Azadlıq da təcrübədir...

Azadlıq da təcrübədir...

12-03-2019 15:29 / Bu xəbər 196 dəfə oxundu

Erkin Qədirli

Dövlət universitetlərində rektorların Prezident tərəfindən təyin olunması təcrübəsi arzu olunan deyil. Universitetlərin, adlarına uyğun, özlərini idarə bilməsi önəmlidir. 

"Universitet" sözü Latınca "universitas magistrorum et scholarium" söz birləşməsinin qısaldılmasıdır. Bizim dilə çevirəndə, "müəllimlərin və tələbələrin birliyi" alınır. 
Özünüidarəedəbilənliyin göstəricilərindən biri - rektorların universitetlərin özləri tərəfindən seçilməsi, ya da muzdla işə götürməsidir. Amma bunun üçün buna uyğun keçilimiş yoldan asılılıq olmalıdır.

Qərbdə universitetləri kilsə qururdu. Təhsil və elm bütövlüklə kilsənin əlində idi. Kilsə universitetləri maliyyələşdirirdi, elmi araşdırmaları sifariş edirdi və s. 17-ci yüzilllikdə dövlətlər təhsili və elmi kilsənin əlindən almağa girişdilər. Bacarmadılar. Kilsə hələ çox güclü idi. Üstəlik, təhsili və elmi idarə etmək üçün dövlətlərin nə təcrübəsi vardı, nə nüfuzu. 

Universitet qurmaq üçün yetərincə güclü olmadıqlarını görəndən sonra, dövlətlər akademiyaları yaratmağa başladılar. Akademiya - elmi klublar rolunu oynayırdı. Akademiyalarda dövlətdən maaş alan alimlər, kilsənin nəzarətindən çıxaraq, istədikləri məsələləri öz aralarında müzakirə edə bilirdilər. 

18-ci yüzillikdə dövlətlər özlərinə aid universitetləri yaratmağı bacardılar. Həmin dönəmdən başlayaraq, təhsil və elm sahəsində dövlət kilsəni üstələməyə başladı. Dövlət universitetləri kilsə universitetlərindən daha çox yaradıcılıq azadlığı, daha çox qazanc imkanı verirdilər.

İqtisadiyyatda özəl bazar münasibətlərinin payı artıdqca, sənayedə özəl təşəbbüslərə və biliklərə ehtiyac gücləndikcə, dövlət universitetlərinin imkanları, özəlliklə maliyyə imkanları, eləcə də prestiji azaldı. Özəl universitetlər yüksəlmyə başladı. 

Vaxtilə kilsə universitetlərilə dövlət universitetləri arasında yaranmış nisbət, bu dəfə dövlət universitetlərilə özəl universitetləri arasında yarandı. Özəl universitetlərində akademik azadlığı və maliyyə imkanları daha çox oldu. Amma indi də universitetlər bazarın basqısıyla qarşılaşırlar. Buradan necə çıxacaqlarıya bağlı çeşidli gümanlar var, burada uzatmaq istəmirəm.

Sözümün canı odur ki, Qərbdə universitetlərin inkişafı, başqa şərtlərlə yanaşı, "kilsə-dövlət-bazar" qarşıdurmaları hesabına mümkün olmuşdur. Bizdə bu qarşıdurmaların heç birisi olmayıb. Bizdə universitetləri dövlət qurub və qurduğu andan özünə tabe etdirib. Universitetlərimizin dövlətsiz var olmaq və inkişaf etmək kimi bir keçilmiş yoldan asılılığı yoxdur. 

Özəl bazar münasibətlərinin və onları qorumalı olan hüquq təsisatlarının çox zəif olması ucbatından, bizdə özəl universitetlər güclü ola bilmədi. Bütün bunların nəticəsində, universitetlərimizin, hətta hökumətin və ya sistemin dəyişəcəyi təqdirdə, yaxın gələcəkdə gerçəkdən müstəqil ola biləcəyini gözləmək doğru olmazdı. Azadlıq da təcrübədir, keçilmiş yoldan asılılıq tələb edir. Bu təcrübəni yaratmaq gərəkdir.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.