Bayram Məmmədov: "Dostları görmək üçün apelyasiya şikayəti vermişdim"

Bayram Məmmədov:

11-04-2019 12:16 / Bu xəbər 167 dəfə oxundu

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov aprelin 2-də vəkilin verdiyi şikayətə baxıb, Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdı. 

Aprelin 10-da isə həmin məhkəmənin başqa bir hakimi Əflatun Qasımov Bayram Məmmədovun özünün verdiyi şikayətə baxıb. 
 
Gənc fəal Bayram Məmmədov haqqında 30 sutkalıq inzibati həbs qərarından həm vəkili apelyasiya şikayəti vermişdi, həm də özü.

Məhkəmədə çıxış edən B.Məmmədov bildirib apelyasiya şikayəti verməsi məhkəmədən ədalətli qərar gözləməsi anlamına gəlməməlidir: "Nə olsun ki, adamlar gəlib, siz mantiya geyinmisiz? Adı məhkəmədir, ədalətli bir şey olacağına inanmıram. Şikayəti də ona görə vermişəm ki, gəlim, bir az hava alım, dostları görüm. Mən sizdən xahiş yox, tələb edə bilərəm. Haqqımdakı qərara gəlincə, mən qanunsuz həbs olunmuşam. Yəqin hakim fikirləşib ki, əvvəlki həbsimdə üç ildən 1 ay kəsir qalmışdı, ona görə bu bir ayı verdi ki, gedim yatım, tamamlansın".

Vəkil Elçin Sadıqov bildirib ki, B.Məmmədova heç bir sübut olmadan 30 gün inzibati həbs verilib: "Məhkəmə, hətta raport yazmış polisi də dindirməyib. Videogörüntülərə baxılmayıb ki, bu adam həqiqətən söyüş söyübmü, polisə müqavimət göstəribmi, yoxsa yox. Bayram Məmmədov inzibati qaydada həbs olunanların saxlandığı məntəqədə ağır işgəncələrə məruz qalıb. İşgəncə izlərini özüm də görmüşəm. Keçən dəfə apelyasiya şikayətimizə baxılanda hakim Namiq Məmmədova da göstərdi".

E.Sadıqov xahiş edib ki, inzibati xəta üzrə icraata xitam verilsin.

Hakim təxminən iki dəqiqəlik müşavirədən sonra şikayətin təmin olunmadığını, Sabunçu Rayon Məhkəməsinin 30 mart 2019-cu il tarixli qərarının qüvvədə saxlandığını elan edib.

Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə - polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka azadlıqdan məhrum edilib.

O, 2016-cı ildə Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra narkotik ittihamıyla həbs olunub 10 il cəza almışdı.

İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamından 1 gün sonra azadlığa çıxıb.
 
Meydan.tv