"Azərbaycan ən yaxşı halda Çinə, pis halda Şimali Koreyaya çevriləcək" - MÜSAHİBƏ

31-12-2017 22:35 / Bu xəbər 4729 dəfə oxundu

"Səs-küylü həbslər media ilə bağlı idi"
 
Arqument.Az-da "Bizim ekspert" rubrikasının 8-ci buraxılışının qonağı media eksperti, jurnalist Kamran Mahmudov idi.
 
Onunla Azərbaycan mediasının son bir ildəki durumunu, 2017-ci ildə mediaya basqılar, həsbslər və digər mövzuları müzakirə etdik. 

Müsahibənin tam videosunu və mətnini qısa korrektə ilə təqdim edirik: 
 


- Kamran bəy, ötən gün medianın son bir ildəki durumu ilə bağlı hesabat tipli yazı ilə çıxış etdiniz. Buraya media nümayəndələrinə qarşı təzyiqlər, həbslər, saytların bloklanması və digər məsələlər daxil idi. Necə düşünürsünüz, ölkə mediasının problemləri sadaladıqlarınızla bitir?

- Dəvətinizə görə təşəkkür edirəm. Verdiyiniz suala gəlincə, yazının içində də qeyd etmişəm ki, mediaya həmişə təzyiqlər olub. Sadəcə, bu ili (2017-ci il) əvvəlkilərlə müqayisədə medianın daha çox əziyyət çəkdiyi il kimi qiymətləndirə bilərik. Əvvəlki illərdə görürdük ki, təzyiq və basqılar total şəkildə, fərq qoyulmadan, vətəndaş cəmiyyətinin nümayəndəsi və ya müxalifət partiyasının üzvü olmasına baxmayaraq, düşüncəyə görə hər kəsə qarşı edilir. Amma 2017-ci ildəki statistikaya baxsaq, görərik ki, daha çox həbsə atılanlar jurnalistlərdir. 

Demirəm ki, başqa sahələrdə vəziyyət yaxşılaşıb. Əsla. Bunu demək istəmirəm. Sadəcə, həbs və basqıların daha çox jurnalistlərin üzərində fokuslandığını görürük. Doğrudur, vətəndaş cəmiyyətinin də problemləri həll olunmayıb, bu il müxalifət partiyalarından da inzibati həbslər çox oldu. Payızda mitinq öncəsi 70-dən, bəzi məlumatlara görə 100-dən çox vətəndaşın polisə çağırılması, hədələnməsi, bir neçəsinin inzibati həbs alması, işdən çıxarılması faktları var idi. Amma geniş səs-küy doğuran həbslər media nümayəndələri ilə bağlı oldu. 

Baxın, yanvar ayında bloger Mehman Hüseynov saxlanılır və inzibati qaydada cəzalandırılır. Mart ayında isə məhkəmə zalında həbs edilərək 2 il azadlıqdan məhrum edilir. 

Ardınca mayın 2-də "Kanal13" internet televiziyasının Bakıdakı rəhbəri Əziz Orucov barədə 30 günlük inzibati həbs qərarı çıxarılır. İyunun 1-də isə qərar dəyişdirilərək 4 aylıq həbs qətimkan tədbiri ilə əvəzlənır. Dekabrın 15-də məhkəmə Əziz Orucovu 6 illik həbsə məhkum etdi.  

Əslində, Əziz Orucovun həbsi ilə ölkədə daha bir İnternet TV-nin Kanal13 internet televiziyasının fəaliyyəti dayandırıldı. 

May ayında jurnalist Əfqan Muxtarlı Gürcüstandan oğurlanaraq Bakıya gətirilir və barəsində 4 ay həbs qətimkan tədbiri seçilir. Bu həbs dünyaya səs salır. Hazırda da Əfqan Muxtarlının məhkəməsi davam edir. Və böyük ehtimalla Əfqan Muxtarlıya minimum 7-8 il iş kəsəcəklər. 

Bundan başqa, elə may ayında 5 saytın bloklanması barədə rəsmi qərar verilir. Belə ki, məhkəmə qərarı ilə Azərbaycanda "azadliq.org", "azadliq.info", "azerbaycansaati.com”, "Turan" TV və "Meydan" TV saytlarına giriş bloklanır. 

Məhkəmə 5 sayta girişi məhdudlaşdırmaq barədə qərar çıxarsa da, ölkədə girişi məhdudlaşdırılan saytların sayı çoxdur. Məsələn, abzas.net, criminal.az və digər bir neçə sayta ölkədən giriş məhdudlaşıdırılıb. 

Avqust ayında "Turan" İnformasiya Agentliyinə qarşı cinayət işi açılır. Daha sonra Mehman Əliyev həbs olunur. Düzdür, sonda onu buraxdılar və cinayət işinə xitam verildi, amma bu da mediaya ciddi basqı kimi qiymətləndirilməlidir. Əslində, buradada məqsəd göz qorxutmaq, xof yaratmaq idi.

İyulda məhkəmə "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində 3 il 3 ay həbs hökmü çıxardı. "Azadlıq" qəzetinin fəaliyyəti dayandırıldı. Düzdür, sentyabrın 15-də məhkəmə qərarı dəyişdirərək Faiq Əmirlinin həbsini şərti cəza ilə əvəzlədi. Amma onun və qəzetin üzərində basqılar hələ də qalır. 

Fikrət Hüseynli məsələsi də bu kontesdə qiymətləndirilməlidir. Bilirsiniz ki, Azərbaycan hakimiyyəti İnterpol vasitəsilə onu axtarışa verib. Onu Ukraynada saxlamışdılar. Baxmayaraq ki, jurnalist artıq Niderland vətəndaşıdır. Yalnız beynəlxalq təşkilatların işə qarışmasından sonra çox çətinliklə onu həbsdən çıxarmaq mümkün oldu. 

Xədicə İsmayılın bank hesblarına yenidən əl qoyulub. Beynəlxalq təşkilatların verdiyi mükafatları ala bilmir. Guya Azadlıq Radiosunun vergi borcuna görə onun hesablarına qadağa qoyulub. 

Mənim özümü iyul ayında 8 saat saxladılar. Amma heç bir qurum saxlanmağımla bağlı məsuliyyəti üzərinə götürmək istəmir, bir-birilərinin üzərinə atırlar. Hələ də saxlanmağımın səbəbi bilinmir. Hazırda iş məhkəmədədir. 

Bir neçə jurnalistin ölkədən kənara çıxışı məhdudlaşdırılıb, bəzilərinin bank hesabları bloklanıb, bəziləri məhkəmə qərarı ilə cərimələnib, bir neçəsini prokurorluq çağırıb dindirib, bir neçəsi isə ölkədən getmək məcburiyyətində qalıb və s. Düzdür, mən hamını bura aid etmək istəmirəm, çünki bir çoxları müxtəlif bəhanələrlə ölkəni tərk edib. 

- Mediaya basqıların ardıcıl xaraket daşımasının səbəbi nədir? 

- Deyir, görünən dağa bələdçi lazım deyil. Bu il prezident 255 jurnalisti mükafatlandırdı. Onları evlə təmin etdi. İllərdir, Azərbaycanda bu siyasət davam edir. Onlar istəyirlər ki, jurnalistləri əllərində cəmləşdirsinlər və tənqidçi jurnalistlər olmasın. Kimlər ki ipə-sapa yatmır, təndiqlərini davam edir, əsl jurnalistika ilə məşğul olmaq istəyirlər, onlar ya həbsə atılır, ya da hər hansı bir formada basqı və təzyiqlərə məruz qalırlar. 

- Bu gün Azərbaycanda media sanki partizan hərəkatı rolunu oynayır. Müstəqil saytlar bloklanır, demək olar ki, az sayda müstəqil media orqanı qalıb. Əsas informasiya ötürücüsü isə sosial şəbəkələrdir. Sizcə, əgər sosial şəbəkələr olmasa, mənzərə necə olacaq? 

- Sosial şəbəkələr olmasa, Azərbaycan ən yaxşı halda Çinə, ən pis halda Şimali Koreyaya çevriləcək. Bilirsiniz ki, Çində də sosial şəbəkələr qadağandır. Amma orada fərqli bir mühit var. Yəni Çində azad iqtisadi şərait olduğundan insanlar öz vəziyyətlərindən o qədər də narazı deyillər. Düzdür, hüquq və azadlıqlar sahəsində orada da xeyli problemlər mövcuddur.  Ancaq ən azından insanlar dolana bilirlər və ona görə də əhali o qədər də sosial şəbəkələrin olmamasını hiss etmir. Amma Azərbaycanda vəziyyət belə deyil. Sakinlər dərdlərini mediaya deyirlər, media da məlumatları verə bilmir. Nəticədə insanlar sosial şəbəkələrə üz tuturlar. Doğru deyirsiniz, sanki media partizan rolunu oynayır və bu nə vaxta qədər davam edəcək, bunu da demək çətindir. Ümid edək ki, 2018-ci il mediamız üçün düşərli il olacaq. 

- Yeri gəlmişkən, 2018-ci ildən gözləntləriniz nədir? 

- Doğrusu, mən hər il bu sözləri deyirəm; insanlarımız, hakimiyyət və elə müxalifətin özü də başa düşəcək ki, aynaları qrımaqla, sındırmaqla, yığışdırmaqla problemləri həll etmək mümkün olmayacaq. Problemlər qalır, qaldıqca böyüyür və daha böyük fəsadlara yol açır. Aynaları, sadəcə, görmək, təmizləmək və onlara baxmaq lazımdır. Bu, bir növ onlara öz işlərini görməkdə köməkçi olacaq. Ümid edirəm ki, 2018-ci ildə bunu başa düşəcək və tənqidçi, özünü ifadə edən insanların üzərinə hücuma keçməyə fokuslanmayacaqlar. 

Şəmşad Ağa
Arqument.Az