"Azərbaycan hökuməti yeni bir kart-blanş istəyir" - Akif Qurbanov

09-04-2018 01:43 / Bu xəbər 3677 dəfə oxundu

Ekspert: "DTİHB-nin budəfəki hesabatının dili əvvəlkilərdən fərqlənir"

Azərbaycanda növbədənkənar prezident seçkilərinə bir neçə gün qalıb. 

Bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəmissiyasının seçki ilə bağlı aralıq hesabatı yayıldı.

Turan agentliyi Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, seçki məsələləri üzrə ekspert, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov ilə seçki mühiti və aralıq hesabathaqda söhbətləşib.

- Akif bəy, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkilərlə əlaqədər aralıq hesabatı yayılıb. Hesabatı necə qiymətləndirirsiniz?

- Bütün çətinliklərə baxmayaraq, ATƏT bu prosesdə iştirak edir. Aralıq hesabatı hazırladı və yaydı. Bunun özünü müsbət qiymətləndirmək lazımdır, çünki baş verən prosesə dair müvafiq reaksiyalar var. Eyni zamanda hesabatın özünə də baxdıqda problemlər bu və ya digər formadaöz əksini tapır. Amma ATƏT-in hesabatına beynəlxalq standartlar, Azərbaycanın götürdüyü öhdəliklər və bundan əvvəlki ATƏT-in yanaşmaları kontekstində baxanda indiki dövrdəki yanaşmalarını xeyli problematik görürəm. Bu problematik tərəflər həm də əslində beynəlxalq siyasətdə çox vacib alətə çevrilən dil məsələsilə bağlıdır. Yəni, beynəlxalq qurumların ritorikası məsələsidir. Hazırladıqları sənəddə daha çox hansı dil istifadə edilib və o dil nə dərəcədə proseslərə uyğun istifadə olunur? Təəssüflər olsun ki, ATƏT-in ehtiyacları qiymətləndirmə missiyasının hesabatından, yəni ilk hesabatdan biz o dilin əvvəlki hesabatlarla müqayisədə fərqli ritorika ilə başladığını gördük. İndi aralıq hesabatın da dili gözləntilərin əksinə olaraq həmin ehtiyacları qiymətləndirmə missiyasının hesabatının dili kimi əvvəlki standartlardan fərqli dildə təqdim edildi. Burada mühüm olan çox bir vacib şey var. Xüsusən söhbət ingilis dilində istifadə olunan sözlərdən gedir. Yəni, ingilis dilinin imkanları o dərəcədə genişdir ki, bəzən bir sözün istifadəsi belə o cümlənin tamamilə mənasını dəyişə bilir. Biz indiki durumda da ATƏT-in bu günə qədər heç zaman istifadə etmədiyi ritorikanın dəyişdiyini görürük. Bu dəyişikliklər nədən ibarətdir? 

ATƏT-in ənənəvi oturuşmuş Mərkəzi Seçki Komissiyasının və digər aşağı seçki komissiyalarının, ümumən seçki komissiyasının formalaşması prinsipinə və idarəetməsinə münasibətdə 2005-ci ildən bu yana dəyişməyən mövqeyi vardı. Yəni, bu mövqe çox aydın ifadə edirdi ki, Azərbaycanda bütün seçki komissiyalarına hakimiyyət de-fakto nəzarət edir və bu nəzarət istər qərarların icrasına, istərsə də proseslərin gedişinə ciddi, əhəmiyyətli təsir göstərir. Başqa bir konteksdə baxsaq, ATƏT-in əvvəlki tövsiyələrində, Avropa Şurasının Venesiya Komissiyasının rəylərində, bu günə qədər Azərbaycanda keçirilmiş seçkilərlə bağlı Avropa məhkəməsinin qərarlarında fərdi tədbirlərlə yanaşı ümumi tədbirlər göstərilirdi ki, bunlar da bilavasitə Azərbaycanın seçki qanunvericiliyi ilə bağlı idi. Azərbaycanın seçki qanunvericiliyi ilə bağlı belə bir tələbləri olduğu halda mövcud Seçki Məcəlləsini müfəssəl, əhatəli Seçki Məcəlləsi adlandırmağın özü əslində tamamilə zidd təəssürat yaradır. Və haqlı olaraq da yerli ictimaiyyət və yaxud da siyasi partiyalar tərəfindən tənqidlərə səbəb olur. Başqa bir formata baxsaq, həmin tövsiyələr və qərarlarda şikayətlərin hazırlanıb baxılması məsələsinə, ümumiyyətlə, şikayətlərə baxılması prosedurlarına və ədalətin təmini nöqteyi-nəzərdən tərəflərin obyektiv və qərəzsiz qurum tərəfindən araşdırılması məsələsinə xüsusi olaraq çağırış olunurdu. Bu şikayətlərə baxılması məsələsi məqbul hesab edilmirdi və tənqid olunurdu. Amma indiki hesabatda biz buna dair heç bir mövqe görmürük. Yəni heç bir yanaşma yoxdur. Sadəcə olaraq, mövcud Seçki Məcəlləsindəki bu məsələyə dair müddəalar öz əksini tapıb və əvvəlki yanaşmalardan buna münasibətdə dəyişmə hiss olunur. Mən təkcə mövcud siyasi durumu obyektiv qiymətləndirməmək baxımından demirəm. Ola bilər ki, bu, subyektiv fikir kimi səsləndirilə bilər, yəni bizim gözümüzdə siyasi azadlıqlarla bağlı, medianın durumu ilə bağlı vəziyyət daha gərgindir. Amma onların gözündə bu fərqli görünə bilər. Söhbət ondan gedir ki, mənim xüsusilə qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, ATƏT-in bu günə qədər özünün əvvəlki hesabatlarında xüsusi olaraq vurğuladığı məqamlar vardı ki, mən onların bir qismini sadaladım və bunlar illərdir dəyişməyən məqamlardır. Amma bu gün mövcud hesabatda bu məqamlara dair fikirlərdə istifadə olunan dil çox sürüşkəndir və hakimiyyətə öz xeyrinə manipulyasiya etmək imkanı verən bir üslubdur.

- Aralıq hesabatın dilini "sürüşkən" adlandırırsınız. Yəni hesabatın dili yumşaqdır. Sizcə, bu nə ilə əlaqədardır?

- Bunun nə ilə əlaqədar olduğunu birmənalı ifadə etmək çətindir. Mənim şəxsi qənaətim ondan ibarətdir ki, əslində seçkilərin növbədənkənar elan olunmasının səbəblərindən biri də hakimiyyətin prosesi başağrısız keçirmək istəyindən irəli gəlib. Belə bir vəziyyətdə ATƏT-in də ən azıvaxt itkisi səbəbilə texniki baxımdan gəlmək imkanı mümkün olmayacaqdı. Üstəgəl, 2015-ci il seçkilərinə münasibətdə hakimiyyətin yanaşmasına ATƏT sərt təpki göstərdi və bu sərt təpki seçkiləri professional və standartlara uyğun izləyə bilməyəcəyi arqumentinə söykəndi. Yəni, həmin mövqeni bu il gözləsək də belə bir yanaşma olmadı və ATƏT buna mümkün qədər iştirakçılıq kontekstindən baxdı. İndi burada sual olunur ki, nədən qiymətləndirmə missiyasının məlumatı yayılan kimi ATƏT artıq hansı heyətlə gələcəyini müəyyənləşdirdi və çox qısa bir müddətdə mərkəzi ofisində nə qədər işçiyə ehtiyac olması ilə bağlı elan verdi? Sual yarana bilərdi ki, qiymətləndirmə missiyasının hesabatına hökumətin reaksiyasını gözləmək mümkün deyildimi?Deməli, belə çıxır ki, ATƏT-ə bəlli idi ki, hökumət hər bir halda onların gəlməsini istəyir. Seçilən tərəflərə də baxdıqda görünür ki, hətta mənim aldığım məlumatlarda belə bir informasiya vardı ki,ATƏT bir çox missiyalarda olan heyətlərinbir qismini oradan yarımçıq götürərək onları bura qoşacaq, sanki iştirakçılığa mütləq yanaşıb. Professionallığa nə dərəcədə əməl edəcək, gələn heyət nə dərəcədə hazırlıqlıdır, ölkədəki durumu bilir - bu haqda açığı desəm, qənaətimdən əmin deyiləm. Başqa bir tərəfdən, ATƏT rəhbərinin mətbuat konfransında göründü ki, o, bütün suallardan yayındı, hətta ehtiyacların qiymətləndirmə missiyasının hesabatı ilə bağlı suala "hələ tanış olmamışam" cavabını verdi. Bu cavab yasualdan yayınma idi,yada həqiqətən gələn missiyanın o hesabatdan xəbərinin olmaması.Bu özü bir qeyri- peşəkar davranış kimi göründü. Eyni zamanda digər ekspertlərin onların müxtəli heyətləri ilə görüşlərdə verdikləri suallardan hiss olunur ki, prosesdə o qədər hazırlıqlı kadrlar seçilməyib. 

Əslində, DTİHB-nin bir oturuşmuş təcrübəsi var. Hesab edirəm ki, əslində istifadə olunan heyətin bir çoxu da DTİHB-nin oturuşmuş təcrübəsindən daha çox kənar müşahidələrdən cəlb olunan şəxslərdir. Yəni, bütün bunları toparlasaq, belə qənaət formalaşır ki, əslində DTİHB nə qədər peşəkar qurum olsa da siyasi qərar verən tərəf deyil. ATƏT-in siyasi qərar verən tərəfləri var. Çox təəssüflər olsun ki, bu prosesdə daha çox siyasi qərar verənlərin həlledici rol oynadığı görünür. Biz eyni zamanda DTİHB ilə yanaşı ATƏT-in Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşdük. Nümayəndə heyətinin rəhbəri hazırda ATƏT-in prezidenti, Gürcüstandan olan deputatdır. Onunla müzakirə zamanı da belə başa düşdüm ki, müəyyən problemlərin çözümündə əgər ATƏT tərəfdən pozitiv rəy söylənə biləcək mövqelər olarsa, hökumət onlara yeni bir vədlər verər. Yəni mənim gəldiyim qənaət odur ki, Azərbaycan hökuməti yeni bir kart-blanş istəyir. Və bu kart-blanş da daha çox prezident seçkilərində legitimlik məsələsi, beynəlxalq ictimaiyyət tərəfindən legitimliyin tanınması və bu prosesdə müsbət imicin yaradılması müqabilində onların hansısa bir istəklərinə, çağırışlarına əməl etmək mesajı kimi görünür. Artıq 3 həftədən çoxdur ki, ATƏT-in seçki müşahidə missiyasının ölkədə olmasına baxmayaraq, ölkə başçısı tərəfindən yalnız ilk hesabat açıqlanandan sonra qəbul olundu. Əvvəlki təcrübələrdə səfərin ilk günlərində rəhbərlik tərəfindən qəbul olunurdu və seçkilərin müsbət istiqamətdə keçiriləcəyi ilə bağlı iradənin nümayişi üçün bir mesaj verilirdi. İndi isə hesabat yayıldıqdan sonra qəbul edildi. Belə çıxır ki, sanki üzərlərinə bir şeylər götürüblərmiş kimi Azərbaycan hökuməti gözləyirmiş ki, "siz hesabatı yayın, baxaq, bizi qane edəcək bir forma olacaqsa, biz də sonradan adekvat reaksiya verərik". Belə bir qənaətlər formalaşır. Yəni, bunun hamısı suallar yaradır. Bu vaxt qısalığına baxmayaraq, gəlmə, dilin dəyişməsi, Azərbaycan hökumətinin gözləmə mövqeyi tutması. Təəssüflər olsun ki, bu qənaətlər, şübhələr, suallar prosesin siyasi razılaşma əsasında keçirilməsi ehtimalına olan şübhəni artırır.

- ATƏT-in DTİHB-nin 2013-cü il prezident seçkiləri ilə bağlı hesabatından sonra Azərbaycan hökuməti ilə həmin beynəlxalq qurum arasındakı münasibətlər soyuqlaşdı. 2015-ci il parlament seçkilərində biz həmin qurumu görə bilmədik. Amma indi növbədənkənar prezident seçkilərində vaxt məhdudiyyətinə baxmayaraq, bu qurumun seçkiləri müşahidə edəcəyi sizin də dediyiniz kimi bəzi ekspertlərdə də şübhə yaradıb. Ola bilərmi həmin qurum hansısa razılaşma əsasında bu seçkilərdə iştiraka və hesabatlarının bu formada yazılmasına razılaşıb?

- Mən bilavasitə deməkdə çətinlik çəkirəm ki, DTİHB bu danışıqların tərkib hissəsidir və belə bir xüsusi razılaşma var. DTİHB burada daha çox professional və texnikiməsələləri icra edir. Siyasi tərəfləri DTİHB-dən daha çox ATƏT-in rəhbərliyi həll edir. Və o rəhbərliyin həll etdiyi məqamlar da daha çox siyasi formada həll olunur. Əvvəlki illərlə müqayisədə indi DTİHB-a münasibət də dəyişib. 2013-cü il hadisələrindən sonra mənim MSK-da olduğum dövrdə onun şahidi olmuşdum ki, Azərbaycan hökuməti DTİHB- a çox sərt yanaşırdı. Sərt münasibətin və 2015-ci ildə də davam edən prosesin kökü əslində əvvəlki yanaşmadan qaynaqlanırdı. O zaman DTİHB-a rəhbərlik edən şəxs prinsipial mövqeyi Azərbaycan hökumətinin qıcığına səbəb olmuşdu. İndi isə DTİHB-nin rəhbərliyi dəyişib. Amma qeyd etdiyim kimi, qurum rəhbərliyinin dəyişməsi də bəlkə dialoq üçün yeni bir zəmin yaradır. Amma buna münasibətdə DTİHB-nin rəhbərliyindən daha çox burada ATƏT rəhbərliyinin önəmi var. ATƏT-in Parlament Assambleyasının rəhbərliyini gürcüstanlı deputat həyata keçirir. Azərbaycanlı deputat ATƏT-in Parlament Assambleyasında vitse-prezident səviyyəsində təmsil olunur. Başqa yöndən, yəni, müəyyən müasibətlərdə sanki yeni vədlər verildiyi təəssüratı yaradılır. Belə olan təqdirdə, qeyd etdiyim kimi, belə bir anlaşmanın mümkün olduğu görünür. Yəni Azərbaycan hökuməti də daha çox buna ehtiyacı olduğunu vurğulayır. Təbii ki, bunu başa düşür. ATƏT tərəfinin də belə bir mesaj verə biləcəyi mümkündür. Və zatən dəyişən dil siyasətə bağlıdır. Və biz bunun dəyişdiyini görürük. Dəyişdiyini gördüyümüz üçün mümkün qədər bu proseslərin bilavasitə siyasətlə əlaqədar olduğundan imtina etməyimiz mümkün deyil.

- Seçkilərə çox az müddət qalıb. Sizin müşahidələriniz nədən ibarətdir? Seçki ab-havası hiss olunurmu?

- Əslində seçki ab-havasının olmayacağını hökumət əvvəlcədən bilirdi və mən hesab edirəm ki, seçkiləri önə çəkməyin səbəblərindən biri qeyd etdiyim kimi, seçkiləri, sadəcə, başağrısız keçirmək idi. Heç bir siyasi kampaniya olmadan prosesi, sadəcə, icra olunmalı bir tədbir kimi yekunlaşdırmaq yanaşması ortaya qoyulurdu. Seçki prosesinin olması üçün əvvəlcə seçkiöncəsi mühit standartlara cavab verməlidir. Yəni, Azərbaycanın götürdüyü öhdəliklərə, azad və ədalətli seçkilər keçirmək üçün minimal şərtlərin yaradılmasını ehtiva edən ATƏT-in Kopenhagen standartlarına uyğun. Burada söhbət siyasi azadlıqların təminindən, media mühitinin bütün tərəflərə bərabər imkan yaratmasından, ifadə azadlığının təminindən keçir. Təəssüflər olsun ki, Azərbaycanda istər siyasi azadlıqlar, istər media mühiti bu standartların minimal şərtlərdə olsa belə keçirməyə imkan vermir. Çünki partiyaların, siyasi təşkilatların nəinki televiziyalara çıxmasına, sadəcə, qapalı tədbirlər keçirmək, qurultay keçirmək istəyən, birləşmə azadlığından istifadə etmək istəyən təşkilatların belə niyyətlərinə imkan yaradılmır. Həmçinin toplaşma azadlığı üçün nəinki Bakıda, hətta regionlarda belə imkanlar yaradılmır. Vətəndaşlarla sərbəst ünsiyyət imkanlarından yalnız virtual adətlər hesabına istifadə oluna bilir. 

Müstəqil televiziyaları bir kənara qoysaq, ictimai yayım haqqında qanunun bütün tərəflərə bərabər imkanların yaradılması ilə bağlı tələblərinə cavab verməli olan İctimai Televiziyada müxalif kəsimin çıxışı xatırladığım qədər 2013-cü ilin prezident seçkiləri dövründə olub. O da Seçki Məcəlləsindən irəli gələn məcburi bir vəziyyət idi. O vaxtdan bu yana nəinki müxalif qurumların təmsilçiləri, heç müstəqil vətəndaş cəmiyyətinin üzvləri, media ekspertləri belə o televiziya məkanına buraxılmır. Belə olduğu halda nə fikir plüralizmindən danışmaq mümkündür, nə də seçki rəqabətindən. Bu şərtlər təbii ki, müxalifəti də seçkilərdən imtinaya sövq etdi. Başqa bir tərəfdən də namizədliyi irəli sürülmüş və qeydə alınmış şəxslərə də baxdıqda çox aydın görünür ki, 8 nəfər hazırda guya marafon həyata keçirir. Amma onların teledebatlardakı çıxışlarına baxdıqda görünür ki, çox aydın yanaşma tərzləri var: "Ya İlham Əliyev hər şeyi yaxşı edir. Pis olan isə odur ki, bu problemlərin kökündə elə müxalifətin neçə illik fəaliyyəti durur. Və yaxud da indi bir yeni ritorika yaranıb. Guya Azərbaycanın maddi maraqlarını satan müəyyən qruplar var. Onlar da xaricə mühacirət ediblər və sanki o mühacirlər Azərbaycandakı problemlərin baiskarlarıdır. Və yaxud problem yoxdur, onlar bu vəziyyəti problem kimi təqdim edirlər". Yəni bu yanaşmaları, fikirləri toplasaq, aydın görünən odur ki,namizədlərin özlərinin platformaları yoxdur. Və yaxud da hətta hakim partiyanın namizədini açıq surətdə dəstəkləməkdən belə çəkinmirlər. Belə olan təqdirdə hər hansısa bir gerçək rəqabətdən, və yaxud da hansısasiyasi kampaniyadan danışmaq mümkün deyil. O efir vaxtından da yalnız hakim komandanın xeyrinə istifadə edirlər. Həm o komandanın gördüyü işlərin uğurlarını təşviq etmək baxımından, həm də onun efirdənkənar real opponentlərini tənqid və hətta bəzən təhqir etməkdən çəkinmirlər. Əslində indi baxdıqda görürük ki,İctimai Televiziya Seçki Məcəlləsinin tələblərini konkret pozur. Mərkəzi Seçki Komissiyası da buna susqunluqla yanaşır. Mən özüm dəfələrlə izləmişəm. Aydın görünür ki, oradan aparıcı müxalif simaları təhqir edirlər. Əslində İctimai Televiziyanın borcudur ki, adıçəkilən şəxslərə söz haqqı versin. Eyni zamanda Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin konkret 88-ci maddəsinin tələblərinəəməl etməli, ona uyğun davranmalıdır. Onlar isə sadəcə, susqunluq nümayiş etdirirlər. Belə olan halda gerçək seçki kampaniyasından danışmaq mümkünsüzdür.

- 2015-ci il parlament seçkilərində namizədlərə azad efir vaxtı verilməmişdi. Gözləntilərdən biri bu idi ki, builki seçkilərdə də namizədlərin iqtidaryönlü və ya müxalif olmasından asılı olmayaraq azad efir vaxtı verilməyəcək. Amma əksinə baş verdi. Sizcə, niyə?

- İndiki dövrdə namizədlərə efir vaxtının verilməsi əslində o namizədlərin çərçivəsinin bəlli olduğu və hakimiyyətin görmək istədiyi formata çevrildiyi üçün təmin olundu. Mənim qənaətimə görə, əgər real alternativ olan və həqiqətən də müxalif mövqedən çıxış edəcək şəxslər seçkilərə qatılsaydı, ya onların namizədliyi qeydə alınmayacaqdı, yəni, seçki marafonuna buraxılmayacaqdı, ya da qeydiyyata alındığı təqdirdə bu və ya digər formada efir vaxtını pozacaqdılar. Daha çox güman olunan məsələ namizədlərin qeydə alınmaması ilə bağlı idi. Çünki 2013-cü il seçkilərindən sonra hakimiyyətin yanaşmasından aydın olan bir xətt var ki, hakim şəxslər nəinki müxalif fikri eşitməyə dözümlüdürlər, hətta eşitmək istəyində belə deyillər. Biri var dözümlü və ya dözümsüz münasibət göstərmək. Biri də var, ümumiyyətlə, eşitməmək istəyi. Eşitməmək istəyi və 2013-cü ildə efirdə səsləndirilən fikirlərin canlı yayımdan sərt şəkildə hakimiyyətin birinci şəxsinə qarşı yönəlməsi təbii ki, onlarda belə bir qənaət formalaşdırdı ki, bunları bir daha efirə buraxmaq olmaz. Və ya ümumiyyətlə, efirdə belə fikirlərin səsləndirilməsi onlar üçün ictimai rəydə problem yaradır. O nöqteyi nəzərdən güman edirdim ki, ya ATƏT-in gəlməsində hər hansı problemlər yaranacaq, buna görə də efir vaxtının verilməsində problem olmayacaq. Və yaxud da qeydiyyata alınmada problemlər yaradılacaq və gerçək real namizədlər efirdə görünməyəcək. Yəni, indiki halda artıq kimlərin buraxıldığını bilirlər və aşağı-yuxarı nə danışmaq lazım olduğunu bilirlər. Hətta çox aydın görünür ki, birinci həftədəki diskussiyanın mövzularıöz ritorikası ilə seçildi, növbəti həftədəki mövzular isə tamamilə dəyişmiş oldu. Mənə görə o namizədləri iki kateqoriyaya bölmək olar. Yəni, hakimiyyətiçi komandaların namizədləri hesab etmək olar. Və yeri gələndə bir namizəd hökumətin içində bir qrup məmurları tənqid edirdi. Guya ki, bir tərəfdən sanki müxalif rolunu oynayırdı, o biri tərəfdən özünün təmsil etdiyi komandanın mənafeyi üçün kimləri isə guya ifşa edirdi. O baş verən çıxışlardan sonra ictimai rəydə yaranmış fikir, gülüş hədəfinə çevrilmələri, başqa bir tərəfdən müxtəlif səs-küyə səbəb olma və müzakirələrin açılması onları valı dəyişməyə məcbur etdi. Növbəti həftənin efirlərində isə artıq demək olar ki, bütün namizədlər müxalifət əleyhinə və xaricdəki mühacir fəallara qarşı yönəlməyə başladılar. Bunun özü göstərir ki, bu namizədlərin gündəliyini kimlər müəyyənləşdirir.

- Bəzi ekspertlər düşünürlər ki, İlham Əliyev birmənalı olaraq bu seçkinin qalibi olacaq və məhz bu səbəbdən hakimiyyət iradə nümayiş etdirərək seçkini azad və ədalətli keçirməyə səy göstərəcək. Amma belə fikirlər də var ki, bu seçkinin nəticəsi İlham Əliyevin xeyrinə rekord qırmalıdır. Bundan əvvəlki seçkilərdəki səs faizindən artıq səs faizi yığılmalıdır. Yəni, İlham Əliyevin xeyrinə 90 faizdən çox səs yığılmalıdır. Siz necə düşünürsüz? Nəticə necə olacaq?

- Birmənalı şəkildə onu demək istərdim ki, seçicilərin fəallığı ola bilsin əvvəlki seçkilərlə müqayisədə yüksək göstərilməyə bilər. Amma birmənalı olaraq onu demək istəyirəm ki, rəqəm etibarı ilə İlham Əliyevin səsinin artdığı göstəriləcək. Yəni, tutaq ki, əvvəllər 2 milyon səs almışdısa, bu dəfə 2,5 milyon səs aldığı göstəriləcək. Bu ola bilsin ki, ümumi faiz kontekstində əvvəlki seçkilərlə müqayisədə 1-2 faiz aşağı-yuxarı ola bilər. Amma mütləq surətdə göstəriləcək ki, əhalinin İlham Əliyevi dəstəkləyən kəsimi getdikcə artır. Yəni, onu dəstəkləyən seçicilərin sayı artır. Daha çox bunun üzərində növbəti 7 il ərzində siyasi piarlarını qurmaq üçün istifadə edəcəklər. Həm daxili ictimaiyyət, həm də beynəlxalq ictimaiyyət üçün. Başqa bir tərəfdən indiki situasiyadan baxdıqda normal məntiq onu ifadə edir ki, hökumət zatən birinci raundda prosesləri həll edib. Və onun artıq səsvermə günü xüsusi tədbirlər görməyə, nəticələri süni surətdə dəyişməyə, müdaxilə etməyə ehtiyacı yoxdur. Və bununla da hökumət beynəlxalq təşkilatlara, müşahidəçilərə çox yaxşı nümunə göstərə bilər. Zatən beynəlxalq media da, qurumlar da əhalinin seçilmiş şəxsə münasibətdə iradəsinin ifadəsininnə dərəcədə təmin olunub-olunmaması kontekstində baxırlar. Yəni, əhali həqiqətən də seçkilərdə iştirak etdimi və səs verdimi? Və yaxud da onun səsinə hər hansı müdaxilə oldumu? Daha çox həssaslıq bunun üzərində köklənib. Rəqabət mühitini daha çox professional tərəflər qiymətləndirirlər. Amma ictimaiyyət nümayəndələri daha çox seçki gününə fokuslanır vəxalqın iradəsinin əks olunub -olunmamasına diqqət yetirirlər. Qeyd etdiyim kimi, bu zərurətdən irəli gələrək əslində normal məntiq bunun edilməli olmasını ifadə edir. Amma çox təəssüflər olsun ki, ötən illərdəki təcrübələrə görə, çox güman ki, bu dəfə də aşağı-yuxarı əvvəlki formada keçiriləcək. Çünki başqa bir tərəfdən də bu idarəetmə sistemini qiymətləndirəndə aydın olur ki, bunlar başqa cür formanı təhlükəli hesab edirlər. Və yaxud da başqa formada bunlar nə istəyirlər, nə də bacarırlar. Yəni sadə götürsək hətta ötən bələdiyyə seçkilərində də biz gördük ki, namizədlər də bunların arzuladığı şəxslərdir. Bələdiyyələrə ictimaiyyətdə böyük bir diqqət, ictimai nəzarət yoxdur. Buna baxmayaraq, o seçkilərin özündə belə seçki günü kütləvi saxtakarlıqların olduğu daim ictimaiyyətə bəlli olur. Media vasitəsilə, müşahidəçilər vasitəsilə, foto-video görüntülərlə bu addımların daim təkrarlandığı görünür. Bu məntiqə söykənəndə belə bir situasiyanın prezident seçkilərində olması ehtimalı görünür. Və bir daha təkrar edirəm ki, əvvəlki təcrübələr göstərir ki, təəssüflər olsun ki, bu tipli vərdişlərdən əl çəkə bilmirlər. Ola bilsin onların məntiqində belə bir yanaşma var ki, biz nəbadə insanlara, seçkidə iştirak edən, onu idarə edən tərəflərə ipin boşaldığını göstərək. Yəni bu ipin boşalması mesajı sanki hakimiyyətin mahiyyətinin dəyişdiyinin, zəiflədiyinin təəssüratını yarada bilər. Və bu da sonra fərqli istiqamətə apara bilər, fərqli tendensiya yaradabilər. Görünür, o nöqteyi- nəzərdən hökuməti idarə edən şəxslər bundan çəkinirlər və belə bir mesajın verilməsini istəmirlər. O baxımdan da idarəetmədə sərt davranışı davam etdirəcəkləri gözlənilir.

- İlham Əliyevin 4-cü dövr və növbəti 7 il ərzində prezident olacağı şübhə doğurmur. Beynəlxalq ictimaiyyətin buna münasibəti necə olacaq?

- Təəssüflər olsun ki, bu gün dünyada dəyərlər və real politik maraqların hər zaman üst-üstə düşmədiyinin şahidi oluruq. Bəzən real politika beynəlxalq təşkilatlarda gücü olan dövlətlərin maraqları nöqteyi-nəzərindən daha təsiredici olur, həlledici təsirə malik olur. Bu da istər-istəməz ikitərəfli münasibətlərin, ikitərəfli ortaq maraqların təmini nöqteyi- nəzərindən Azərbaycan tipli ölkələri qıcıqlandırmamaq davranışını nümayiş etdirir. Belarus nümunəsindən də biz bunu görə bilirik. Və əvvəlki yanaşmalarda da belədir ki, Belarusdakı o sərt yanaşmalar heç də effekt vermir. Təbii ki, Rusiya amili də burada rol oynayır. Bizim bölgəmiz daha həssasdır. İran, Rusiya var. Eyni zamanda Türkiyənin də artıq Qərblə münasibətlərində məsafənin yaranması ilə onu da bu siyahıya aid etmək olar. Heç də Türkiyənin siyasi prioritetində demokratik dəyərlərin müdafiəsi görünmür. Belə olan təqdirdə Azərbaycan tipli ölkələr üçün, xüsusilə Azərbaycan hakimiyyəti üçün manevr imkanlarına münbit şərait yaranır. Və bunun nəticəsində də Qərb dövlətlərinə bəzən onun arzuladığı formada getməyəndə dialoqun mümkünsüzlüyü halına gəlib çıxır. Və təbii ki, Qərb yanaşmasında da dialoqu prioritet hesab edirlər və problemlərin həlli də ikitərəfli danışıqlarla, müxtəlif vasitələrdən istifadə edərək inamlı mühitin yaradılmasına çalışırlar. Bu üslublar da bəzən bizim tipli idarəetmə rejimi üçün keçərli olmur. Demək istədiyim odur ki, biz ciddiyə almalıyıq ki, Avropa Şurasının yaranma fəlsəfəsinin mahiyyəti vardı və bu dəyərlər üzərində qurulmuşdu. Eyni zamanda Avropa Şurasını quran ölkələr var. Eyni zamanda ATƏT-in də yaranma zərurəti var idi. 

Təhlükəsizliklə yanaşıdemokratiyanın güclənməsi, həm də əslində təhlükəsizliyin sabit demokratiyanın yaradılması ilə mümkün olması və uzunmüddətli ola biləcəyi diskursu vardı. Amma təəssüflər olsun ki, müəyyən rıçaqlar, beynəlxalq təşkilatlarda Rusiya tipli ölkələrin olması, həmin qurumlarda belə ölkələrin maliyyə vəsaitinə olan ehtiyac, eyni zamanda səsvermə hüququnun olması rol oynayır. Son dövrlərin yanaşmalarında görürük ki, Rusiya demokratiyanın alətlərindən istifadə edərək səsvermədən, maliyyə təsirlərindən və digər amillərdən, yumşaq gücündən istifadə edərək bu və ya digər ölkələrdə prosesləri əvvəldən nəzərdə tutulmuş o dəyərlərin müdafiəsi istiqamətində yox, əksinə problem yaradılması istiqamətində, tormozlama istiqamətində köklənir. Və bu da Azərbaycan tipli rejimlərə qeyd etdiyim kimi, manevr imkanları verir. İndiki situasiyada görünən odur ki, Qərb bu ritorikadan az istifadə etməyə çalışır. Baxmayaraq ki, artıq 4-cü dəfədir Azərbaycanda seçkilər keçirilir. Ola bilsin bəzən belə bir fikirlər də yayılır ki, bəlkə də Qərb üçün Azərbaycanın müsəlman kökənliliyi, həssas bir regionda yerləşməsi, zatən onun sekulyar və müasir Avropa ilə vizual da olsa əlaqələrdə olmasını yetərli hesab edirlər. Və bu kontekstdə tələbləri çox da artırmırlar. 

Yaxın keçmişdə Azərbaycan və Avropa İttifaqı arasında strateji anlaşmanın draft formatı yayılmışdır və orada biz görürük ki, Azərbaycan tərəfindən də insan haqları və demokratiyanın inkişafı üçün tələblər var. Bu tələblər də təbii ki, Azərbaycan tərəfinin çox sərt reaksiya göstərdiyi hissədir və onun üzərində hələ o sazişdə anlaşmaya vara bilmirlər. Görünür, bəlkə də bu amil də təsir edir ki, Azərbaycan hökumətinə mümkün qədər yumşaq reaksiya verilsin və onu növbəti proseslərdə istədikləri istiqamətə aparmağa inandıra bilsinlər. Yəni sanki belə çıxır ki, yanaşma budur ki, sənin üçün öz hakimiyyətinin formalaşması, hakimiyyətdə qalmağın və beynəlxalq imicinin olması maraqlıdırsa, biz bunu sənə verə bilərik, bunun kontekstində sən də bizim çağırışlarımıza gərək əməl edəsən. Yəni belə bir dialoqun, belə bir müzakirənin olduğu bu və ya digər formada sezilir. İctimai rəyə yansıyır. Amma mənə görə, təcrübə göstərir ki, ötən illərdə bu tipli vədlər, bu tipli kart-blanşlar çox verildi və Azərbaycan hökuməti çox sözlər verdi, amma gördüyümüz odur ki, Azərbaycan hökuməti o verdiyi sözləri, sadəcə, hər dəfə bu və ya digər formada yayınmaqla icra etməməyə çalışdı. Bundan sonra da güman etmirəm ki, hərhansı bir formada nəyisə icra edəcək. Sadəcə, yeni bir zaman qazanmaq istəyir. Çünki mənə görə, Azərbaycan hökumətinin ən vacib istəyi onun hakimiyyətdə qalmasıdır, hakimiyyətini sürdürməsidir.Və hakimiyyətini sürdürməsi üçün də anlayır ki, hər hansı yumşalma onun hakimiyyəti üçün təhlükə ola bilər. Bu təhlükəni riskə almağı, bu riskə getməyi gözə almır. Ona görə də mümkün qədər Qərbin alətlərindən istifadə edərək özünə qaytarmağa çalışır. Və onun alətlərindən istifadə edərək vaxtı uzatmağa çalışır. Amma hər halda Qərb dünyası da bunları görməmiş deyil. Güman edirəm ki, hər halda bir gün bu gerçəklikləri anlayacaqlar və onda real təsiredici dillə danışacaqlar. Ən azındanbu zamanı Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti itirmiş olur. Azərbaycan cəmiyyətinin kisəsindən gedir bu zaman. Amma bu tipli yanaşmalarla çox uzağa getmək mümkün deyil. Yəni hakimiyyət nə qədər öz hakimiyyətini uzatmağa çalışsa belə, dünya təcrübəsi göstərir ki, bunu davamlı təmin etmək mümkün olmur.

Turan