Büdcə oğurluğu ilə bağlı qalmaqal böyüyür: “Korrupsiya kifayət qədər ciddi hal alıb”

Büdcə oğurluğu ilə bağlı qalmaqal böyüyür: “Korrupsiya kifayət qədər ciddi hal alıb”

10-04-2019 16:06 / Bu xəbər 1422 dəfə oxundu

Milli Məclisdə dövlət büdcəsindən mənimsənilən vəsaitlər ətrafında müzakirələr oldu və kifayət qədər ciddi rəqəmlər açıqlanıb. 

Deputat Qüdrət Həsənquliyevin Palatanın hesabatına əsasən, büdcədən 23 milyon oğurlandığını, Ziyad Səmədzadənin büdcədən 90 milyon manatın səmərəsiz xərcləndiyini deyib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov "Yeni Sabah”a açıqlama verib. 

Deputat vurğulayıb ki, bu istiqamətdə fikirlər həmçinin  Milli Məclisin komitə iclaslarında da səsləndirilib: "Ümumiyyətlə, Hesablama Palatasından yuxarı nəzarət orqanı yoxdur. Əsas məqsəd dövlət büdcəsində şəffaflığı və hesabatlığı təmin etməkdən ibarətdir. Düzdür, orda son vaxtlar müəyyən işlər görülüb, təqdimatda çox mühüm dəyişikliklər var. Amma fakt odur ki, verilən hesabatlarda  ciddi məsələlər  mövcuddur. 

Məsələn, hesabatda qeyd olunub ki, hardasa 700-dən çox nöqsan aşkar olunub, 120-dən çox kənar dövlət qurumları yoxlanılıb və.s. Elə pozuntular var ki, ilbəil təkrar olunur. Bir var bu il yoxlayırsan, müəyyən qərarlar çıxarırsan və gələn il onun qarşısı alınır. Lakin ciddi problemlərdən biri mühasibat uçotu ilə əlaqədar idi. Biz mühasibat uçotu ilə bağlı təzə qanun qəbul etmişik. Qanun qüvvəyə minib icraya başlayandan sonra görün nə problemlər yaranacaq”.

V.Əhmədov qeyd edib ki, hazırda rüşvət, korrupsiya halları kifayət qədər ciddi hal alıb:

"Belə hallar araşdırılmalıdır. Hesablama Palatasında kifayət qədər sanballı auditorlar, təcrübəli insanlar var. Hesab edirəm ki, onlar öz işlərini təkmilləşdirməlidirlər. Bir var fakt baş verib, bir də var faktın qarşısı vaxtında alınır, mənimsəmə yollarına getmiş insanlar zamanında  bu yoldan uzaqlaşırlar. Yəni əsasən bu cür profilaktik tədbirlərə üstünlük verilməlidir. Biz palatanın gördüyü işləri yüksək qiymətləndiririk.  Lakin təsəvvür edin, 9 milyard manata yaxın dövlət büdəsini əhatə edən rəqəm var idi, buna baxmayaraq büdcəyə cəmi 25 milyon manat vəsait köçürülüb. Burda sual doğuran məsələlər çoxdur. Bununla əlaqədar olaraq biz Hesablama Palatasına  müəyyən təkliflərimizi vermişik. Bu cür halların qarşısı alınmalıdır”.