Bakı Şəhər Baş Polis İdarəsi yürüş keçirmək istəyən feministlərə xəbərdarlıq etdi

Bakı Şəhər Baş Polis İdarəsi yürüş keçirmək istəyən feministlərə xəbərdarlıq etdi

07-03-2019 19:56 / Bu xəbər 1430 dəfə oxundu

Bakı Şəhər Baş Polis İdarəsi feminist qadınların "8 Marş - Zoraklığa Qarşı Get” adlı yürüşü ilə bağlı xəbərdarlıq edib.

"Modern.az” saytının məlumatına görə, xəbərdarlıqda bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır:

"Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq”.

Aksiyanın təşkilatçılarından olan Gülnarə Mehdiyeva deyib ki, yürüş öncədən müvafiq qaydada razılaşdırılmayıb: "Lakin bu yürüşün məndən başqa da təşkilati heyəti var. Qızların qərarı budur ki, yürüş istənilən halda baş tutsun. Odur ki, bütün iştirakçılar bu məsələni nəzərə alaraq, qərarlarını versin”.

Təşkilati heyətin daha bir üzvü Nisə Hacıyeva da deyib ki, yürüş üçün xəbərdarlıq olunmayıb.

"Kim buna görə gəlməyəcəksə, hörmətlə qarşılayırıq. Biz qızlar plakatlarımızı götürüb yürüyürük, öz ölkəmizdə öz bayramımızı qeyd edirik. Kim qoşulmaq istəyirsə, buyursun, bir yerdə şənlənək”, - deyə Nisə Hacıyeva öz "Facebook” hesabında paylaşıb.