"Bank qonşulara, qohumlara zəng etmiş, SMS yazmışdı" - Hüquqşünas

20-02-2017 19:18 / Bu xəbər 3533 dəfə oxundu

Nərimanov Rayon Məhkəməsi artıq ikinci dəfədir vətəndaşın xeyrinə qərar çıxararaq, bankı cərimələyib.  

Məhkəmədə bankı udan vətəndaşlar adlarının çəkilməsini istəməyiblər.  

Onların sözlərinə görə, ilk qətnaməni hakim Azər Paşayev çıxarıb. Hakim kredit ödənişlərinin gecikdirilməsi səbəbi ilə vətəndaşın iş yerinə xəbər verən "Unibank”ı bank sirrini pozmaqda günahlandırıb və şəxsə vurduğu mənəvi zərərə görə onu 1000 manat cərimələyib.

Analoji qətnaməni Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova da qəbul edib. Özü də bu dəfə bank borcluya 2000 manat ödəməli olacaq.

Vətəndaş avtomobil kreditini vaxtında ödəyə bilmədiyi üçün bank bu barədə onun iş yerinə məlumat verib və bununla da bank sirrini pozub. Məhkəmə hesab edib ki, nəticədə borclu vətəndaş mənəvi sarıntı və iztirab keçirib. Məhz buna görə də bank vətəndaşa 2000 manat ödəməlidir.

Bəs bank sirri nədir, vətəndaşlar bank sirrinin pozulması haqqında hansı məlumata malikdir və öz hüquqlarını necə müdafiə etməlidir? 

Bank üzrə mütəxəssis Əkrəm Həsənov Toplum TV-nin suallarını cavablandırarkən deyib ki, müştərinin hətta adının bank tərəfindən kiməsə bildirilməsi bank sirrinin pozulmasıdır: 
"Hətta müştərinin adı belə, yəni bank əgər deyirsə ki, filankəs gəlib məndə bank hesabı açıb, məndə əmanəti var və yaxud filankəs məndən gəlib kredit götürüb, - heç tarixi, məbləği, vaxtında ödəyir, ödəmir deməsə belə,  sadəcə, adının belə bank tərəfindən açıqlanması bank sirrinin pozulmasıdır. Təbii ki, digər məlumatlar, məsələn, kreditin məbləği, faizi, müddəti, vaxtında ödəyib-ödəməməsi haqqında bilgi, yəni bunların hamısı bank sirrinin pozulmasıdır. Bu məlumatları bank yalnız müştərinin özünə verə bilər, yaxud da müştəri kimə etibarnəmə veribsə. Bəzi hallarda da dövlət orqanlarına, konkret Maliyyə Bazarlarına Nəzarət Palatasına verə bilər. Digər dövlət oqranlarına  isə hətta cinayət işi gedirsə belə, yalnız məhkəmənin qərarı ilə məlumat verilməlidir. Yəni hətta polisin, prokurorun ixtiyarı yoxdur ki, banka müraciət edib kiminsə bank hesabı, bank krediti haqqında məlumat alsın. Bankın da ixtiyarı yoxdur ki, həmin o polisə, prokurora təsdiqləsin ki, belə bir müştərim var və yaxud yoxdur. Başqa heç kəsə. Bankın özünü də kənar auditor yoxlayırsa, auditor da görə bilir məlumatları. Amma auditor özü də heç kimə məlumat verə bilməz. Eyni məsələ vergi orqanına da aiddir. Vergi orqanı gəlib bankın vergi qanunvericiliyinə riayət edib-etmədiyini yoxlayarkən müştərilərin adını görürsə, o vergi orqanının üzərində də məsuliyyət var ki, o məlumatı heç kəsə verməsin. Əgər bank bunu kiməsə dedisə və müştəri bunu təsdiqləyə bilirsə, bu halda həmin bank bank sirrini pozmuş olacaq. Əgər bank bunu yazılı formada edibsə, bunu sübut etmək asandır. Göndərdiyi yazılı məlumat müştərinin əlindədirsə, bu, kifayətdir. Amma şifahi şəkildə məlumat veribsə, bunu sübut etmək bir az çətindir. Bank gəlib deyəcək ki, məlumatı verməmişəm. Bank özü gəlib etiraf etsə, bu, özü də sübutdur. Son zamanlar nəinki məhkəmə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatası artıq bir neçə dəfə banklara məktub göndərib ki, siz bank sirri haqqında məlumatları heç kəsə verə bilməzsiz, o cümlədən də borc alanın iş yerinə”.

Əkrəm Həsənovun sözlərinə görə, "Unibank” hətta kredit müqaviləsində yazıb ki, vətəndaşın iş yerinə məlumat göndərə bilər. 
Image result for Unibank
Hüquqşünas bunu qanunazidd hesab edir: "Məhkəmə qərarlarına gəldikdə isə, bəli, son dövrdə 2 məhkəmə qərarı var. Birinci məhkəmə qərarında qayda pozuntusu daha kobud idi. Bank həm iş yerinə müraciət etmişdi, qonşulara, qohumlara zəng etmiş, SMS yazmışdı. İkinci halda isə yalnız iş yerinə müraciət olunmuşdu. Bunu da vətəndaş məhkəmədə sübut etmişdi. Artıq bunun özü kifayətdir ki, müştəri desin ki, bununla mənə mənəvi zərər vurmusan, sarsıntı, izdirab keçirmişəm. Və bunun fərqi yoxdur ki, söhbət hansı əməliyyatdan gedir. Yəni bu fakt artıq kifayətdir”.

Əkrəm Həsənov deyir ki, hazırda 3-4 nəfər eyni problemlə antikollektora  müraciət edib və onların şikayəti məhkəməyə veriləcək. 

Hüquqşünas bu cür problemlər üzrə işlərin artacağını istisna etmir: "Vətəndaşlar indi yalnız antikollektora müraciət etmir. Müxtəlif vəkillərər üz tutanlar da var. Onların vasitəsilə məhkəməyə müraciətlər olunur və nəticədə də belə qərarların sayı artacaq”.