Azər Mehtiyev: “Dövlətin elmə ayırdığı vəsaitlər ÜDM-in 0.2%-dən də aşağıdır”

Azər Mehtiyev: “Dövlətin elmə ayırdığı vəsaitlər ÜDM-in 0.2%-dən də aşağıdır”

25-07-2018 19:34 / Bu xəbər 4614 dəfə oxundu

Rusiya Ali İqtisadiyyat Məktəbi elmi tədqiqat və ixtiralara ən çox vəsait ayıran ölkələrin siyahısını açıqlayıb. 

2016-cı ilin göstəricilərini əhatə edən reytinq cədvəlini Statistik Tədqiqatlar və İqtisadi Biliklər İnstitutu hazırlayıb.

Siyahıya ABŞ başçılıq edir. 

Bu ölkə 2016-cı ildə elmi tədqiqat və kəşflərə ümumilikdə 511,1 milyard dollar xərcləyib. 

Reytinq cədvəlinin ikinci pilləsində 451,2 milyard dollarla Çin, üçüncü pilləsində 168,6 milyard dollarla Yaponiya qərarlaşır. 

Elmi tədqiqat və kəşflərə çəkilən xərclərin həcminə görə ilk onluqda sonrakı sıralama belədir:

Almaniya – 118,5 milyard dollar
Cənubi Koreya – 79,4 milyard dollar
Fransa – 62,2 milyard dollar
Hindistan – 50,1 milyard dollar
Böyük Britaniya – 47,2 milyard dollar
Braziliya – 41,1 milyard dollar
Rusiya – 39,9 milyard dollar.

Azərbaycan həmin siyahıda yer almasa da bildirək ki, 2018-ci il üçün ölkədə elmə ayrılan vəsait 128.1 mln. manat təşkil edir. 

Bəs, görəsən, həmin vəsait elmin inkişafı üçün yetərlidirmi? 

Mövzu ilə əlaqədar Toplum TV olaraq iqtisadçı- ekspert Azər Mehtiyevdən müsahibə aldıq. 

-  Azər bəy, 2018-ci il üçün ölkədə elmə ayrılan vəsait 128.1 mln. manat təşkil edir. Sizcə, bu vəsait hara gedir? 

- Bəli, 2018-ci il dövlət büdcəsindən "Elm xərcləri”nə 128.1 mln. manat ayrılması nəzərdə tutulub. Bunun nə demək olduğunu müqayisədə göstərmək üçün deyə bilərik ki, bu, 2018-ci il üzrə ümumi dövlət büdcəsi xərclərinin cəmi 0.55%-i, il ərzində gözlənilən ÜDM-in isə yalnız 0.18%-i qədər deməkdir. Yenə müqayisə üçün deyim ki, dövlət büdcəsindən elmə ayrılan xərclərin məbləği 2005-ci ildə 28.8 mln. manat, 2010-cu ildə 92.8 mln. manat, 2015-ci ildə 113.2 mln. manat, ötən (2017-ci) ildə isə 109.8 mln. manat olub. Göründüyü kimi, bu xərclərin mütləq məbləği 2005-ci illə müqayisədə 2010-cu ildə 3.2 dəfə, 2017-ci ildə isə 3.8 dəfə artıb. Dövlətin büdcədən elmə ayırdığı vəsait 2017-ci ildə 2010-cu illə müqayisədə 18.3% çox olsa da, 2015-ci illə müqayisədə 3% az olub. Lakin dövlət büdcəsindən elmə ayrılan vəsaitin mütləq məbləğinin belə artmasına rəğmən, həmin xərclərin dövlət büdcəsinin ümumi xərclərindəki payı, habelə illik ÜDM-ə nisbəti bu dövr ərzində azalıb: dövlətin elm xərclərinin ümumi dövlət büdcəsi xərclərindəki payı 2005-ci ildə 1.3% olduğu halda, 2010-cu ildə 0.8%, 2015-ci ildə 0.64% səviyyəsinə düşüb, 2018-ci ildə isə 0.55% səviyyəsində proqnozlaşdırılıb. 

Yaxud dövlət elm xərclərinin ÜDM-ə nisbəti 2005-ci ildə 0.23% olduğu halda, 2017-ci ildə 0.16% səviyyəsində olub. Artıq yuxarıda qeyd etdiyimiz kimi, 2018-ci ildə isə 0.18% səviyyəsində olması nəzərdə tutulur. Halbuki elmin inkişafını xüsusi diqqətdə saxlayan bütün ölkələrdə (məsələn, İsrail, Finlandiya, Cənubi Koreya, İsveç, Yaponiya, ABŞ və başqaları) dövlət tərəfindən elmə ayrılan vəsait üçün dövlət büdcəsinin xərclərinə, yaxud ÜDM-ə nəzərən sabit normativ (məsələn, dövlət büdcəsi xərclərinin 3-5%-i qədər yaxud ÜDM-in 1 və ya 2 %-i qədər və s.) müəyyən edilir. Bu halda dövlət büdcəsinin xərcləri yaxud ölkənin ÜDM-i artdıqca, elm xərcləri də uyğun olaraq artır. 

Elmə ayrılan vəsaitin necə istifadə olunması ilə bağlı sualınıza cavabda 2 məsələyə diqqət yetirməliyik: birincisi, vəsait necə (yəni hansı qurumlar arasında) bölünür? ikincisi, vəsait nə qədər səmərəli istifadə olunur? Hökumətin məlumatına əsasən, dövlət büdcəsindən 2018-ci ildə elmə ayrılan vəsaitin 119.0 mln. manatı (yaxud 93.0%-i) fundamental elmin inkişafına, qalan 9.0 mln. manatı isə ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlara ayrılması nəzərdə tutulur. Fundamental elmə ayrılan vəsait 12 qurum arasında bölünür. Bu vəsaitin 81.4 mln. manatı Azərbaycan Milli Elmlər Akademiyasına, 12.3 mln. manatı Kənd Təsərrüfatı Nazirliyinə (onun elmi-tədqiqat institutlarına və s.), 4.85 mln. manatı Milli Arxiv İdarəsinə, 4.2 mln. manatı Müdafiə Sənayesi Nazirliyinə, 4.0 mln. manatı Azərbaycan Respublikası Prezidentinin yanında Elmin İnkişafı Fonduna, 3.98 mln. manatı Ədliyyə Nazirliyinə, 2.2 mln. manatı Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinə, 2.0 mln. manatı "Azərbaycan Milli Ensiklopediyası” Elm Mərkəzinə, 1.0 mln. manatı İqtisadiyyat Nazirliyimə (onun nəzdində olan elmi tədqiqat institutuna), 0.8 mln. manatı Təhsil Nazirliyinə, qalanı isə başqa qurumlara ayrlır. 

Sadaladıqlarımızdan da aydın olur ki, vəsaitin əksər hissəsi mövcud elmi-tədqiqat institutlarının və mərkəzlərinin saxlanılmasına istifadə olunur. Belə ki, dövlət büdcəsindən elmə ayrılan bütün vəsaitin 76.5 mln. manatı (yaxud 59.7%-i) əmək haqqının ödənilməsinə, 26.7 mln. manatı (20.8%-i) malların (işlərin, xidmətlərin) satın alınmasına (yəni həmin təşkilatların kommunal, ofis, dəftərxana, nəqliyyat və s. kimi cari xərclərinin ödənilməsinə), 6.2 mln. manatı subsidiya və cari transferlərə, 1.9 mln. manatı təqaüd və sosial müavinətlərə, 12.4 mln. manatı digər xərclərə, 4.4 mln. manatı isə maddi texniki təminat və əsaslı təmirə yönəldilməsidir. 

-  Bəs bu vəsaitin effektlivliyini siz necə dəyərləndirirsiniz? 

-  Elmə yönəldilən vəsaitin effektivliyi həm onun yetərliliyi, həm də nəticəliliyi baxımından qiymətləndirilə bilər. "Azərbaycanda elmə ayrılan vəsait yetərlidirmi?” sualının hələlik birmənalı cavabı "yetərli deyildir” kimidir. Təsəvvür edin ki, ölkədə elmi sahədə çalışanların orta aylıq nominal əmək haqqı 370 manat civarındadır ki, bu da ölkə iqtisadiyyatı üzrə orta göstəricinin 70 faizi qədərdir. Hələ bu, ortalama göstəricidir. Əgər elmi sahədə çalışanların daha çox hissəsinin aldığı əmək haqqı məbləğini götürsək, onda əksəriyyətinin əmək haqqının 250 -300 manat aralığında dəyişdiyini görərik. Aydındır ki, elmlə ciddi şəkildə məşğul olmaq üçün demirəm, heç normal şərtlərdə də mövcud olmaq üçün belə əmək haqqının yetərli olmadığını söyləmək olar. Yaxud beynəlxalq müqayisələri götürsək, məlum olur ki, elmin inkişafına xüsusi diqqət ayıran ölkələrdə illik elm xərcləri ölkənin ÜDM-nin 2-4%-I qədər olur. Məsələn, UNİCEF-in məlumatına əsasən, hələ 2012-cı ildə bu göstəricinin səviyyəsi İsraildə 4.4%, Finlandiyada 3.9%, Cənubi Koreyada 3.7%, İsveçdə, Yaponiyada 3.4%, ABŞ-da 3% və s. olub. Düzdür, həmin ölkələrdə bu vəsaitin əksər hissəsi qeyri-dövlət kanalları vasitəsilə elmə yönəldilir. Bu ölkələrdə dövlətin elm xərcləri adətən ÜDM-in 1%-i qədərdir. Amma yuxarıda dediyimiz kimi, Azərbaycanda dövlətin elmə ayırdığı vəsaitlər ÜDM-in 0.2%-dən də aşağıdır. Qeyri-dövlət kanalları ilə elmə vəsaitin ayrılması sistemi isə ölkədə hələlik geniş yayılmayıb. Şirkətlərin xətti ilə elmin maliyyələşdirilməsində daha fəal olan qurum SOCAR-dır (bu şirkət geniş şəbəkələnmiş elmi-tədqiqat institutları şəbəkəsinə malikdir) ki, o da dövlət şirkətidir. Son illər ayrı-ayrı dövlət qurumları (nazirliklər və s.) və bəzi beynəlxalq təşkilatlar tərəfindən  elmi layihələrə qrant vəsaiti ayırsalar da, hələlik bu geniş miqyas almayıb. 

Elmə ayrılan vəsaitin effektivliyini nəticəlilik baxımından qiymətləndirdikdə isə bir qədər fərqli mənzərənin şahidi oluruq. Ölkəmizdə elmin maliyyələşdirilməsi hələlik keçmiş sovetdənqalma mexanizmlərə söykənir. Yəni dövlətin (yaxud dövlət qurumlarının) elmi-tədqiqat institutları mövcuddur, orada çalışanlar var, buna görə də həmin müəssisələrin mövcudluğu saxlanmalıdır. Bu müəssisələrin əksəriyyətində elmi araşdırmalar formal xarakter daşıyır, şöbələr özləri üçün araşdırma problemləri və mövzuları müəyyən edir. Sonra guya həmin problemlərin araşdırmaları ilə məşğul olur, hər ilin sonunda da formal hesabatlar ortaya qoyurlar. Hətta bu məsələlər ətrafında yenə də formal xarakter daşıyan elmi konfranslar və müzakirələr təşkil olunur, məqalələr yazılır və s. Amma belə araşdırma və müzakirələr ciddi elmi çəkiyə malik olmur, elmin inkişafına heç bir töhfə verə bilmir. Bu onu göstərir ki, ölkədə nə dövlətin, nə də özəl sektorun (bütövlükdə iqtisadiyyatın) elmi araşdırmalara ciddi tələbatı ortada yoxdur. Paradoksa baxın ki, ölkə iqtisadiyyatında ciddi problemlərin yaşandığı halda, yeniliklərə, innovasiyalara real tələbat meydana  çıxmır. Əlbəttə, bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır. 

Hazırda dövlət elmi müəssisələri müəyyən miqdarda maliyyələşdirməklə, bir tərəfdən, iş yerlərini qoruyub saxlamış olur ki, insanlar işsiz qalmasın; digər tərəfdən isə, orada çalışanları müəyyən qədər vəsaitlə təmin etməklə sosial narazılığı nəzarət altında saxlaya bilir. Yəni iqtisadi dillə desək, hazırda elm adamlarına verilən əmək haqqı və ödənişlər onların elmi işinin qiyməti kimi yox, əsasən "sosial narazılığı nəzarətdə saxlamanın dəyəri”, bir hissəsi isə "siyasi loyallığın yaxud dəstəyin dəyəri” kimi çıxış edir. 

Amma bununla belə, ölkədə elmi dərəcələrin və elmi adların alınmasına marağın da kifayət qədər olduğunu görürük. Bu daha çox elmi dərəcələrin və elmi adların verdiyi imtiyazlarla bağlıdır. Elmi dərəcə və adlar vəzifə pilləsində yüksəlmək, əmək haqqını artırmaq, imic formalaşdırmaq, müəyyən güzəştlər əldə etmək və başqa formalarda fürsətlər yarada bilir. 

Elm sferasında və elmin maliyyələşdirilməsində ciddi islahatlara ehtiyac var. Əlbəttə ki, əksəriyyəti sovet dövründən qalmış bu elmi müəssisələrin birdəfəlik ləğv edilməsi kimi radikal addımlar (belə təkliflər çox səslənir) ciddi sosial narazılıqlar yarada bilər. Buna görə də bu sahədə islahatlar ciddi yanaşma tələb edir: islahatlar mövcud elmi potensialın məhv edilməsinə yox, onun canlandırılmasına, fəallığının artırılmasına və real elmi nəticələrə istiqamətləndirilməlidir. Bunun özü ayrıca bir müzakirə mövzusudur. 

- Hazırda Azərbaycanda hansı sahələrdə elmi araşdırmalara ehtiyac var? Hansı istiqamətlərdə elmi tədqiqatların maliyyələşdirilməsinə üstünlük verilməlidir? 

- Elmi araşdırmalara ehtiyacımız çoxdur. Dünya təsərrüfatına səmərəli inteqrasiya oluna bilən və  müstəqil dövlətçilik tələblərinə cavab verən iqtisadiyyatın qurulması, qlobal və geopolitik müstəvidə baş verən dəyişikliklərə uyğun siyasətin qurulması, milli təhlükəsizlik tələblərinin ödənilməsi, dünya iqtisadiyyatının və biznesin perspektiv inkişaf istiqamətləri, davamlı inkişafın təmin edilməsi, texnoloji geriliyin aradan qaldırılması və insan kapitalının inkişafı və digər bu kimi müasir dövrün mühüm çağırışlarına cavab verə bilən elmin qurulması ölkə elminin qarşısında duran mühüm vəzifələr sırasındadır. Amma ehtiyacın olması hələ elmə real tələbin formalaşması demək deyil. Elmi araşdırmalara olan tələb həmin ehtiyacların real olaraq maliyyələşdirilməsi istənilən və mümkün olan hissəsini əhatə edir. Ölkədə elmi araşdırmalara tələb dövlətin və iqtisadiyyatın mövcud reallıqlarından yaranır. Bazar rəqabəti elmi və bazar araşdırmalarına tələb yaradan ən vacib mexanizmdir. Təəssüf ki, ölkə iqtisadiyyatında rəqabət mühiti olmadığından hazırda bizim müəssisə və təşkilatların elmi araşdırmalara, yeniliklərin yaradılmasına və tətbiqinə böyük tələbi ortada yoxdur. Yəni ölkədə formalaşmış bazar quruluşu hələlik elmi araşdırmaların inkişafına ciddi təkan vermək iqtidarında deyil. Dövlətin elmi hansı əsaslarla maliyyələşdirilməsi haqqında yuxarıda danışdıq. Eyni zamanda ölkə elminin gələcək inkişafı ilə bağlı ciddi şəkildə işlənilmiş strateji bir yanaşma da ortada yoxdur. Dövlətin elmin hansı sahələrini, niyə, hansı müddətlərdə və nə qədər maliyyələşdiriləcəyi, bunun müqabilində əldə etmək istədiyi nəticələrin nədən ibarət olacağı belə strateji yanaşmalar əsasında müəyyən edilə bilər. Elmin kommersiyalaşdırılması məsələsi gündəmdə olmalıdır. Yəni dövlət əsasən fundamental elmi tədqiqatları və iqtisadiyyat üçün çox əhəmiyyətli, amma böyük vəsait tələb edən tətbiqi tədqiqatların maliyyələşdirilməsində iştirak edə bilər. Elmi araşdırmaların, xüsusilə kommersiya xarakterli elmi araşdırmaların maliyyələşdirilməsində, tətbiqi əhəmiyyətli yeniliklərin yaradılmasında və tətbiqində biznesin iştirakının genişlənməsinə nail olmaq zəruridir. Kommersiya baxımından bilik və texnoloji intensiv sahələrə biznes, maliyyə və informasiya sahələri aiddir ki, məhz bu sahələrdə biznesin geniş iştirakı mümkündür. Fundamental elmin inkişafı, təhsil və səhiyyə sahəsində elmi araşdırmalar dövlətin maliyyələşdirəcəyi məsələlərə aiddir. Bununla yanaşı, elmi araşdırmalara beynəlxalq təşkilatların da vəsaitləri cəlb edilə bilər. Dünyada ayrı-ayrı elmi problemlərin araşdırılmasına qrant vəsaiti ayıran minlərlə qurumlar var. Bizim elmi müəssisələrimiz həmin vəsaitləri cəlb etmək istiqamətində işlərini gücləndirməlidirlər. Qeyd etmək lazımdır ki, bu istiqamətdə ayrı-ayrı uğurlu işlər artıq ortada var. 

- Elmin inkişafı dedikdə ilk ağlımıza gələn ixtiradır. Bu, yeni-yeni fikirlərin ortaya atılması, həmin ixtiraların dəstəklənməsi, maliyyələşməsi və praktikaya tətbiq edilməsi deməkdir. Sizcə, ölkəmizdə ixtiralara kifayət qədər vəsait yatırılırmı? 

- Elmi fəaliyyətin nəticələri belə araşırma və tədqiqatların ölkə və dünya elminin, habelə ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfə ilə qiymətləndirilir. Bunun göstəriciləri elmi araşdırmalara beynəlxalq səviyyəli elmi nəşrlərdə çap olunan məqalələr, onlara olunan istinadlar, alınan beynəlxalq mükafatlar və sertifikatlar, ölkədə tətbiq olunan innovasiyaların sayı və bunların gətirdikləri faydalar, ÜDM artımında elmi araşdırmaların rolu və s. kimi indikatorlardır. Yeri gəlmişkən. ABŞ Milli Elm Fondu hər iki ildən bir ölkədə elmin vəziyyətini 42 müxtəlif indikator üzrə qiymətləndirib xüsusi hesabat hazırlayır və konqresə təqdim edir. Və bunun əsasında elmin inkişafı istiqamətləri üzrə qərarlar verilir. 

Demək istədiyim budur ki, elmin inkişafını xarakterizə edən göstəricilər çoxdur. Amma təbii ki, burada ixtiralar mühüm rol oynayır. Özü də söhbət hər cür ixtiralardan yox, məhz tətbiq olunan ixtiralardan gedir. Elmimizdə keçmiş sovetlərdən qalma bir mənfi irs də  ixtira və yeniliklərin yaradılmasına və qeydiyyatdan keçirilib patent alınmasına rəğmən, onların praktik tətbiqinə yetərli diqqətin ayrılmaması ilə bağlıdır. Elmin kommersiyalaşdırılması dedikdə məhz yaradılan ixtira və yeniliklərin tətbiqi və ondan real faydanın əldə edilməsi başa düşülür. 

Ölkə elminin vəziyyətini əks etdirən rəsmi statistik məlumatlara və hesabatlara baxanda deyə bilərik ki, əslində ölkəmiz elə də zəif olmayan elmi və yaradıcı potensiala malikdir. Lakin mövcud elmi potensialın tam reallaşması baş vermir: qeydiyyatdan keçirilən ixtira və yeniliklərin tətbiqi səviyyəsi çox aşağıdır. Belə ixtira və yeniliklərin tətbiqinə bazar tələbinin formalaşdırılması istiqamətində ciddi institutsional dəyişikliklərə ehtiyac var. Bunun üçün biznes mühitinin təkmilləşdirilməsi, rəqabət mühitinin təmin edilməsi və elmin inkişafı institutlarının yaranmasına və inkişafına zəruri şərait yaradılmalıdır. Elmin və elmi araşdırmaların inkişafını təmin edən institutların yaranması qısa müddətdə baş verən bir proses deyil. Bu, zaman, ciddi çalışmalar və resurs tələb edən bir prosesdir. Resurs deyəndə yalnız maliyyə deyil, həm də elmi kadrların hazırlanması nəzərdə tutulur. Həm də belə institutların fəaliyyəti şəffaflıq, nəticəlilik, hesabatlılıq, iştirakçılıq və sair kimi yaxşı idarəetmə prinsipləri əsasında qurulmalıdır.

Məsələn, hazırda ölkəmizdə elmin inkişafını stimullaşdıran Azərbaycan Respublikası yanında Elmin İnkişafı Fondu, SOCAR-ın Elm Fondu və Elmi Tərəqqi Fondu kimi təsisatlar fəaliyyət göstərir. Bu fondlar elmi layihələrin maliyyələşdirilməsinə qrant vəsaitləri ayırır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2010-cu ildən bəri müxtəlif layihələrin maliyyələşdirilməsinə 35 mln. manatdan çox vəsait ayırıb. bu layihələrin real nəticələri – həm sırf elmi, həm də ölkə iqtisadiyyatına töhfəsi baxımından – nədən ibarət olması barədə hesabatlar ortada var mı? Bu qurumların qrant müsabiqələri nə qədər açıq və şəffaf keçirilir? Bu sualların cavabları hələlik açıq qalır. 

- Müasir dövrümüzdə ABŞ və Qərb ölkələri elmlə təhsilin vəhdətini çoxdan gerçəkləşdirmiş, ali məktəblərdə güclü beyin mərkəzləri və intellekt mühiti yarada bilmişlər. Bu təcrübə Azərbaycanda tətbiq edilə bilərmi? 

- Bu təcrübə mütləq şəkildə ölkəmizdə tətbiq edilməlidir. Universitetlərin tədris və elm mərkəzləri kimi formalaşması elmin kommersiyalaşdırılmasının mühüm mexanzimlərindən biridir. Bunun üçün universitetlərin bizneslə, sənaye ilə əlaqələri gücləndirilməlidir. Amma bu ölkədə ilk növbədə rəqabətli sənayenin yaradılmasını, habelə univesitet təhsilinin bazar tələblərinə uyğunlaşdırılmasını tələb edir. Son illər ölkədə elm, sənaye və texnologiya parklarının yaradılması istiqamətində təşəbbüsləri və atılan addımları alqışlamaq olar. Amma proseslərin belə gedişi qısa zamanda ciddi uğurlu nəticələrin əldə ediləcəyinə ümid bəsləməyə əsas vermir. Bu proseslərdə hələlik sırf məmur yanaşması üstünlük təşkil edir. Habelə mövcud proseslər oliqarx-məmur maraqları çərçivəsində aparılır: rəqabətin genişləndirilməsi yox, inhisarçı qrupların möhkəmləndirilməsi baş verir. 

Universitetlərin real tədris və elm mərkəzlərinə çevrilməsi üçün daha bir vacib məsələ akademik azadlıqların və ifadə azadlığının təmin edilməsidir. Hazırda universitetlərdə gedən elmi müzakirələr əksər hallarda formal xarakter daşıyır. Elm adamları bir-birinin işlərinə tənqidi yanaşma nümayiş etdirə bilmirlər. Siyasi və ideoloji məhdudiyyətlər elmin imkişafına ciddi məhdudiyyətlər yaradır. Bu cür problemlərin sayını artırmaq olar. 

Başqa bir məsələ universitetlərin hazırladıqları kadrların peşə-ixtisas tərkibinin və səviyyəsinin mövcud və yaxın perspektivdə gözlənilən bazar tələblərinə nə dərəcədə cavab verməsidir. Bu sahədə də ciddi islahatlara və dəyişikliklərə ehtiyac var.

Samirə Əliyeva
Toplum.Tv