Azərbaycan Qafqaz ölkələri arasında sonuncudur

Azərbaycan Qafqaz ölkələri arasında sonuncudur

25-04-2018 12:39 / Bu xəbər 2507 dəfə oxundu

Azərbaycan Mətbuat Azadlığı İndeksində geriləyib

Fransada yerləşən Sərhədsiz Reportyorlar təşkilatının hesabatına əsasən, Azərbaycan Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 163-cü yerdədir. 
Hesabat aprelin 25-də açıqlanıb. Ötən il Azərbaycan 162-ci yerdə idi.

Qafqaz ölkələri arasında Ermənistan 80, Gürcüstan 61-ci yerdədir. Digər qonşumuz olan İran 164-cü yerdə qərarlaşıb.

Hesabatda qeyd olunur ki, mətbuat azadlığının pozulması təkcə avtoritar rejimlərə və diktaturalara xas deyil.

ABŞ bu il iki pillə geriləyərək 45-ci yerə düşüb.

"Siyasi liderlərin mediaya düşmənçiliyi daha Türkiyə (157) və Misir (161) kimi avtoritar ölkələrlə məhdudlaşmır. Bu ölkələrdə mediafobiya elə qabarıqdır ki, jurnalistlər bir qayda olaraq terrorçuluqda suçlanır, sadiqlik sərgiləməyənlər qanunsuz həbs olunur”, hesabatda deyilir.

Budəfəki hesabatda ABŞ prezidenti Donald Trump kəskin tənqid olunur, "medianı qaralamağa həvəsli” kimi göstərilir. Onun jurnalistlərlə bağlı "xalqın düşməni” ifadəsini işlətməsi yada salınır, vaxtilə sovet diktatoru İosif Stalinin bu sözü dilə gətirdiyi vurğulanır.

Artıq ikinci ildir Norveç və İsveç birinci və ikinci yerləri tutub. Şimali Koreya isə indeksin dibində yer alıb.

Sərhədsiz Reportorlar bildirirlər ki, bu indeks həm də "qoluzorluların” öz sərhədlərindən kənarda da nüfuzunu yaydığını göstərir.

"Ölkəsində müstəqil səsləri boğan Rusiya (148-ci yer) prezidenti Vladimir Putin RT və Sputnik media orqanları vasitəsilə propaqanda şəbəkəsini genişləndirir. Çin (176) lideri Xi Jinping isə sərt nəzarət etdiyi xəbər və informasiya modelini Asiyaya ixrac edir”, – hesabatda deyilir.

Azərbaycan rəsmiləri bu hesabata, hələlik, münasibət bildirməyiblər.