''Azərbaycanda ilk rəsmi milyonçu tapmışam''

''Azərbaycanda ilk rəsmi milyonçu tapmışam''

22-02-2019 15:05 / Bu xəbər 1911 dəfə oxundu

"AFB” bank üzrə anlaşma suallar yaradıb

"Gilan” MMC fevralın 7-də "AFB” bankın səhmlərini fiziki şəxs İsmayılov Hikmət Abuzər oğluna satıb.

"Turan” agentliyi yazıb ki, məlumatların elektron açıqlanması sisteminin (MEAS) məlumatına əsasən, İsmayılov Hikmət Abuzər oğlu bankın səhmlərinin 99,64%-i alıb.

Alqı-satqının ümumi dəyəri 70 mln. 140 min 455manat (hər birinin qiyməti 1265 manat olmaqla 55 min 447 səhm) təşkil edib.
"Gilan” MMC bankın 99,64% səhmlərinə sahib idi.

İsmayılov Hikmət Abuzər oğlu eyni zamanda "Gilan Holdinq” MMC-yə daxil olan "Azsığorta” ASC-nin 100%-lik səhmdarıdır.

Məlumatda "Gilan” MMC tərəfindən səhmlərin satılmasının səbəbi göstərilməyib ki, bu da suallar doğurub.

Belə ki, iqtisadçı Natiq Cəfərli "Facebook” profilində yazıb ki, Azərbaycanda ilk rəsmi milyonçu tapıb.

Onun fikrincə, İsmayılov Hikmət Abuzər oğlunu rəsmi milyonçu hesab etmək olar.

"Məlum olur ki, bu şəxs "Bank of Baku”-nun 31,11% səhminin sahibidir. Mənə maraqlıdır fiziki şəxs olan Hikmət İsmayılov ildə nə qədər vergi ödəyir?”, - deyə N.Cəfərli yazıb.

Natiq Cəfərli

Agentlik qeyd edib ki, bankın nizamnamə kapitalı 70 mln. 393 min manat təşkil edir. Başqa sözlə, Hikmət İsmayılov bankın səhmlərini nominal qiymətlə əldə edib ki, bu da digər suallar yaradıb.

"Məsələn, hansı səbəbdən "Gilan” MMC 2018-ci ili nominal dəyərlə 21 mln. 653 min manat xalis mənfəətlə başa vuran bankın səhmlərini satıb?

Sualı sadələşdirsək, nəyə görə "Gilan” MMC gəlir gətirən bankdan imtina edib?

2018-ci ilin yekunlarına görə, bankın aktivləri 77mln. 89 min manat yaxud 15,6% azalaraq 417 mln. 530 min manat təşkil edib, bankın kapitalı isə 21mln. 42 min manat yaxud 31,6% artaraq 87 mln. 588 min manat təşkil edib.

Vurğulamaq lazımdır ki, digər ölkələrdə belə suallar yaradan anlaşmalar mütləq maliyyə əməliyyatlarının nəzarəti ilə məşğul olan strukturları maraqlandırardı”, - agentlik yazıb.