Azad Həsənov aclıq aksiyasına başladı

Azad Həsənov aclıq aksiyasına başladı

09-01-2019 18:28 / Bu xəbər 2038 dəfə oxundu

Bakı Apellyasiya Məhkəməsi müsavatçı fəal Azad Həsənovun ev dustaqlığına buraxılması ilə bağlı vəkilin verdiyi vəsatəti təmin etməyib.

Bu barədə Azad Həsənovun vəkili Osman Kazımov məlumat yayıb.

"Bakı Apellyasiya Məhkəməsi Azad Həsənov barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verdiyim vəsatətin təmin edilməməsinə dair Xətai rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan etdi", - vəkil deyib.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından ailəsi ilə birgə mühacirətdədir,  2016-cı ilin yanvar ayından Litvada siyasi sığınacaq alıb.

O, oktyabrın 11-də mühacirətdə olduğu Litvadan ağır vəziyyətdə olan atasını görmək üçün Bakıya qayıdıb və bundan bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Müsavat Partiyası Azad Həsənova qarşı ittihamın uydurma olduğunu bəyan edib.
 
Arqument.az