Azərbaycanda havanın kəskin dəyişəcəyi gözlənilir

Azərbaycanda havanın kəskin dəyişəcəyi gözlənilir

16-01-2019 17:00 / Bu xəbər 1764 dəfə oxundu

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı tədbirlər təxirə salınır.

***

Dövlət strukturları ''SOS'' siqnalı verirlər

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı haqda məlumat yayıb.
Bildirilib ki, ötən günlə müqayisədə havanın temperaturu kəskin 10 dərəcə aşağı enəcək. Respublikanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Yanvarın 17-dən 18-ə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Nazirlikdə hava şəraiti ilə bağlı qərargahların yaradıldığı, bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.

Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə məlumatlar canlı və yazılı veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi barədə məlumat yayıb. Nazirlik bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlərin sona çatmaqda olduğunu bildirib.

Məlumata görə, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir.

SOCAR bildirib ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır.

Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.