Baş redaktor ''Bandotdel''ə çağırıldı

Baş redaktor ''Bandotdel''ə çağırıldı

25-04-2019 03:04 / Bu xəbər 1631 dəfə oxundu

Vüqar Qurdqanlı Ramil Usubovun biznesi ilə bağlı araşdırmanı təkrar öz saytında paylaşıb

"az24saat.org” saytının redaktoru Vüqar Qurdqanlı aprelin 24-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel” kimi tanınır) çağırılıb.

Məlumatı Vüqar Qurdqanlı "Facebook” səhifəsində yayıb.

Vüqar Qurdqanlı yazıb ki, bu gün saat 16:45-də 0502119335 nömrəli telefondan ona zəng gəlib:

"Danışan şəxs özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçisi kimi təqdim etdi, adının Heydər olduğunu bildirdi. Mənim idarəyə dəvət olunduğumu dedi. Rəsmi çağırış tələb etdiyimdə, zəngin telefonaqramma olduğunu qeyd eləsə də, konkret nəyə görə çağırıldığımı əsaslandırmaqdan yayındı. Dedi ki, şikayət var. Amma şikayətin kim tərəfindən və konkret hansı yazıya görə olduğunu demək istəmədi. Mən də rəsmi çağırış vərəqəsi olmadan gələ bilməyəcəyimi dedim. Ünvanımı alıb rəsmi çağırışın göndəriləcəyini bildirdi”.

Baş redaktor əlavə edib ki, Meydan TV-nin daxili işlər naziri Ramil Usubov haqda araşdırmasını "az24saat.org” saytında təkrar dərcindən sonra təhdid mesajları alıb:

"Bunun generallar tərəfindən uşaqca böyüdüləcəyini düşünmürdüm. Yanılmışam... Rəsmi çağırışı gözləyirəm. İmkan və fürsət olarsa, daha ətraflı məlumat verəcəyəm”.

Aprelin 18-də Meydan TV-də "Polis çörəyi və ya Usubovların biznesi” araşdırması dərc olunub.

Meydan.tv