"Azərsu" ASC-nin binanın suyunu kəsməsi etiraz doğurdu

23-04-2019 01:04 / Bu xəbər 1145 dəfə oxundu

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim 9 ünvanında yerləşən binaların bir qrup sakini "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova müraciət ediblər. 

Sakinlərdən Demokrat.az-a daxil olan müraciətdə "Azərsu” ASC-nin Sabunçu rayon Sukanal İdarəsinin fəaliyyətindən şikayət edilir. 

Şikayətdə qeyd olunur ki, "Azərsu” ASC-nin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi üzrə təhkim olunmuş əməkdaşları bir neçə aydır ki, Əli Kərim 9 ünvanında yerləşən binalara verilən suyun təzyiqini aşağı salıblar.

Nəticədə binanın yuxarı mərtəbələrinə su qalxmır və sakinlər su problemləri yaşayırlar. 

Məsələ ilə bağlı dəfələrlə "Azərsu” ASC-yə və Sabunçu rayon Sukanal İdarəsinə müraciətlər edilsə də, ancaq problem hələ də həllini tapmayıb. 

Sonuncu dəfə ötən həftə sakinlər "Azərsu” ASC-nin Sabunçu rayon İdarəsinə şikayət üçün gedən zaman həmin İdarənin Vüsal adlı əməkdaşı sakinlərə kobud şəkildə cavab verərək, problemin həllinə maraq göstərmədiyini ortaya qoyub. 

Daha sonra Vüsal adlı "Azərsu" işçisi sakinlərə "gedin hara istəyirsinizsə, şikayət edin, suyun təzyiqini artırmayacağıq" deyə cavab verib. 

Bina sakinləri problemin tezliklə həlli üçün "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova müraciət ediblər.

"Artıq bir neçə aydır ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim 9 ünvanında yerləşən binaların yuxarı mərtəbələrində su problemi yaşanır. Təzyiq aşağı salınandan sonra yuxarı mərtəbələrə su çıxmır. Suyun təzyiqini bir neçə ay öncə "Azərsu" əməkdaşları aşağı salıblar. Həmin vaxtdan bəri bu problemlə üzləşmişik. Bu məsələ ilə bağlı "Azərsu" ASC-yə də müraciət etmişik. Çox təəssüf ki, indiyək problem həllini tapmayıb. Sizdən problemin tezliklə həlli üçün müvafiq tapşırıqlar verməyinizi xahiş edirik", - deyə sakinlər bildiriblər.