Baş redaktorun işi məhkəməyə göndərilib

Baş redaktorun işi məhkəməyə göndərilib

17-12-2018 15:07 / Bu xəbər 1160 dəfə oxundu

Bakı Şəhər Prokurorluğunun 5 ay əvvəl müsadirə etdiyi mobil telefonlarımı, şirkət sənədlərimi və kompyuterin boş çantasını qaytarıb.

Məlumatı "Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov "Facebook” səhifəsində paylaşıb.

O əlavə edib ki, kompyuter maddi sübut kimi tanındığından geri qaytarılmadı.

"İttiham aktı təsdiqləndi, işim Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Mənə qarşı "maraqlı” şahidlər ifadə verib”.

A.Məmmədov həbsinin qaçılmaz olduğunu iddia edir.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən "Criminalaz.com” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Anar Məmmədov ittihamları rədd edir.