Azərbaycanda bir nazirlik və bir neçə dövlət qurumu ləğv edildi

Azərbaycanda bir nazirlik və bir neçə dövlət qurumu ləğv edildi

15-01-2019 01:21 / Bu xəbər 1510 dəfə oxundu

İqtisadçı: ''Büdcəyə yük olan, cəmiyyətə faydası dəyməyən bircə qurum belə çoxdur''

Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının ləğvi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunur.

Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılması haqda fərman imzalanıb. 

Fərmana münasibət bildirən iqtisadçı Rövşən Ağayev "Facebook” hesabında yazıb: "Ölkə prezidenti büdcədən maliyyələşən, hər biri az qala nazir səviyyəsində bir rəisin kreslosuna qucaq açan xeyli dövlət qurumunu ləğv edib. Hələ 2-3 gün əvvəl 2018-ci ilin iqtisadi yekunları ilə bağlı keçirilən toplantıda bunun anonsu da verilmişdi -prezident struktur islahatların başlanacağını bəyan etmişdi. Bu addımlar çox önəmlidir - illərdi icitimai rəydə bu təkliflər dönə-dönə vurğulanır. Büdcəyə yük olan, cəmiyyətə faydası dəyməyən bircə qurum belə çoxdur”.

Rövşən Ağayev

Rövşən Ağayev deyir ki, rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq, idarəetmə standartları baxımından inkişaf eləmiş dünyanın bir parçasına çevrilmək üçün bu addımlar yetərli deyil və gözlənilən effekti verməyəcək.

"Problemi kökündən həll eləmək lazımdır - idarəetmənin ultramərkəzləşməsindən vaxt itirmədən imtina etmək, əksmərkəzləşmə strategiyası qəbul edib seçkili idarəetmə sayəsində regionlarda iqtisadi idarəçiliyin müstəqilliyini artırmaq lazımdır”, – iqtisadçı deyir.

Ekspertin fikrincə, yerli səviyyədə sosial-iqtisadi problemlərin həllini sakinlər mərkəzi dövlət qurumlarından yox, özlərinin seçdiyi yerli özünüidarə orqanlarının qərarları ilə həll etməlidirlər:

"Sosial-iqtisadi ehtiyaclar nazir və icra başçılarının kabinetlərində yox, açıq və kollektiv müzakirələr aparılan yerli parlamentlərdə (bələdiyyə şuralarında) müəyyən edilməlidir. Ehtiyac olan vəsaiti də hamının gözü qabağında xərclənən yerli büdcələrdən ayırmaq lazımdır. Gerçək iqtisadi inkişafın yolu tarazlı regional inkişafdan, əksmərkəzləşmədən, demokratik yerli özünüidarə sisteminin qurulmasından keçir”.///Meydan.tv