“Basta”nın əməkdaşları dindirildi

“Basta”nın əməkdaşları dindirildi

22-01-2019 14:20 / Bu xəbər 1515 dəfə oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə "Basta” saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Məhkəmə iclasında MSDM-in sədri İsa Qəmbər, müsavatçılar, ictimai fəallar və jurnalistlər iştirak edib.

Məhkəmə prosesində şahid qismində saytın əməkdaşları Heybət Əmrah, Könül Alı və Rüfət Baxışbəyli ifadə veriblər.

Məhkəmə prosesində vəkil Osman Kazımov cinayət təqibinə səbəb olmuş və "Basta” saytında dərc olunmuş iki məqaləni məhkəmənin diqqətinə çatdırıb. 

O, bu məqalələrdə dövlət əlehinə hər-hansı bir çağırış olmadığını vurğulayıb. Bu məqalələrə görə cinayət işunun qaldırılmasını absurd adlandıran vəkil məhkəmədə iştirak edən dövlət ittihamçısı Anar Tarıverdiyevdən həmin məqalələrdə hansısa qanun pozuntusunun olduğu barədə sübutlar istəyib.

Prokuror sübutların ittiham aktında əks olunduğunu deməklə kifayətlənib.

Dövlət ittihamçısı şahidlərə verdiyi suallarda həmin məqalələrin məhz Mustafa Hacıbəyli tərəfindən sayta qoyulduğunu sübut etməyə çalışıb. Mustafa Hacıbəyli bu suallara etiraz edib: "İstintaqa çağırıldığım gündən bildirmişəm ki, həmin məqalələri sayta mən qoymuşam. Şahidlərə bu barədə suallar verilməsi yersizdir”.

Məhkəmə prosesi yanvarın 29-da, saat 9:30-da davam etdiriləcək.

2018-ci ilin iyul ayında Mingəçevirdə baş vermiş qəza və Gəncədə icra başçısına edilən sui-qəsdlə bağlı "Basta” saytında "Turan” agentliyinə istinadən dərc edilən iki məqaləyə görə fakt üzrə cinayət işi qaldırılıb. 

Noyabrın 30-da saytın baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələri ilə ittiham elan olunub.

"Basta” saytı bloklanıb, baş redaktor polisin nəzarətinə verilib.