"Birbaşa İlham Əliyevin tapşırığı idi" - Əli Kərimli

24-01-2018 12:44 / Bu xəbər 2941 dəfə oxundu

Yanvarın 23-də AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlı üç il azadlıqdan məhrum edilib.

Qazax Rayon Məhkəməsinin hakim Ağarza Səmədovun çıxardığı hökmdə bildirlir ki, G.Bayramlının çantasından tapılan 12 min dollar müsadirə olunaraq, dövlət nəfinə keçirilib.

G.Bayramlının vəkili Elçin Sadıqov hökmün qanunsuz və əsassız olduğunu deyib.

O bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək və bütün hüquqi addımlar atılacaq. 

AXCP sədri Əli Kərimli də Gözəl Bayramlının həbsini siyasi sifariş sayır. 

O, Toplum Tv-yə açıqlamasında bildirib ki, Gözəl Bayramlı çantasına pul atılaraq, şərlənib: "Bu şərləmə əməliyyatının yüksək səviyyədə olduğunu bilirik. Özüm dəfələrlə məhkəmədə iştirak etdim və əmin oldum ki, bu, siyasi sifarişdir. Heç bir araşdırma aparılmır. Gözəl xanımın təqsirsizliyini sübut edən şahidlər dindirilmir".

Ə.Kərimli qeyd edib ki, qərar gözlənilməz olmayıb: "Özüm də daxil olmaqla, şahidlər istintaqda dindirilmələrinə baxmayaraq məhkəmədə dindirilməyiblər. Görünürdü ki, birbaşa İlham Əliyevin tapşırığı var. Ona görə də gözlənilməz qərar olmadı. Heç bir günahı olmayan, bütün həyatını xalqına həsr etmiş bir siyasətçinin qoluna qandal vurmaq, heç bir əsas olmadan üç il azadlıqdan məhrum etmək ədalətsizlikdir. Bu gün Azərbaycanda oğruların səltənətidir. Bir qrup oğru ölkənin sərvətlərini talan edir və onlara "siz niyə oğurluq edirsiniz" deyənləri də Gözəl Bayramlı timsalında şərləyib, həbs edirlər".

Əli Kərimli deyir ki, xalq bu ədalətsizliyə etiraz etməlidir: "Onlar Azərbaycan xalqına nümayiş etdirirlər ki, hakimiyyət bizə məxsusdur. Susun! Oğurluğumuza göz yumun! Səsinizi çıxarmayın! Mən inanıram ki, xalqımız bu ədalətsiz qərara etiraz edəcək, bu korrupsioner rejimi peşman edəcək. Xalqımız ədalətlidir, onun uğrunda mübarizə aparıb canından keçən insanları tək qoymayacaq".

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. 

Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. 

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

Gülzar N. Məmmədli