Bakıda "Cümhuriyyət gəzintisi" olacaq

Bakıda

23-05-2018 19:22 / Bu xəbər 1448 dəfə oxundu

"Azərbaycan bayrağını götürüb gəlin. Şəhərimizi 3 rənglə bəzəyək!"

Bakıda ictimaiyyət nümayəndələri - Dr. Vasif İsmayıl, Xədicə İsmayıl, Bəxtiyar Hacıyev, Azər Qasımlı, İlqar Cahangir, Anar Məmmədli, Bəşir Süleymanlı, Fərhad Mehdiyev, Natiq Cəfərli, Xalid Bağırov və Toğrul İsmayılovun təşkilatçılığı ilə "Cümhuriyyətimizin 100-cü ilini bir yerdə qeyd edək!" adlı gəzinti təşkil edilib.

Tədbirin gedişatı barədə Toplum.Tv-yə məlumat verən fəallar bildiriblər ki, mayın 28-də, saat 12:00-da "İçərişəhər" metrostansiyasının arxasında toplaşıb, İstiqlaliyyət abidəsinə doğru irəliləyəcəklər.

Onların sözlərinə görə, abidəni ziyarətdən sonra Dənizkənarı Milli Parkda gəzinti olacaq.

Təşkilatçılar iştirak edəcək şəxslərdən xüsusi xahişi də var:  "Azərbaycan bayrağını götürüb gəlin. Şəhərimizi 3 rənglə bəzəyək!"

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. 

Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Prezident İlham Əliyev ötən il mayın 16-da AXC-nin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilməlidir. 

Nazirlər Kabineti bununla əlaqədar tədbirlər planını hazırlayıb həyata keçirməlidir.