. 

Noyabrın 8-də isə London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb.