"Balzak qışqırırmış ki, səhnədə oğlan qızı öpəcək..." - MÜSAHİBƏ

15-01-2019 18:30 / Bu xəbər 2463 dəfə oxundu

Müsahibimiz gənc yazar, "Ədəbiyyat və kütlə kitabı"nın müəllifi Nemət Mətindir. O, əsasən publisistik yazılar və hekayələr yazır. 

Arqument.Az Nemət Mətinlə müsahibəni təqdim edir: 

 - Nemət bəy, niyə ədəbiyyatı seçdiniz? 

- Əslində ədəbiyyatı seçmirik, həyatımız elə ədəbiyyatdır. Həyatdan gözəl ədəbiyyat yoxdur. Dostoyevskidən bir gənc müəllif soruşur ki, ən yaxşı əsəri necə yazım? Dostoyevski deyir ki, başına hansı hadisələr gəlirsə, onu bədii üsulda formlaşdırıb yaza bilərsən. Ona görə də ən yaxşı əsərlər həyatdan götürülmüş əsərlər sayılır. Eləcə də incəsənətin digər sahələrində də elədir. Həyatdan qaynaqlanan hər şey gözəl alınır.

- Nemət Mətin özünü yazıçı hesab edirmi?

- Xeyr, özümü yazıçı saymıram, çünki ümumiyyətlə, hələ tezdir. Bir-iki əsər yazıb özünü boyük yazıçı saymaq olmaz məncə, çünki yazıçılıq böyük məsuliyyətdir. Sənin yazdıqlarınla insanların fikri formalaşa bilər. Sən hansısa bir yol göstərən olursansa, demək, bu, çox məsuliyyətli bir yoldur. Hətta bu barədə Saramaqodan soruşublar. O da özünü yazıçı adlandırmağa tərəddüd edib. Knut Vannequd deyir ki, yazıçı bülbüllə oxşayır, çünki hər hansı bir həyəcanlı vəziyyət olarsa, bülbül onu digər quşlardan daha tez hiss edir. Ona görə əvvəllər şaxtada hər hansı bir təhlükə hiss edəndə birinci bülbülü göndərirdilər. Bülbül əgər tez qayıdırdısa, deməli, heç bir problem yox idi. Ona görə bu mənada da yazıçının əsas işi yol göstərməkdir.

- Sizcə, ədəbi mühitə reklamın təsiri nə dərəcədir?

- Əlbəttə, ədəbi mühitdə reklamın təsiri var, çünki böyük kitabların reklamı güclü olub. Kitabı geniş kütləyə təqdim etmək üçün reklamın üstünlükləri çoxdur. Məsələn, qədim dövrlərdən başlasaq, Balzak teatrda tamaşasını reklam etmək üçün qapının ağzında dayanıb qışqırırmış ki, ay camaat səhnədə oğlan qızı öpəcək. İnsanlarda maraq yaranırdı və onlar gəlib tamaşaya baxırdılar. Merlin Marlo öz dövründə Ceyms Coysun və Henri Millerin kitablarını əlində tutub şəkil çəkdirirdi və beləcə kitab bütün dünyaya yayılırdı. İndi dünyaca məşhur insanlar da kitablar ilə şəkil çəkdirir. Bu da bir növ piardır. Ola bilər ki, kitab çox zəif olsun, amma reklamı çox güclü olsun. Həmin kitab yaxşı öz dövründə yaxşı satılacaq, amma tarixdə qalmaya da bilər. Nə qədər görmüşük ki, qalın kitablar məhv olub gediblər, unudulublar. Amma xırda bir 60 səhifəlik kitab tarixdə qalıb. Yəni necə reklam edirsənsə, et, ancaq bunun bədii tərəfini də fikirləşməlisən.  Kitab yaxşıdırsa və onun reklamı da yaxşıdırsa ikiqat uğur qazanacaq.

- Son dövlərdə yazıçıların sayı çoxalıb, bu barədə fikirləriniz nədir? Sizcə, bu ədəbiyyata xeyirdir, yoxsa ziyan?

- Son dövrdə əslində yeni yazarlar və kitablar da artsa da, cəmi bu il 5-6 roman çıxıb. Bu da onu göstərir ki, əslində, heç də çox deyil. Nə qədər çox yazsalar da, tutarlı yazı azdır. Bədii ədəbiyyatda əsas roman janrı sayılırsa, roman ümumiyyətlə, çox az yazılıb. Artmağı bir tərəfdən xeyirdir ki, ona görə ki rəqabət çoxalır. Əgər güclü mətn çoxdursa, bu müəlliflər arasında rəqabət baş verir. Və onlardan hansısa uğur qazanır, hansı da uğursuzluğa düçar olur. Amma əsas məsələ odur ki, gənc yazarlar tez alışıb, tezdə sönürlər. Bunun da problemi odur ki, tez həvəsdən düşürlər. Yəni 2 kitab yazıb daha sonra yazmamaq o deməkdir ki, sən artıq tükənmisən ya həvəsdən düşmüsən, ya da acığa yazmırsan. Məsələn, Aqata Kristi 10-15 kitab yazandan sonra tanınmağa başlayıb və belə bir çox müəlliflər saymaq olar. Əsas odur ki, həvəsdən düşməyəsən, yazasan və nə vaxtsa uğur qazanmağa daha çox sansın olur, nəinki uğursuzluq əldə etməyin. Hər halda bu qədər əziyyət çəkirsənsə, bəhrəsini nə vaxtsa görəcəksən.

- Gənc yazarlardan kimi oxuyursunuz?

- Bəzən yaşlı nəslın nümayəndələri deyirlər ki, gənclər yaza bilmir və yaxud normal mətin ortaya qoyan yoxdur. Soruşanda görürsən ki, heç bir gənc yazıçını oxumayıb. Bu da ondan irəli gəlir ki, gənc yazıçını oxumadan onun haqda fikir bildirmək olmaz, bu, düzgün deyil. Hansısa bir müəllif haqqında, onun yazısı haqqında fikir bildirirsənsə, mütləq kitabını oxumalısan. Son dövr çalışıram ki, daha çox gənc yazıçılara üstünlük verim. Xəyalə Muradın "Adsız" romanını bəyənmişdim. Çünki orijinal - işlənməmiş mövzu seçib və professional yazılıb.  Daha sonra Yasin Qaranın "Oyuncaq" kitabını oxumuşam. Amma çalışıram ki, mütəmadi - ayda heç olmasa bir-ikisinin kitabını oxuyum. Sadəcə, demək istəyirəm ki, çəkinməsinlər, qorxmasınlar, həvəslə yazsınlar və hansısa mənfi rəydən tez yorulmasınlar. Heç Dostoyevskini, Tolstoyu da hər kəs bəyənmir, ola bilər ki, səni müəyyən bir kütlə yaxşı qarşılamasın. Amma unutmamalısan ki, getdikcə daha yaxşı yazacaqsan. Əsas odur ki, geri çəkilmiyəsən və kitabın oxuna.

- Yazarlar arasında bəzi atmacalar, mübahisələr olur və həmçinin də son vaxtlar bəzi həmkarlarınız sizə də atmacalar atır...

- Əgər bir atmacanın ədəbiyyata aidiyyəti varsa, tənqiddirsə və yaxud dostyana fikirdirsə və ya sənə qarşı fikir bildiriblərsə, polemika aparmaq olar. Məsələn, bir insan, yaxud yazıçı sənin haqqında bir fikir yazır. Sən də ona cavab olaraq bir məqalə yazırsan, bunu anlamaq olar. Yoxsa, sadəcə, məntiqə sığmayan, ucuz atmacalar heç kimə lazım deyil, ciddi qəbul olunmur. Bizdə ədəbi dartışmalar yoxdur. Əslində, çox zəifdir və ya qəbul etmirlər. Kiməsə "sən yazıçı deyilsən" demək çox gülüncdür. Çünki yazıçının bir meyarı yoxdur. Bu qızıl deyil ki, əyarına baxıb qızıl olub-olmadığını deyəsən. Yazıçılıq elədir ki, hər kəsdə alına bilər. 
8ci sual

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz? 

- Gələcək planlar əslində çoxdur. Jurnal çıxarmaq istəyirəm, hazırda mədəniyyət saytı üzərində çalışıram. Sırf gənclərə həsr olunacaq bir layihə olacaq: şeirlər, hekayələr və məqalələr. Daha bir kitab da yazmaq istəyirəm. Bu roman olacaq, amma roman yazmaq elə də asan deyil. 

Tural