Azadlığa çıxan məhbus məhkəmədən qaçırıldı

Azadlığa çıxan məhbus məhkəmədən qaçırıldı

23-02-2018 11:32 / Bu xəbər 2168 dəfə oxundu

"Böyük qızım o gün məhkəmədə... Allah heç kimin övladına yaşatmasın. İki dəqiqə içərisində sevinib, məhv oldu”.

19 fevralda Nərimanov rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalından azadlığa buraxılan Türkiyə vətəndaşı Ayhan Seferoğlu arxa qapıdan qaçırılıb. Bunu xanımı Fidan Səfəroğlu iddia edir. Türkiyədə çevrilişə cəhd etməkdə ittiham olunan Fətullah Gülən və onun tərəfdarlarının cinayət işinə Ayhan Səfəroğlunun da adı daxil edilib. Ankara şəhərinin 2-ci Sülh Cəza Məhkəməsi onun haqqında həbs qərarı çıxarıb və Azərbaycan hüquq-mühafizə orqanlarından xahiş edib ki, Türkiyə vətəndaşını onlara təhvil versinlər. 8 fevralda Nərimanov rayon Məhkəməsi Ayhan Seferoğlu barədə 40 günlük həbs-qətimkan tədbiri seçib. Apellyasiya Məhkəməsi də qərardan verilən şikayəti təmin etməyib. Daha sonra Nərimanov rayon prokuroru Vüqar Əliyev Türkiyə vətəndaşına qarşı seçilən həbs-qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə təqdimat göndərib. Məhkəmə Ayhan Səfəroğlunun azadlığa çıxmasına qərar versə də, o, azadlığa çıxmayıb.

"İclas qapalı keçirildiyinə görə bizi içəri buraxmadılar. Biz qapıda gözləyirdik. Bizim vəkilimiz Zaur Niftəliyev çıxdı, qərarı göstərdi ki, yoldaşın azadlığa buraxıldı, həbs qərarı ləğv edildi. Biz orada çox sevindik, amma yoldaşım gəlmədi. Daha sonra da yoldaşımın aqibətindən heç bir xəbər ala bilmirəm. Harada olduğunu, necə olduğunu bilmirəm. Bizimlə gələn bir dostumuz bayıra çıxmışdı. O görüb ki, yoldaşımı göy rəngdə FİAT Doblo 10 PL 017 qeydiyyat nişanlı avtomobillə naməlum istiqamətə aparıblar”- Fidan Səfəroğlu deyir.

Ayhan Seferoğlu 1973-cü il təvəllüdlüdür. Türkiyənin Ərzurum şəhərində anadan olub. 1995-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Daha sonra Türkiyəyə gedib və evləndikdən sonra yoldaşının istəyi ilə Bakıya gəlib. İki il Çağ Öğretim İşletmeleri məktəbində dərs deyib. "İstək” Liseyinin Baş İdarəsində işləyib. 2012-ci ildən isə ticarətlə məşğul olub.

"Onların ittiham elədiyi silahlı terror təşkilatı ilə mənim heç bir bağlantım yoxdur. Mənə dünən polisdə deyirlər ki, yoldaşının varı idi, sənin xəbərin yoxdur. Varsa onu tapıb gətirib mənə göstərsinlər. Əgər mənim yoldaşımın Azərbaycanda cinayət xarakterli hansısa bir əməli varsa, hamıdan əvvəl mən istəyəcəm ki, götürün bu insanı cəzası nədirsə, verin. Çünki mənim yoldaşım mənə görə Azərbaycandadır. Mən Azərbaycan vətəndaşıyam deyə o mənə görə oturum alıb burada yaşaya bilir. Mən bu məsuliyyəti daşıyıram”.

Dövlət Miqrasiya Xidmətinə, Nərimanov rayon Məhkəməsinə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edən Fidan Seferoğluna yoldaşını gördüm deyən olmayıb. 20 fevralda ona zəng edən şəxs yoldaşının İstanbulda olduğunu deyib.

"Tanımadığım nömrədən whatsapp nömrəmə mesaj gəldi ki, Fidan xanım, sizin yoldaşınız İstanbulda, polisdə saxlanılır. Daha sonra səsli mesaj göndərdi ki, həmin şəxs də orada olub. Yoldaşım ona nömrəmi verib, xahiş edib ki, mənə xəbər versin. Mənə dedi, təcili pul çatdırın, çünki neçə gündür yemək yemirik”.

Yoldaşının Türkiyədə olduğu deyilir, amma onun xarici pasportu, Azərbaycanda yaşamaq icazəsi olan sənədi evdədir. O, rəsmi orqanlardan yoldaşının harada olması ilə bağlı xəbər verilməsini istəyir. Və bir də maraqlanır ki, məhkəmə qərarı olmadan əri niyə Türkiyəyə təhvil verilib? Aidiyyatı qurumların heç biri onun suallarına hələ ki, cavab verməyib.

"Mənim yoldaşımın azadlığa buraxılması üçün Avropa İnsan Haqları Məhkəməsinə, Avropa Parlamentinə müraciət etmişdim. Onlar mənə dedilər ki, biz Azərbaycan hökumətinə sorğu göndərmişik. 19 fevral Fransa vaxtı ilə saat 2-yə qədər Azərbaycan o sorğuya cavab verməlidir. Mənə elə gəlir ki, o sorğuya cavab vermək üçün bu insanı azadlığa buraxıb qeyri-qanuni yollarla "yox elədilər”. Demək üçün ki, bizim türmələrdə, təcridxanalarda belə bir məhbus yoxdur”.

Hüquqşünas Yalçın İmanov bildirir ki, məhkəmə qərarı olmadan şəxs başqa ölkəyə ekstradisiya oluna bilməz. Bu əməl Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə adam oğurluğu sayılır. Şəxsin xanımı Dövlət Miqrasiya Xidmətini məhkəməyə verə bilər.

Dövlət Miqrasiya Xidmətindən, Daxili İşlər Nazirliyindən zənglərimizə cavab verən olmadı.

Fidan Səfəroğlu deyir ki, eyni gündə Binəqədi rayon Məhkəməsində eyni ittihamla saxlanan Erdoğan Taylanı azadlığa buraxsalar da, məhkəmə çıxışından qaçırıblar. Yaxınları onun haqqında məlumat ala bilmirlər. Fidan Səfəroğlu isə yoldaşının oğurlanmasına görə Dövlət Miqrasiya Xidmətini məhkəməyə verəcəyini bildirir. Bir tərəfdən də 3 uşağını sakitləşdirməyə çalışır ki, ataları sağ-salamatdı və qayıdacaq.

"Kiçik oğlumun 5 yaşı var. Hər gecə səhərə qədər ağlayır. Səhərə qədər” atam haradadır, atam nə vaxt gələcək, niyə gəlmir, o məni sevmirmi, məni sevsəydi, gələrdi” kimi cümlələr istifadə edir. Mən ona nə deyəcəyimi bilmirəm. Azərbaycan dövlətinin hansısa bir orqanları məni bu vəziyyətə niyə saldılar?! Mənim övladlarımın gələcəyi ilə niyə oynayırlar?!”///meydan.tv