Azərbaycanın bir ildə borcu 4 milyarda yaxın artıb

Azərbaycanın bir ildə borcu 4 milyarda yaxın artıb

14-02-2018 18:28 / Bu xəbər 2760 dəfə oxundu

Azərbaycanın 10 milyard dollara yaxın xarici borcu var.

Maliyyə Nazirliyinin fevralın 14-də açıqladığı bilgilərdə belə yazılır.

Həmin bilgilərə görə, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9398,3 milyon dollar təşkil edib. Borc manatla ifadədə 16 milyarda yaxındır.

Nazirlik xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin 22.8 faiz olduğunu bildirir. 2017-ci il üzrə hesablanmış ÜDM-nin məbləği isə 70135,1 milyon manat olub.

Xarici borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəlikləri daxil edilib.

Xarici dövlət borcunun beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramlarından ötrü cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilən qiymətli kağızlardan ibarət olduğu bildirilir.

Yarım il əvvəl...

2017-ci ilin ortalarında açıqlanmış rəsmi bilgilərdə Azərbaycanın həmin ilin iyul ayına xarici dövlət borcunun 12208,5 milyon manat (7172,6 milyon dollar) olduğu bildirilirdi.

Həmin vaxt xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) nisbəti 18.9 faiz idi.

Bir illik artım - 4 milyard manat

2017-ci ilin yanvarında isə xarici dövlət borcu 12 milyard 241 milyondan artıq (6 milyard 913,2 milyon ABŞ dolları) idi. Həmin vaxt dolların məzənnəsi manata nisbətən daha yüksək idi.

İllik müqayisədə xarici dövlət borcu 4 milyard manata qədər artıb.

Maliyyə Nazirliyi isə hər zaman olduğu kimi yalnız xarici dövlət borcunun ümumi məbləğini açıqlayıb.

Bir çox iqtisadçı ekspertlər Azərbaycanın xarici borcları haqda açıqlanan rəsmi rəqəmlərlə razılaşmırlar. 

Onlar xarici borcun daha çox olduğunu bildirirlər.///azadliq.org