''Bələdiyyələr heç özlərini idarə edə bilmirlər''

''Bələdiyyələr heç özlərini idarə edə bilmirlər''

12-02-2019 18:26 / Bu xəbər 1444 dəfə oxundu

Fazil Mustafa: "Dirilərlə işləyə bilmirlər deyə, onlara ölülərlə iş həvalə olunub”

"Yerli özünüidarəetmə orqanı olan bələdiyyələr heç özlərini idarə edə bilmirlər. Bələdiyyələrin 20 illik fəaliyyətinə nəzər saldıqda bu qənaət yaranır”.

Bunu deputat Əli Məsimli bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə bağlı müzakirələrdə deyib. 

O bildirib ki, bu qurumun fəaliyyətini canlandırmaq üçün uğurlu kadrlar seçilməlidir: "Bələdiyyələr öz səlahiyyətini dərk edərsə, o zaman topraq satan qurumdan yerli problemləri həll edəcək quruma çevriləcək. Eyni zamanda səmərəli fəaliyyəti təmin etmək üçün bələdiyyələrin sayı azaldılmalıdır. Bu gün 1700-dən artıq bələdiyyə var ki, bu çoxdur”.

Deputat Qənirə Paşayeva da bildirib ki, ölkədə 1700-dən artıq bələdiyyənin fəaliyyət göstərməsinə baxmayaraq, cəmi 50-dək bələdiyyə kommerisya qurumu yaradıb:

"Onların da əksəriyyəti normal fəaliyyət göstərmir, büdcəyə vergi vermir. Çünki bələdiyyə sədrləri buna öz qazanc mənbəyi kimi baxırlar. Odur ki, bələdiyyələrə münasibəti dəyişmək üçün bu qurumda işləmək istəyən təşəbbüskar gənclər cəlb olunmalıdır”.

"Elə bələdiyyələr var ki, milyonlarla subsidiya verilib"

Deputat Siyavuş Novruzov da bələdiyyələri fəaliyyətsizlikdə günahlandırıb:

"Bələdiyyə kifayət qədər təkmilləşmiş strukturdur. Onlar özlərinin təminatı ilə bağlı lazımi addımlar atmalıdırlar. "Bələdiyyə” deyən kimi ilk olaraq ağla gəlir ki, torpağı necə həll etsin, kimə və hansı formada versin. Amma elə bələdiyyələr var ki, milyonlarla subsidiya verilib. Həmin vəsaitlə elektron kitabxana yarada, kompüter mərkəzi aça bilərdi ki, müəyyən qədər gəlir gəlsin. Yəni maliyyə kiçik olsa da, daimi gəlir olsun. Amma hamısı düşünür ki, bəzi məsələləri həll etsin, növbəti dəfə bəlkə seçilmədi, həmin sədrə nəsə qalmasın. Bələdiyyələrin kitabxanaları, klubları, məktəbləri, bağçaları, iaşə obyektləri yoxdur. Milli Məclis bələdiyyələrə kifayət qədər səlahiyyət verib. Başa düşürəm ki, müəyyən strukturlar onlara maneə yaradırlar. Bələdiyyələr yaxşı iş qura bilsə, onlara mane olmazlar, əksinə, dəstək verərlər. Qəbiristanlıqların idarə edilməsi səlahiyyəti bələdiyyələrə verilib. Orada elə bir şərait yaratmaq olar ki, insanlar öz xoşları ilə o prosedurları bələdiyyələrə həvalə edərlər. Amma bununla bağlı hər hansı iş görülmür”.

"Bələdiyyə sədrləri günlərlə məhkəmə dəhlizlərində süründürülürlər"

Deputat Fazil Mustafa hesab edir ki, bələdiyyələr bu gün bir sıra problemlərlə üz-üzədir və qurumun fəaliyyətini yenidən formalaşdırmaq üçün qanunvericilik bazası təkmilləşdirilməlidir:

"Bələdiyyələr bu günə kimi ərazi xəritələrini əldə edə bilmirlər. Bələdiyyələrin fəaliyyətinə problem yaradan digər məsələ onların inzibati məsuliyyətsizlik adı altında mənasız yerə məhkəmlərə cəlb edilməsidir. Bələdiyyə sədrləri günlərlə məhkəmə dəhlizlərində süründürülürlər. Səbəb də o gətirilir ki, guya onlar qərarları təkbaşına veriblər. Bu gün təkcə bələdiyyədirmi təkbaşına qərar verən? Odur ki, bələdiyyə sədrlərinin məhkəmələrə inzibati məsuliyyətə cəlb olunması sayını azlatmaq lazımdır”.

Fazil Mustafa əlavə edib ki, parlamentin bələdiyyələrlə bağlı ən məntiqli qanunu qəbristanların salınması və onun idarə olunması ilə bağlıdır: "Çünki bələdiyyələrin dirilərə faydalı xidmət göstərə bilməyəcəyini yaxşı bildiyimizdən, ölüləri onlara həvalə etdik”.

"Təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?"

Deputat Qüdrət Həsənquliyev deyib ki, bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin hara sərf edildiyi haqda məruzədə heç bir məlumat yoxdur:

"Məruzədə qeyd edilir ki, Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursu keçirilib, 200-dən çox təlim keçirilib, eləcə də regional treninqlər, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib. Bunların hamısı pul, maliyyədir. Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun 50 faizi işləmirsə, onda bu təlimlərin, xərclənən maliyyənin nəticəsi hardadır? Təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?”

"9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb"

Milli Məclisdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Sənədə əsasən, 2018-ci ildə bələdiyyələrin 143 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Bu protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. 

Bələdiyyə aktlarının hüquq ekspertizası və müraciətlərə baxılması zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınması məqsədilə bələdiyyələr müxtəlif məsələləri (torpaqların münbitliyinin qorunması, yerli büdcənin tərtib edilməsi, şəffaflıq və hesabatlılıq, büdcə vəsaitlərindən istifadə və s) əhatə edən 5976 tövsiyə göndərilib.

Nazir müavini qeyd edib ki, 9 bələdiyyə təklifləri icra etmədiyi üçün onlarla bağlı məhkəmədə iddia qaldırılıb: "Bu iddialardan 4-ü baxılaraq təmin edilib, 5 iş isə məhkəmələrin icraatındadır. Bələdiyyə qanunvericiliyinə əməl etməyən bələdiyyə sədrləri ilə bağlı inzibati tənbeh tədbirlərinin görülməsinə dair müəyyən dəyişiklik edilib”.
 
Meydan.Tv